Avropanın raket nəhəngi Ukrayna ilə yeni silah layihəsinə başlayıb Dünya

Avropanın raket nəhəngi Ukrayna ilə yeni silah layihəsinə başlayıb

"Storm Shadow" qanadlı raketlərinin istehsalçısı olan Avropanın MBDA şirkəti "NEPTUNE2" qanadlı raketinin işlənib hazırlanması üzrə Ukraynanın "Luç" müəssisəsi ilə əməkdaşlıq memorandumu imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə MBDA şirkəti məlumat yayıb.

MBDA və "Luç" arasındakı anlaşma memorandumu Ukraynanın artıq tanınan "Neptun" qanadlı raketinin daha da təkmilləşdirilmiş versiyası olan "NEPTUNE2" layihəsi çərçivəsində böyük məsafələrdəki hədəfləri vurmaq üçün innovativ həllər üzərində birgə işi nəzərdə tutur.

"Ukrayna şirkəti ilə uzaqmənzilli zərbə imkanları sahəsində bu növbəti əməkdaşlıq MBDA-nın Ukraynaya dəstəyinə verdiyi töhfəni vurğulayır", — deyə şirkətin bəyanatında bildirilir.

MBDA mürəkkəb raket sistemləri sahəsində Avropanın lideridir və Ukrayna tərəfindən artıq tətbiq olunan "Storm Shadow" qanadlı raketlərinin istehsalçısıdır. Şirkət müasir zərbə sistemlərinin yaradılması üçün lazımi texnologiyalara, ekspertizaya və beynəlxalq tərəfdaşlıqlara sahib olduğunu bəyan edir.

"Luç" isə mürəkkəb silah nümunələrinin layihələndirilməsi, işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşmış Ukrayna müəssisəsidir. "Neptun" raketinin tərtibatçısı məhz "Luç" şirkətidir.

Məryəm Quliyeva