“Azərbaycana təzyiqlər Qarabağa görədir” Siyasət

“Azərbaycana təzyiqlər Qarabağa  görədir”

Qüdrət Həsənquliyev: "ABŞ-ın ölkəmizə qarşı yürütdüyü siyasətin əsasında Dağlıq Qarabağın Azərbaycandan qopardılması məqsədi dayanır"

Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib.
Tədbirdə millət vəkilləri, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə Şura sədri Azay Quliyev açılış nitqi ilə çıxış edərək deyib ki, son aylar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar: "Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı Şuraya müraciətlər daxil olub. Biz də qərara gəldik ki, Şura belə dinləmə keçirsin, ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərləri dəvət olunub. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqüssonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?"
Azay Quliyev qeyd edib ki, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəliklərini yerinə yetirib: "Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? Niyə ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar? Kozlariç, Kramer kimi keçmiş diplomatlar Azərbaycana qarşı açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər".
Azay Quliyev xatırladıb ki, Azərbaycan heç bir bloka qoşulmayıb və dövlətin siyasəti müstəqilliyin qorunmasına, milli maraqların təmin olunmasına yönəlib.
"ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, ABŞ-da milli, dini, etnik zəmində problemlər qalmaqdadır, qaradərililər 1968-ci ildə səsvermə hüququ əldə ediblər. Onun sözlərinə görə, ABŞ-da əhalinin 13 faizini qaradərililər təşkil edir və onların sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağıdır: "Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb. ABŞ daxilində son illər silah satışı artıb, bu, özünüqoruma instinktindən irəli gəlir".

Zahid Oruc qeyd edib ki, ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərilərində yaşamaqdadır: "Müsəlmanları terrorla eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlüklə həll etsin".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu, lakin bu ölkənin bir sıra QHT və insan hüquqları mərkəzinin Azərbaycanı özlərinə əsas hədəf seçdiyini söyləyib.
Politoloq Elman Nәsirov ABŞ prezidentinin özünü tamamilә korrupsiya siyasәtinә uyğun apardığını vurğulayıb: "2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 550-700 min dollar məbləğində maliyyə yardımı göstərmək lazım gəlib. ABŞ siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir".
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında xatırladıb ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada yeganə fövqəlgücə çevrilib: "Bundan sonra ölkədə başgicəllənməsi baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular".
Fərhad Mәmmәdov ABŞ-ın 45 ölkəyə hərbi müdaxilә etdiyini söyləyib: "BMT-nin Qaçqınlar üzrә Ali Komissarlığının hesabatına әsasәn 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxilәsi nәticəsindә formalaşıb".
Fərhad Mәmmәdovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişәsinin hәllindә ikili yanaşma sәrgilәyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndәrib, ATӘT-in Minsk Qrupuna tәcrübәsiz diplomatları həmsədr təyin edib, 907-ci Düzәlişi lәğv etmәyib.
Millәt vәkili Musa Qasımlı qeyd edib ki, ikili standart siyasəti ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür. O deyib ki, ABŞ BMTTəhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman edib: "Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana rəğbətin səbәbi nədir?.."
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə ABŞ-ın Azərbaycana münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb: "Devid Kramer müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi "Azadlıq" radiosunun əməkdaşlarının dindirilməsi çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, yəni deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. Mirzə Xəzər bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ "Azadlıq" radiosunun əməkdaşlarına Azərbaycan bölməsinəDağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra "Azadlıq" radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb".
BAXCP sədri qeyd edib ki, ABŞ-ın Azərbaycana münasibətini 2009-cu ildən başlayaraq dəyişib: "Barak Obama Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Azərbaycanın razılığını almaq məqsədilə Prezident İlham Əliyevi İstanbula dəvət etdi. Azərbaycanın dövlət başçısı çox doğru addım ataraq İstanbula getməkdən imtina etdi və bu hadisədən sonra sonra ABŞ-ın Azərbaycana qarşı siyasəti kəskin şəkildə siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikri cümlənin ikinci hissəsində ifadə olunur. Yəni ABŞ-ın ölkəmizə qarşı yürütdüyü siyasətin əsasında Dağlıq Qarabağın Azərbaycandan qopardılması niyyəti dayanır. Ölkəmizə qarşı təzyiqlər məhz Qarabağla bağlıdır. Digər iddialar isə sadəcə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək və bununla da Ermənistanın mövqelərini möhkəmləndirmək niyyəti ilə ortaua atılmış bəhanələrdir".
Qüdrət Həsənquliyev ABŞ-ın iradəsinə uyğun siyasət yürütməyən Suriya, İraq və Liviyanı nümunə gətirib və qeyd edib ki, Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı vəzyyət bu ölkələrdəki durumdan daha acınacaqlı olsa da Vaşinqton onun göstərişi ilə hərəkət edən Ər-Riyadı ən yüksək səviyyədə himayə edir və dəstəkləyir: "Hesab edirəm ki, siyasi məhbus olduqları iddia edilən şəxslərin azadlığa buraxılması, yaxud onlar haqqında həbs qəti imkan tədbirinin dəyişdirlməsi daha məqsədəuyğun olardı. Ölkəmiz üçün fundamental əhəmiyyət daşımayan və təhlükə yaratmayan məsələlərlə bağlı konfrontasiyaya getməyə dəyməz".
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bəyan edib ki, Azərbaycan ABŞ-la dostluq münasibətlərinin pozulmamasına çalışır, ancaq qarşı tərəfdən də səmimi münasibәt olmalıdır.
Millət vəkili Asim Mollazadə öz çıxışında dünyada ədalətin olmadığını bildirib. Onun sözlərinə görə, Fransa senatında, döyülən azərbaycanlı xanımın müdafiəsi təşkil edilməlidir: "Qondarma "soyqırımın" qeyd edilməsi üçün milyardlarla dollar pul qoyulub. Biz də bunu etməliyik. Bu gün çalışılır ki, Qarabağ münaqişəsində ermənilərin diktəsi qəbul edilsin. Bu siyasət təkcə ABŞ-da deyil, bütün Avropada aparılır. Azərbaycan da özünü müdafiə üçün lazımi addımlar atmalıdır".
Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov həmkarı Qüdrət Həsənquliyevin mövqeyini dəstəklədiyini bildirib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, beynəlxalq hüququ sayan yoxdur: "Son 25 ildə BMT-ni "cındır" kimi ayaq altına salıblar. Belə olmasaydı, o zaman BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələr icra olunardı". Araz Əlizadə ironiya ilə deyib ki, ABŞ-dan və digər xarici dövlətlərdən maliyyələşən QHT-lərə "agent" statusu verilməlidir.
Millət vəkili Elmira Axundova da öz çıxışında BAXCP sədrinin fikirləri ilə razılaşdığını bildirib: "Həqiqətən də Azərbaycana qarşı edilən təzyiqlərin əsasında Dağlıq Qarabağın ölkəmizdən qopardılması amili dayanır".

XC