Uorlik təəssüflənib... Siyasət

Uorlik təəssüflənib...

Rasim Musabəyov: "Ermənilərlə oturub nəyisə müzakirə etməyə gündəlikdə heç bir şey yoxdur"

Arzu Nağıyev: "Elmar Məmmədyarovun görüşdən imtinası isə tam haqlı idi"

"Biz təəssüf edirik ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Bazeldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclası çərçivəsində görüş keçirə bilməyiblər".
Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib. Onun sözlərinə görə, dialoq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsas tərkib hissəsidir.
Politoloq Rasim Musabəyov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrədə birgə görüşünün baş tutmamasına münasibət bildirərkən deyib ki, ermənilərlə oturub nəyisə müzakirə etməyə gündəlikdə heç bir şey yoxdur. Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri İsveçrədə ayrı-ayrılıqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşsələr də, onların birgə görüşü baş tutmadı: "Təbii ki, bu da o deməkdir ki, ermənilərlə oturub nəyisə müzakirə etməyə gündəlikdə heç bir şey yoxdur".
ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasına da toxunan Rasim Musabəyov bildirib ki, bu iclas heç də Azərbaycan üçün uğurlu nəticə ilə yekunlaşmadı: "Onsuz da onlar hər il mütəmadi olaraq görüşürlər. Axı bu vaxta kimi onların görüşlərinin hansı faydası olub ki, bu görüşün də mühüm əhəmiyyəti olsun?"
Politoloq Arzu Nağıyev bildirib ki, ATƏT XİNŞ-nin 21-ci sessiyasında bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də gündəmə gətirildi: "Belə ki, Ukrayna böhranı, Krım məsələsi, Dnestryanı və Dağlıq Qarabağ problemləri öncəlik təşkil edən məsələlər idi. Böyük Sülh Sazişi yalnız Bazeldə yaranan müqavilə deyil, bu müqaviləyə hazırlıq prosesi gedirdi və Azərbaycan o müqavilənin şərtlərinin yerinə yetirilməsi istiqamətində işlər görüb. Qeyd edim ki, iclas zamanı bu məsələnin gündəmə gəlməsi onun ciddiliyindən xəbər verir. 20 ildən artıq davam edən münaqişənin sonlandırılması barədə düşünülür. Səsləndirilən bəyanatlardan görünür ki, bu gün sülh müqaviləsinin imzalanmasına ehtiyac böyükdür".
Onun sözlərinə görə, Uels, Rusiya, Fransada prezidentlərin görüşü artıq sülhə aparan yolun xəbərçisi idi: "Lakin Ermənistan tərəfinin hərbi təlimləri bu münaqişənin qızışmasına təkan verdi. Bu məsələ helikopterin vurulması ilə daha da gərgin hal aldı. Əvvəllər ikitərəfli görüşlər keçirən xarici işlər nazirləri bu dəfə görüşmədilər. Qeyd edim ki, bu sülh sazişinin imzalanması müəyyən şərtlərdən irəli gəlir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında gərgin olan heç bir məsələ gündəmə çıxarılmır, burada vacib olan yalnız sülhün öncəlik təşkil etməsidir".
Politoloqun fikrincə, Prezidentlərin görüşlərində artıq sülhün cücərtiləri hiss olunmaqda idi. Lakin deyə bilərik ki, bunlardan dərhal sonra Ermənistanın 27 min nəfərlik hərbi heyətlə təlim keçirməsi, ölkəmizin hava sərhədini pozması bu cücərtiləri məhv etdi: "Elmar Məmmədyarovun o görüşdən imtinası isə tam haqlı idi. Çünki boş söhbətlərlə vaxt itirmək heç də məqsəduyğun deyil. Böyük sülh sazişinin bir və ya iki gün ərzində başa gəlmədiyini bilirik. Məlum olan məqamlardan bəziləri isə artıq sülh müqaviləsinin bir neçə bəndinin razılaşdırılmasıdır. Bəs razılaşdırılmayan məqamlar nələrdir? ATƏT sədrinin sülh haqqında danışması sülhə nail olmanın cücərtisidir. Burada birinci şərt Ermənistanın işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasıdır. Ermənilər isə bunu etmir və qoşunlar bizim torpaqlarımızda ola-ola hansısa danışıqlara getmək istəyirlər. Bu Azərbaycanın razılaşmayacağı bir bənddir. Birinci şərt işğalçı qoşunların ərazilərimizi dərhal tərk etməsidir. Bu olduqdan sonra sülh haqqında danışmaq olar".

Əli