Parisdə Qarabağ məruzəsinin ilkin təqdimatı olub Siyasət

Parisdə Qarabağ məruzəsinin ilkin təqdimatı olub

Avropa Şurasının Parisdəki ofisində AŞPA-nın siyasi məsələlər və demokratiya komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AzərTAc-a müsahibəsində iclas barədə deyib: "Siyasi məsələlər və demokratiya komitəsinin iclası bizim üçün çox vacib idi. İclasda Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı məruzəçi, britaniyalı deputat Robert Valter ilkin təqdimat keçirdi və komitə üzvləri qarşısında qısa, amma çox mühüm məlumatlar verdi. O, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirdiyini diqqətə çatdırdı.
Ən əsası odur ki, məruzəçi komitə üzvlərini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü barədə məlumatlandırdı. Kasprşik bu görüş zamanı onun AŞPA-da məruzəçi kimi fəaliyyətə başlamasının Minsk qrupunda dəstəkləndiyini bildirib. Bununla da Ermənistan nümayəndə heyətinin dəfələrlə səsləndirdiyi "AŞPA Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməklə Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mənfi təsir göstərəcək" fikri tamamilə ifşa olundu. Bu, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələ idi.
Valter həm Azərbaycana, həm də Ermənistana səfər etməsinə dair planlarını açıqladı. Böyük ehtimalla onun səfəri gələn ilin fevral ayına təsadüf edəcək. Bu da özlüyündə vacib məsələdir. Erməni tərəfi istəsə də, istəməsə də işğal zonası ilə bağlı məruzənin hazırlanmasında iştirak etməlidir. Əks halda onlar özlərini bir daha ifşa etmiş olacaqlar. Əminəm ki, onlar bu fikirdən daşınıb konstruktiv təklifə öz münasibətlərini bildirməlidirlər. Bunu etmədikləri təqdirdə AŞPA-da böyük problemlərlə qarşılaşacaqlar".