“Qubad İbadoğlunun mövcud mövqeyi yalnız özünə zərər verəcək” Siyasət

“Qubad İbadoğlunun mövcud mövqeyi yalnız özünə zərər verəcək”

Mustafa Hacıbəyli: "O nə qədər ki bu cür mövqedən çıxış edəcək, o qədər də bütün pislikləri özünə yönələcək"

Qubad İbadoğlu: "Mustafa Hacıbəyli kimdir ki, mən ona cavab verim?"

Müsavatda qarşıdurma daha da güclənib. Artıq sərt ifadələr təhqir müstəvisinə küçib. Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli Qubad İbadoğlunun qarşı tərəfi kişi kimi mübarizə etmək çağırışına münasibət bildirərkən "Qubad İbadoğlunun məlum çağırışında onun nə qədər isterik vəziyyətdə olduğu aydın görünür",- deyə bildirib. Müsavat rəsmisi qeyd edib ki, əslində, Qubad İbadoğlu partiyadaxili mövqelərini itirib: "Demək olar ki, o Müsavat Partiyasındakı bütün mövqelərini itirib və tükənib. Qurultayda 200 səs yığa bilmişdisə, qurultay sonrası partiya əleyhinə apardığı siyasət nəticəsində o səsləri də itirib. Yanvarın 31-də növbəti dəfə 25-30 tərəfdarı ilə partiyanın qərargahında Müsavatın əleyhinə hədəyanalıq etməyə çalışırdı. Buna görə də onun toplantısı baş tutmadı".
Partiyanın Məclis üzvü narazı müsavatçıların partiyanın qərargahında onlara yerin ayrılmaması iddialarına da münasibət bildirib. O qeyd edib ki, qarşı tərəf sadəcə yalan danışmaqla məşğuldur: "Guya partiya rəhbərliyi onlara yer vermədiyi yalanını uydurdu. Amma bu cür yalanlarla özlərini gözdən salırlar. Biz isə bu insanlarla deyil, fəaliyyətimizi hakimiyyətə müxalif olmaqla aparmaqdayıq. Biz Qarabağda ermənilərlə kişi kimi savaşanda, Qubad İbadoğlu yanımızda yox idi".
Mustafa Hacıbəyli Qubad İbadoğlunun mövcud mövqeyinin yalnız özünə zərər verəcəyini də bildirib: "O nə qədər ki bu cür mövqedən çıxış edəcək, o qədər də bütün pislikləri özünə yönələcək".
Xatırladaq ki, Qubad İbadoğlu və onun tərəfdarı – təşkilatın qadınlar komitəsinin üzvü fevralın 2-də Müsavat Partiyasının Divanının toplantısına çağırılsa da, həmin toplantıya getməyib. O və ətrafı bunu belə izah ediblər ki, Divana çağırışları onların partiyadan çıxarılma qərarı ilə əlaqədar olub.
Müsavat Partiyasının narazılar qrupunun lideri, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) təşkilatlandıran Qubad İbadoğlu partiya Məclisinin üzvü Mustafa Hacıbəylinin onun Qarabağ savaşı zamanı ortada görünməməsi iddiasına münasibət bildirərkən deyib "Mustafa Hacıbəyli kimdir ki, mən ona cavab verim?!" "Onların hər hansı fikrinə münasibət bildirməyi özümə yaraşdırmıram!"-deyə qeyd edən Qubad İbadoğlu Mustafa Hacıbəylinin onun barəsində irəli sürdüyü istənilən ifadənin heç bir təsiri olmadığını vurğulayıb.

Əli