“Azərbaycan uğurlara təkbaşına nail olub” Siyasət

“Azərbaycan uğurlara təkbaşına nail olub”

Azərbaycan prezidenti: "İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır"

"Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbulundan bir il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin arxasında iqtidarla xalq arasında olan birlik dayanır".
Bu sözləri Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının da uğurla icra olunacağına əminliyini bildirib. O qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: "Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqları var. 2004-cü ildən ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox geniş miqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin".
Prezident İlham Əliyev qeyd edib ki, son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni iş yeri açılıb: "Bu iş yerlərindən 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir".
O bildirib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: "Davos İqtisadi Forumu ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır. Azərbaycandan fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkmədiyi təqdirdə, bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək".
Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirildiyi son 11 ildə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub, regionlarda 41 olimpiya-idman kompleksi, o cümlədən 30 gənclər mərkəzi yaradılıb, məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib: "Ölkəmizdə tarixi, mədəni və dini abidələr bərpa olunur. Bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalıyıq və hər bir gənc bu ruhda tərbiyə almalıdır".
Prezident İlham Əliyev deyib ki, son 11 il ərzində paytaxt Bakıda və bölgələrdə böyük infrastruktur layihələr həyata keçirilib: "Son 11 ildə ümumi gücü 2400 MVt olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi Azərbaycanda bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min km yol çəkilib, 340 körpü və tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla, 6 aeroport inşa olunub. Son illər ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib".
Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qarskimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını vurğulayıb.
Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanılmasının zəruri olduğunu diqqətə çatdırıb: "Görülən işlər zamanı israfçılığa yol verilməməlidir. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınıb. Bu il məktəbləri, səhiyyə ocaqları və zəruri infrastruktur layihələrin icrası davam etdiriləcək, iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək verilməsi də prioritet sahələr sırasındadır".
Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eyni zamanda istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması barədə də tapşırıqlar verib. Ekoloji vəziyyət və turizmin inkişafından söz açan prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı əldə olunan uğurları qeyd edib: "Vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır".
Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.