Uorlikdən yeni ildə köhnə açıqlama... Siyasət

Uorlikdən yeni ildə köhnə açıqlama...

Vəfa Quluzadə: "Uorlikin Qarabağ məsələsinin həll olunmasına bu dərəcədə əminliklə yanaşmasının səbəbləri var"

Elman Nəsirov: "2015-ci ildə Ermənistandan münaqişənin həlli ilə bağlı pozitiv nə isə gözləmək çox müşkül məsələdir"

Elşən Musayev: "2015-ci ildə mövcud problemin həlli ilə bağlı hansı hadisələrin baş verəcəyini qabaqcadan planlaşdırmaq çətindir"

"2015-ci il Dağlıq Qarabağ üçün sülh və uzunmüddətli tənzimlənmə ili olmalıdır". Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb. "Zorakılığın bərpası məsələnin həlli deyil", - deyə, Uorlik qeyd edib.
Uorlik "uzunmüddətli tənzimləmə" ifadəsi ilə nə demək istəyir və 2015-ci ildə problemin həlli ilə bağlı gözləntilər nədən ibarətdir?
Politoloq Vəfa Quluzadə Uorlikin bu cür münasibət sərgiləməsinə belə aydınlıq gətirib: "Cənab Uorlikin Qarabağ məsələsinin həll olunmasına bu dərəcədə əminliklə yanaşmasının səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, 2015-ci ildə Rusiya imperiyası çökəcək və bu çöküş də Qarabağ məsələsinin sülh yolu ilə tezliklə həll edilməsinə imkan verəcək. Yoxsa, Qarabğ məsələsinin başqa yolu yoxdur. Digər tərəfdən, Rusiya Azərbaycana təzyiq göstərmək üçün qoşunların təmas xəttində ermənilərin vasitəsilə müxtəlif provakasiyalar təşkil edir. Bu təhlükənin mövcudluğu Uorliki narahat edir".
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov isə "artıq xeyli müddətdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Böyük Sülh Sazişi"nin hazırlanması məsələsi aktuallaşıb",- deyə bildirib. Onun sözlərinə görə, ötən ilin avqust ayının 10-da Rusiya prezidenti Vladimir Putinin, ardınca NATO-nun Uels sammitində ABŞ Dövlət Katibi Con Kerrinin, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşkil etdiyi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında "Böyük Sülh Sazişi" ilə bağlı məsələ xüsusi diqqət mərkəzində saxlanılıb: "Xüsusilə Paris danışıqlarında Fransa prezidenti Fransua Olland bu məsələ üzərində dayandı və onun vacibliyini qeyd etdi. Amma, hadisələrin sonrakı gedişi onu göstərdi ki, Ermənistan tərəfi sanki ATƏT-in Minsk qrupu həmsədrlərinin bu bəyanatlara uyğun əməli addımlar atmayacaqlarının fərqindədir. Yəni, Ermənistan tərəfi dəfələrlə şahidi olub ki, sülh danışıqlarını pozduğuna və ya sülh danışıqlarını pozmaqla bağlı müxtəlif təxribatlara əl atdığına görə cəzaya məruz qalmayıb. Buna görə, Ermənistana münasibətdə heç bir təzyiq və təsir mexanizmləri işə salınmayıb. Yəni, Ermənistanla beynəlxalq münasibətlər sisteminin "ərköyün uşağı" kimi davranılıb. Ona görə də işğalçının hərəkətlərində daha uzağa getmək, beynəlxalq hüququ qulaq ardına vurmaq, ayaq altına atmaq tendensiyası daha da yüksəlib. Hesab edirəm ki, Ermənistan tərəfi bütün bunlardan nəticə çıxarıb və belə qənaətə gəlib ki, "Böyük Sülh Sazişi"nin tərtibi ilə bağlı danışıqlar getsə də, bundan öncə, 2007-ci ildə Madrid Prinsiplərini, 2009-cu ildə Yenilənmiş Madrid Prinsiplərini qulaq ardına alanda hansı cəzaya məruz qaldım ki, bundan sonra Ermənistana hər hansı bir cəza, təzyiq mexanizmləri olsun. Beləliklə, münaqişənin həllinə cavabdeh olanlar, beynəlxalq hüququn keşiyində duran tərəflər sözdə başqa bir şey, əməldə isə fərqli addım atdıqlarından Ermənistan qarşı heç bir təzyiq mexanizmləri yaratmadıqlarından işğalçı ölkədə münaqişəyə qeyd etdiyim yanaşma tərzi formalaşıb. Ona görə də aqressiv hərəkətlərini davam etdirir. Hesab edirəm ki, danışıqlar prosesinin dalana dirənməsi və nəticəsizliyinə görə, ilk növbədə məsuliyyət Ermənistanın, eyni zamanda ona havadarlıq edən dövlətlərin, ATƏT-in Minsk qrupu həmsədrlərinin və bütövlükdə beynəlxalq ictimaiyyətin üzərinə düşür. Çünki, onlar işğalçılığa qarşı ən yaxşı halda kənardan müşahidəçi statusunda prosesləri izləyirlər. Bu isə 2014-cü ili münaqişənin həlli prosesində uğursuz il kimi tarixin yaddaşına yazdı".
E. Nəsirov qeyd edib ki, 2015-ci ildə Ermənistandan münaqişənin həlli ilə bağlı pozitiv nə isə gözləmək çox müşkül məsələdir: "Çünki, 2015-ci ildə Ermənistan qondarma "erməni soyqırımı"nın yüz illiyinə hazırlaşır və hesab edirəm ki, bu il münaqişənin həlli reallıqları baxımından uğurlu il hesab oluna bilməz. Ona görə də Ermənistandan heç bir konstruktiv addım gözləməyə dəyməz. Ancaq, bu vəziyyətdən yeganə çıxış yolumuz ölkə başçısı İlham Əliyevin də bildirdiyi kimi yalnız güclənməkdən keçir. Yalnız bu yolla biz Ermənistanı sülhə gətirə bilərik. Bu halda beynəlxalq hüquq, beynəlxalq təşkilatlar bizi müdafiə edəcək".
Politoloq Elşən Musayev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda verilən mesajların Ermənistanda böyük narahatçılıqla qarşılanması təbii ki, Azərbaycanın günü-gündən artan qüdrətinin göstəricisidir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daima ikili standartlardan çıxış edir: "Azərbaycan hakimiyyəti heç bir zaman beynəlxalq təşkilatların saxta vədlərinə inanmır və bu məsələni sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə həll etməyə çalışır. Lakin tam əminliklə demək olar ki, diplomatik danışıqlar yolu ilə bu problemin həlli məsələsi uzansa, Azərbaycanın qüdrətli ordusu müharibə yolu ilə öz əzəli və əbədi torpaqlarını işğaldan azad etmək qüdrətindədir. 2015- ci ildə məsələnin müharibə yolu ilə həlli məsələsi bir o qədər real görünmür. Ancaq Azərbaycanın hərbi qüvvələrinin hər keçən gün daha da güclənməsi bu məsələnin tezliklə həll olunacağına əminlik yaradır. Bu, artıq hər kəsə bəllidir ki, Ermənistanın arxasında çox güclü təşkilatlar dayanır, ancaq Azərbaycanın bugünkü inkişaf səviyyəsi istənilən halda bu problemin həll olunmasına zəmin yaradır. Daima öz maraqlarını güdən beynəlxalq təşkilatlardan məsələnin həlli yönündə hər hansı bir demokratik addım gözləmək düzgün deyil. 2015-ci ildə mövcud problemin həlli ilə bağlı hansı hadisələrin baş verəcəyini qabaqcadan planlaşdırmaq çətindir. Lakin əminliklə deyə bilərəm ki, Azərbaycan hakimiyyəti getdikcə müharibə variantına yaxınlaşır. Hesab edirəm ki, Azərbaycan bütün hallarda öz torpaqlarını geri qaytarmaq əzmindədir".
Millət vəkili Fərəc Quliyev "istərdim ki, Dağlıq Qarabağ məsələsilə bağlı iqtidarla müxalifət arasında Milli Məclisdə dinləmələr olsun və burada bütün güc nazirlikləri iştirak etsin",- deyə bildirib. Onun fikrincə, bu il qəbul olunması nəzərdə tutulan layihələr əslində təqdim olunub. Amma başqa təkliflər də ola bilər: "Burda əsas məqsəd isə Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyinin mövqeyini bilməkdir. Ölkədə iqtidarla müxalifət arasında dialoq başlayıb. Ortaq bir memorandum hazırlanmalı və Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır. O da Dağlıq Qarabağ məsələsinin həllini nədə görməyimizlə bağlı olmalıdır. Sevindirici haldır ki, Dağlıq Qarabağ məsələsinin həlli yolunda iqtidarla müxalifət arasında fərqlilik görünmür. Ana prinsip olaraq həll yolunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürük. Elə bir memarandum hazırlaya bilərik ki, həm müxalifət iqtidarın məsələni fərqli şəkildə həll etməyəcəyinə, həm də iqdidar müxalifətin bundan sui-istifadə etməyəcəyinə əmin olsun. Həm də xaricdən basqılar olanda iqtidar deyə bilsin ki, qərarı bir tək olaraq verməyib. Müxalifətlə də danışmaq lazımdır. Bu yeni ildə danışıqlarda ölkəmizə hər hansı basqılar olarsa, vəziyyətdən çıxmalıyıq. Azərbaycan daha gözləyə bilməz, bu məsələni savaş yolu ilə olsa da həll etməliyik. İkinci bir tərəfdən, istərdim ki, Azərbaycan büdcəsi neftin hesabına formalaşmaqdan daha çox, qeyri-neft sektoru hesabına formalaşan büdcəyə çevrilməlidir. Bu yolla da normal şəkildə iqtisadiyyatın diversifikasiyasına nail olaq. Çünki, siyasi təzahürlərlə neftin qiymətinin düşməsilə bağlı Azərbaycan anormal vəziyyətlə üzləşməsin. Rusiyadan qayıdan soydaşlarımızla bağlı olaraq da qanun layihəsi qəbul olunmalıdır ki, onlar Azərbaycan iqtisadiyyatına inteqrasiya olunsunlar. Bu istiqamətdə müzakirələrin olmasını arzulayıram. Gürcüstanlı soydaşlarımızın ölkəmizə gəlib-getməsilə də əlaqədar olaraq miqrasiya qanununda qanunun qəbulu lazımdır ki, ikili vətəndaşlıq olmasa da, hər hansı statusla onlar əcnəbilərdən fərqlənsinlər. Arzulayıram ki, müəllim və həkimlərin əmək haqlarının artırılması istiqamətində də yenilik etmək imkanlarımız olsun. Minimum əmək haqqına da düzəlişlər olmalıdır. Bu sadaladığım məsələlər içərisində Qarabağ məsələsi üzrə dinləmələrin keçirilməsini daha önəmli sayıram".

Əli