“Hazırda Müsavat Partiyasında iki tərəf var” Siyasət

“Hazırda Müsavat Partiyasında iki tərəf var”

Səxavət Əlisoy: "Ancaq üçüncü tərəf də meydana gələ bilər"

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin (TK) ilk toplantısı keçirilib. Toplantının gündəliyi təşkilati məsələlər, təşkilat komitəsinin təsis konfransının çağırılmasına qədər qarşısında duran vəzifələr və cari məsələlərdən ibarət olub. İclasa sədrlik edən Vurğun Əyyubun bildirdiyinə görə, birinci məsələ üzrə TK üzvlərinin sayına dəyişiklik edilib. Müsavat Partiyası Məclisinin keçmiş katibi Arifə Hüseynli və partiya üzvü Samir Abbaslı TK-nə yeni üzv seçilib. Daha sonra TK-nin sədri vəzifəsinə Qubad İbadoğlunun namizədliyi irəli sürülüb və bu üzvlər tərəfindən yekdilliklə qəbul olunub. Qarşıda dayanan vəzifələrin daha sürətlə həyata keçirilməsi üçün TK sədrinin üç müavinin olması qərara alınıb. TK üzvləri Vurğun Əyyub, Ədalət Yusibov və Səxavət Əlisoy sədrin müavinləri seçilib. Toplantıda qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib, təsis konfransının və ya ümumi yığıncağının tezliklə keçirilməsi üçün görüləcək işlərin təxmini dairəsi müəyyənləşdirilib. Redaktələr nəzərə alınaraq qəbul üçün üzvlük anketi və ərizə forması da təsdiq edilib. Üzvlüyə qəbul üçün ilkin qaydalar müəyyənləşdirilib. TK-nın fəaliyyəti üçün əsasnamə hazırlanması qərara alınıb.
Toplantının sonunda isə cari məsələlərə baxılıb.
Vurğun Əyyub hərəkatın təsis konfransının yaxın zamanlarda keçiriləcəyini vurğulayıb.
O, həmçinin Müsavatın son mitinqinə də toxunub. Onun sözlərinə görə, adıçəkilən partiyanın bu cür azsaylı mitinq keçirməsi təəssüf hissi doğurur: "Səhv etmirəmsə, bu, Müsavat Partiyasının keçirdiyi mitinqlər içərisində say, vaxt və əhval-ruhiyyə baxımından ən zəifi idi". Onun fikrincə, mitinqin təşkilində də qüsurlar olub və təşkilatçılar bu barədə ciddi düşünməlidirlər. Vurğun Əyyub mitinqin zəif keçməsinə partiyadakı narazılıqların də təsir etdiyini vurğulayıb: "Mən mitinqdəki vəziyyətin müzakirə edilərək, bir nəticəyə gəlinməsinin tərəfdarıyam. Təbii ki, ilk baxışda görünən odur ki, partiya daxilində ciddi narazılıqların olması mitinqin əhval-ruhiyyəsinə də təsir edib. Ancaq səbəblər yalnız bu deyil".
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, indiyə qədər ən çox tənqid etdiyi siyasi təşkilat Müsavat Partiyası olub: "Müsavat Partiyasının son mitinqi də göstərdi ki, bu partiya artıq mövcud deyil, 5-10 nəfəri meydana güclə toplaya bilir".
Müsavat başqanlığına sabiq namizəd, Müsavat Partiyasının qurultayından narazı üzvlərin yaratdığı "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib kİ, hazırda Müsavat Partiyasında iki tərəf mövcuddur: "Biz hərəkat üzərində dayandıq, ancaq digər narazı üzvlər də fraksiya yarada bilərlər və beləliklə üçüncü tərəf də meydana gələ bilər". Səxavət Əlisoy qeyd edib ki, Müsavat Partiyasının qurultayında baş vermiş saxtakarlıqların aradan qaldırılması üçün mübarizələrini davam etdirəcəklər: "Ömrünün 15-20 ilini Müsavat Partiyasına həsr etmiş insanlar partiyanı asanlıqla saxtakarlara peşkəş etməyəcək. Biz ən məqbul variantlar üzərində işləyirik".
Onun sözlərinə görə, hazırda yeni yaradılmış hərəkatın təşkilatlanması istiqamətində iş aparılır: "Bu gün təşkilat kömitəsinin toplantısı keçiriləcək, bəzi məsələlər müzakirə olunacaq, təşkilat komitəsinin üzvləri qarşısında konkret tapşırıqlar qoyulacaq". Səxavət Əlisoy əlavə edib ki, artıq hərəkatın nizamnaməsi üzərində ciddi iş gedir və yaxın 10-15 gündə hərəkatın proqramı və nizamnaməsi hazır olacaq: "Biz qarşımıza məqsəd qoymuşuq ki, tam təşkilatlanma prosesini aprel ayına qədər bitirək. Ondan sonra təsis qurultayı keçirib daha geniş formatda işə başlayacağıq. Əsas hədəfimiz Müsavat Partiyasındakı saxtakarlıqları aradan qaldırmaq olacaq". Səxavət Əlisoy hərəkata digər partiyalardan olan insanların və müstəqil ziyalıların da qatıldığını bildirib.
Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı qalanların növbədənkənar qurultayla bağlı təkliflərin dəyərləndirilməsi məqsədilə yaratdıqları İşçi Qrup isə fəaliyyətini dayandırıb. Bu barədə partiya başqanlığına sabiq namizəd Tural Abbaslı məlumat verib. O, İşçi Qrupun fəaliyyətinin dayandırılmasını qrupun son iclasında partiya daxilində fraksiya yaradılması və növbədənkənar qurultayın keçirilməsi üçün Təşəbbüs qruplarının yaradılması ilə əlaqələndirib: "Təşəbbüs qrupları yaradıldıqdan sonra İşçi Qrupu fəaliyyətini dayandırmış oldu. Bu məsələdə Qubad İbadoğlu və tərəfdarlarının addımları əsas rol oynadı. Qubad İbadoğlunun hərəkat yaratdığını elan etməsi partiya daxilində narazılar arasında qeyri-müəyyənlik yaradıb. Yəni, insanlar hərəkat və partiya daxilində yaradılacaq fraksiya ilə bağlı anlaşılmaz durumdadırlar. Hərəkat yaradılması narazılar arasında bir qədər əhvali-ruhiyyəni aşağı saldı. Bəziləri düşünür ki, mübarizə partiya daxilində aparılmalıdır. Mən növbədənkənar qurultayın keçirilməsinin mümkün olmadığını düşünürəm. Qurultayla bağlı son qərarı Məclis verir. Bilirsiz ki, Məclisdə də insanların əksəriyyəti Arif Hacılının tərəfdarıdır".
Başqanlığa sabiq namizəd bildirib ki, partiya daxilində fraksiya yaradılması ilə bağlı ciddi addımlar atılacaq: "Bununla bağlı danışıqlar aparacağıq, partiyadaxili vəziyyətdən narazı qalan insanlarla görüşlər keçirəcəyik. Fraksiyanı yaratmaqda məqsəd partiyanı zəiflətmək deyil, partiya daxilində demokratiyanın bərqərar olunmasına çalışırıq. Biz partiya rəhbərliyinə şans verdik, amma vəziyyət dəyişmədi, yenə də "asarıq", "kəsərik", "boğarıq" ritorikası ilə hərəkət edirlər. Onlar bu cür davam edərlərsə, tərəfdarları fraksiyaya qoşulacaqlar. Yəqin ki, yaxın günlərdə 6-7 nəfərdən ibarət Təşəbbüs Qrupu elan edəcəyik".

Əli