“Ərdoğanın İlham Əliyevi “Böyük İyirmilər”in zirvə toplantısına dəvət etməsi...” Siyasət

“Ərdoğanın İlham Əliyevi “Böyük İyirmilər”in zirvə toplantısına dəvət etməsi...”

Elxan Şahinoğlu: "Türkiyə-Azərbaycan ittifaqının bir az daha güclənməsində və əsl regional ücə çevrilməsində önəmli addım sayıla bilər"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin Azərbaycanı "Böyük İyirmilər"in (G-20) toplantısına dəvət etməsini şərh edib.
Politoloq qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevi "Böyük İyirmilər"in (G-20) 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycan ittifaqının bir az daha güclənməsində və əsl regional gücə çevrilməsində önəmli addım sayıla bilər: "Məsələ burasındadır ki, 2015-ci ildə G-20-lərə Türkiyə sədrlik edəcək. Türkiyə üzv ölkələrdən başqa istədiyi bir dövləti bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir. 2013-cü ildə G-20-yə ev sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü ildə Avstraliya isə Yeni Zelandiyanı seçmişdi. Türkiyə Azərbaycanı seçib. Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərində iştirak edəcək". Onun sözlərinə görə, dünya iqtisadiyyatının 95 faizi, ticarətin 85 faizi, əhalinin isə 23 hissəsi G-20 ölkələrində cəmləşib: "Odur ki, belə bir kluba dəvət və kənardan da olsa, söz haqqına malik olmaq sıradan bir hadisə deyil. İl boyu G-20-lər çərçivəsində keçiriləcək tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən tutmuş enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək. Ən maraqlısı odur ki, Türkiyə və Azərbaycan prezidentləri bu mövzunu telefonla dekabrın 1-də müzakirə ediblər. Eyni tarixdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfər edib. Fikrimcə, bu təsadüf deyil. Türkiyə və Azərbaycan prezidentləri telefon görüşməsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu isə o deməkdir ki, bu münaqişənin həlli Ankara üçün əvvəlkitək prioritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə çatdırılıb. Digər tərəfdən Azərbaycan prezidenti Dağlıq Qarabağ problemini və bunun regional əməkdaşlığa vurduğu ziyanı G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq".

Əli