Elmar Məmmədyarov Aİ rəsmisilə görüşüb Siyasət

Elmar Məmmədyarov Aİ rəsmisilə görüşüb

XİN rəhbəri Ermənistanın təxribatları barədə məlumat verib

Xarici işlər naziri Elmar Məmmədyarov Bazeldə keçirilən ATƏT XİN Şurasının 21-ci iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son durumu haqqında fikir mübadiləsi aparıblar.
Həmçinin, Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikanın iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş təxribat xarakterli hərbi təlimlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər münaqişənin həlli istiqamətində əldə olunmuş müsbət meyllərə mənfi təsir etdiyi qeyd edilib.
Aİ ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən nazir, quruma üzv bir sıra ölkələr ilə Azərbaycanın münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və Aİ ilə də münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını qeyd edib.