Azərbaycanda bələdiyyə seçkiləri baş tutdu Siyasət

Azərbaycanda bələdiyyə seçkiləri baş tutdu

Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. APA-nın məlumatına görə, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səsverməsi üçün açılıb, səsvermə prosesi saat 19:00-da başa çatıb.
Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdirilib və ictimailəşdirilib.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 11607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb. Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq 8 siyasi partiya öz namizədlərini irəli sürüb.

MSK sədrinin mətbuat konfransı

Səsvermə başlamazdan öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, seçkilərdə ümumilikdə 37 077 namizəd qeydə alınıb: "Seçkiləri 50 mindən artıq müşahidəçi işləyəcək. Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 11607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək. Səsvermə 5015 məntəqədə baş tutacaq. Bunun 4887-si daimi, 128-i müvəqqəti yaradılan məntəqədir".
MSK sədri əlavə edib ki, şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb kameralar quraşdırılıb. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və səsverməyə start verilib.

Azərbaycan prezidenti səs verib

Seçki günü Azərbaycan prezidenti İlham Əliyev də səs verib. Prezident 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. Prezidentin xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

Saat 10:00

Seçici fəallığı saat 10:00-a 10.4 faiz olub.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib. O qeyd edib ki, saat 10:00-a qədər 4 819 382 seçicidən 501 254 nəfəri səs verib: "Seçici fəallığına görə ilk sıralarda 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan Seçki Dairəsi gəlir. Ən az seçici fəallığı isə Culfa və Şərur Seçki dairələrində qeydə alınıb. Saat 10.00-a MSK-ya 25 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlı olub. Hələlik heç bir qanun pozuntusu müşahidə edilməyib".

Saat 12:00

Bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 12:00-a 21,44 faiz təşkil edib.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.
O qeyd edib ki, saat 12:00-a qədər 4 819 382 seçicidən 1 033 210-u səs verib: "Seçici fəallığına görə qeyd olunan vaxta qədər 51 saylı Qusar və 53 saylı Quba-Qusar Seçki dairələri öndədir. Ən zəif seçici fəallığı isə Gəncədəki Seçki dairələrində qeydə alınıb. Qeyd olunan vaxta MSK-ya 50 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Hazırkı saata qədər heç bir qanun pozuntusu müşahidə olunmayıb".

Saat 15:00

Ölkə üzrə seçici fəallığı saat 15:00-a 32.44 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 563 min 357 nəfər səs verib. Ən yüksək seçici fəallığı 52 saylı Quba-Qusar, 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində, ən zəif seçici fəallığı isə Gəncə şəhərindəki 4 seçki dairəsində və 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb. Bu müddət ərzində MSK-ya 80-dan çox müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur.

Saat 17:00

Bu saata seçici fəallığı 36.38 faiz təşkil edib. MSK İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 753 min 394 nəfər səs verib. Ən yüksək seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində, ən zəif seçici fəallığı isə 26 saylı Sabunçu Birinci, 27 saylı Sabunçu İkinci, 28 saylı Sabunçu Üçüncü və 21 saylı Nəsimi Birinci seçki dairələrində qeydə alınıb. Bu müddət ərzində MSK-ya 116 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur.

Ombudsmandan açıqlama

"Bələdiyyə seçkilərində hər hansı pozuntu ilə bağlı bizə müraciət olunmayıb". Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.
Elmira Süleymanova şikayətlərin olacağını da istisna etməyib: "İndiyə qədər hansısa pozuntu hallarını müşahidə etməmişik, amma istisna etmirəm. Seçkilər bitəndən sonra belə şeylər olur. Keçən dəfə də müraciətlər olmuşdu, bunların heç biri diqqətdən kənarda qalmır. Bu müraciətlər həmin an Mərkəzi Seçki Komissiyasına göndərilir və Mərkəzi Seçki Komissiyasında lazımi tədbirlər görülür. Keçən bələdiyyə seçkiləri zamanı bir sıra seçki məntəqələrinin nəticələri ləğv olundu".
Elmira Süleymanova əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və hələlik hər hansı şikayət və ya narazılıq eşitməyiblər.
Ombudsman Elmira Süleymanova Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesinə və böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.
Elmira Sülleymanova deyib ki, əvvəllər bələdiyyələrin sayı 2500, birləşmə prosesindən sonra isə 1607 olub.
Birləşmə prosesini təqdir edən Elmira Süleymanova bildirib ki, çoxsaylı xırda bələdiyyələr praktiki olaraq azsaylı əhaliyə xidmət göstərməklə bağlı səmərəli iş apara bilməyiblər. Onun sözlərinə görə, bu bələdiyyələr icmaların problemini, maliyyə məsələlərini həll etməkdə çətinlik çəkiblər: "Burada söhbət tək maliyyədən getmir. Tez-tez eşidirik ki, gərək bələdiyyələrə dövlət tərəfindən daha çox dəstək verilsin. Əslində özünüidarəetmə bunu tələb etmir. Aktiv, səriştəli bələdiyyələr sübut etdi ki, əgər bələdiyyənin işi düzgün qurulursa, bələdiyyənin sədri kifayət qədər səriştəlidirsə, işi bacarırsa və icma çox tələbkardırsa, bələdiyyənin fəaliyyəti uğurlu olur. Xüsusən icma tələbkar olmalı, icmadan toplanan vəsaitlərlə bağlı bələdiyyələrdə şəffaflığın təmin edilməsinə çalışmalıdır".
Böyük şəhər bələdiyyələrin yaradılmasının nə dərəcədə zəruri olub-olmadığı barədə sualı cavablandıran Elmira Süleymanova qeyd edib ki, bunu zaman göstərəcək: "Hər halda bütövlükdə bələdiyyə sistemi özünü doğruldandır. Məsələn, başqa ölkələrə, şəhərlərə baxsaq, belə qurumlar var. O bələdiyyələrdə də hər şey bələdiyyənin başında olan insanlardan və əhalinin aktivliyindən asılıdır. Şərt deyil ki, hər bir şəhərdə böyük şəhər bələdiyyəsi olsun. Amma olan yerdə, gərək səviyyəli olsunlar, bələdiyyənin vəzifələrini, qanunları yaxşı bilsinlər. Hər şeydən əvvəl insanlarla ünsiyyətdə olsunlar, hər bir kəs üçün əlçatan olsunlar, insanlar təkliflərini verə bilsinlər".

Mətbuat Şurası: "Qaynar xətt"-ə müraciət daxil olmayıb
Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqi aparıb. Mətbuat Şurasından verilən xəbərə görə, bu məqsədlə MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən – "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar. Hər hansı neqativ cəhət qeydə alınmayıb.
Səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.