“Beynəlxalq təşkilatların cavablarını mətbuata verəcəyəm” Siyasət

“Beynəlxalq təşkilatların cavablarını mətbuata verəcəyəm”

Əli Həsənov: "Qoy, dərc olunsun və ictimaiyyət görsün ki, beynəlxalq təşkilatlar nə işlə məşğuldur"

Arzu Nağıyev: "Girovların azad edilməsi üçün təsirli tədbirlər görülməlidir"

Asim Mollazadə: "Beynəlxalq təşkilatlar vətəndaşlarımızın qeyri-şərtsiz azad edilməsi ilə bağlı Ermənistan hakimiyyətinə tələblərlə çıxış etməlidirlər"

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb. Bəyanatda Dilqəm Əsgərov və Şahbaz Quliyevin 2014-cü ilin iyulunda saxlanılması və mühakimə edilməsi öz əksini tapıb. Bəyanatın mətni ATƏT-in Minsk qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara göndərilib. Bəyanatda deyilir: "Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması gedişini diqqətlə izləyən Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu təəssüflə qeyd edir ki, ötən 2014-cü il münaqişənin nizama salınması və onun məlum, o cümlədən humanitar nəticələrinin aradan qaldırılması baxımından dönüş ili olmayıb. Beynəlxalq Fond 2014-cü ilin iyulunda baş vermiş və münaqişənin gedişində siyasi-təbliğatı maraqlar məqsədilə insan faciəsindən necə istifadə olunduğunu bir daha təsdiqləyən hadisəyə diqqət yetirilməsini zəruri hesab edir. Təşkilat xatırladır ki, işğal olunmuş Kəlbəcər rayonunda əzizlərinin məzarlarını ziyarət etmək qərarına gəlmiş üç azərbaycanlı vətəndaş 2014-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Müxtəlif işgəncələrə məruz qalmış bu vətəndaşlardan biri – Həsən Həsənov həlak olub, digər iki nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz məhkəməyə cəlb ediliblər. Beynəlxalq Fond həmçinin xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822-ci qətnaməsində işğal olunmuş Kəlbəcər rayonunun Azərbaycan ərazisi olduğunu təsdiqləyib və bütün işğalçı qüvvələrin bu və işğal olunmuş digər ərazilərdən çıxarılmasını tələb edib. Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası bütün Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən ciddi narahatlığını ifadə edib. İşğal günündən 20 ildən artıq keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə üç digər qətnaməsinə məhəl qoymamaqda davam edir və onun silahlı qüvvələri hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisindədir ki, bu da Ermənistanın öz qanunsuz işğalının nəticələrini möhkəmləndirmək siyasəti yeritdiyini təsdiqləyir".
Qeyd edək ki, bu məsələdə beynəlxalq təşkilatların sərgilədiyi mövqe Azərbaycan ictimaiyyətini qane etmir.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik: "Dünyada elə bir mühüm beynəlxalq təşkilat qalmayıb ki, Azərbaycan hökuməti adından ora müraciət göndərməyim". Ə. Həsənov artıq bütün beynəlxalq təşkilatlardan müraciətlərə rəsmi cavab gəldiyini bildirib. "Mən həmin cavabları ictimaiyyətə açıqlamırdım, gözləyirdim ki, hamısından cavab gəlsin. Həmin cavabların içərisində beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər, bəzilərində isə məsələyə müsbət yanaşmalar var. Bəzi təşkilatlar məsələyə formal, bürokratik şəkildə yanaşıb, bəzi təşkilatlar baş verənlərə görə üzr istəyib, bəziləri isə məsələyə obyektiv yanaşaraq ermənilərin bu əməllərini həqiqətən də pisləyərək, qanunsuz hesab etdiklərini bildirib. Ermənilərin bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də var. Həmin cavabları bu günlərdə mətbuata verəcəyəm. Qoy, dərc olunsun və ictimaiyyət görsün ki, beynəlxalq təşkilatlar nə işlə məşğuldur. Mən həmişə deyirəm ki, əksər beynəlxalq təşkilatlar bəzi dövlətlər tərəfindən yaradılıb ki, öz işini rahat şəkildə görsün. Təəssüflər olsun. Həmin təşkilatlar bizim girovlarla bağlı məsələyə biganə yanaşırlarsa, ən yaxşı halda üzr istəyirlərsə, onda belə təşkilatlar kimə lazımdır? Beynəlxaq təşkilatların hər birinin vəzifəsi var və onu icra etməlidilər. Təəsüflər olsun ki, onlar həmin vəzifələri ya icra etmir, ya da icra edə bilmirlər".
Ə. Həsənov girovluqda olan D. Əsgərov və Ş. Quliyevi torpağını, vətənini, xalqını sevən insanlar adlandırıb: "Onlar ölümü göz önünə alaraq, doğma yurd-yuvalarına gedirdilər, ata-babalarının məzarlarını, kəndlərini ziyarət edirdilər. Biz bununla bağlı həqiqəti bütün dünyaya nümayiş etdirdik. Ancaq ermənilər yenə də faşist əməllərindən əl çəkmirlər, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər. Erməni xalqı 100 ildir, türk genosidi ilə məşğuldur. Beynəlxalq təşkilatlar bölgədə dayanıqlı sülhün bərqərar olunmasını istəyir. Ermənilər isə türk dünyasından əl çəkmir, öz məqsədlərinə çatmaq üçün çirkin əməllərini davam etdirirlər. Mənə elə gəlir ki, bu əməllərə göz yuman və erməniləri açıq şəkildə müdafiə edən beynəlxalq təşkilatlar bizim girovlarla bağlı məsələnin də müsbət həllinə kömək etməyəcəklər. Son 20 ildə apardığımız müşahidələrdən belə nəticəyə gəlmək olar ki, ermənilər xalqımıza qənim kəsilib, bizə qarşı düşmənçilik mövqeyindən əl çəkmirlər. Beynəlxalq təşkilatlar isə tələb edir ki, bölgədə dayanıqlı sülh olsun. Hesab edirəm ki, bunun bir yaxşı yolu var. Ermənilər bu bölgədəki ölkələrlə qonşuluq edə bilmirlər. Rusiyanın uzaq Şərq hissəsi, Sibir çöllərində boş sahələr çoxdur, erməniləri köçürsünlər ora. O zaman bu bölgədə dayanıqlı sülh bərqərar olacaq".
Baş nazirin müavini vurğulayıb ki, ermənilər çirkin əməllərindən əl çəkməsələr, Azərbaycan torpaqlarını və girovları düşməndən müharibə yolu ilə azad etməyə məcburdur: "Ermənilər bütün dünyaya özlərini qeyri-konstruktiv xalq kimi göstəriblər. Dünyada elə bir ölkə yoxdur ki, 4 yerdən idarə olunsun. Ermənistanı ABŞ-dakı erməni lobbisi, Rusiya, kilsə və dövlətə rəhbərlik edən faşist erməni rejimi idarə edir. Beynəlxalq təşkilatlar açıq şəkildə Ermənistanın tərəfini tutur. Ona görə də bizə özümüzdən, dövlətimizdən başqa keç kim heç nə edən deyil".
Ə. Həsənov onu da qeyd edib ki, ölkə rəhbərliyi əsir və girovluqda olan şəxslərin azad edilməsi məsələsini daim diqqətdə saxlayır: "Onlar Şuşada, bizim torpaqlarda girov saxlanılırlar. Bizim yerli QHT-lər, hüquq müdafiə təşkilatları girovlarla bağlıAvropa Şurasına, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün təşəbbüs irəli sürüblər. Biz hökumət olaraq hazırda onlara köməklik edirik. Bununla bağlı bütün hüquqi addımlar atılacaq".
Politoloq Arzu Nağıyev deyib ki, beynəlxalq təşkilatları D.Əsgərovun və Ş.Quliyevin Ermənistan tərəfindən azad edilməsi üçün təsirli tədbirlər görməyə çağırır: "Hesab edirəm ki, Ermənistanda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı həyata keçirilən "məhkəmə" qərarının bütün instansiyalardan keçməsindən sonra beynəlxalq təşkilatara müraciət etmək lazımdır". Siyasi ekspertin sözlərinə görə, həmin hadisə Azərbaycanın ərazisində olduğuna görə, onlar əsir deyil, girov sayılırlar: "Ancaq erməni tərəfi bununla razılaşmayaraq vətəndaşlarımızı hansısa cinayətdə günahlandırır və mühakimə edirlər. Düşünürəm ki, bütün bu instansiyaların hamısına onların vəkilləri müraciət edəndən sonra beynəlxalq təşkilatlara müraciət etmək olar".
Millət vəkili Asim Mollazadə deyib ki, Ermənistan əsirliyində olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanmalıdır. Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşları olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı ölkə tərəfindən girov edilib və onlarla bağlı qeyri-qanuni olaraq "məhkəmə" prosesi həyata keçirilib: "Zənnimcə, bu cür hallar bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Sözügüdən beynəlxalq təşkilatlar vətəndaşlarımızın qeyri-şərtsiz azad edilməsi ilə bağlı Ermənistan hakimiyyətinə tələblərlə çıxış etməlidirlər. Bu gün burada başlıca söhbət işğalçı ölkənin Azərbaycan ərazilərini qanunsuz olaraq zəbt etməsindən gedir. Bu mənada hesab edirəm ki, beynəlxalq təşkilatlar bu gün Ermənistanı sülhə və torpaqların azad edilməsinə məcbur etməlidirlər".

Əli