Ermənistan tərəfinin iddiaları əsassızdır Siyasət

Ermənistan tərəfinin iddiaları əsassızdır

Azərbaycan XİN: ""The New York Times" qəzetinin əməkdaşları Azərbaycan ərazisinə rəsmi Bakının icazəsi və Azərbaycan vizası ilə daxil olublar"

"Ermənistan tərəfinin iddia və bəhanələrinə baxmayaraq, "The New York Times" qəzetinin əməkdaşlarının Dağlıq Qarabağa səfəri Azərbaycan qanunları əsasında həyata keçirilib". Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"The New York Times" qəzeti əməkdaşlarının Azərbaycandan yox, Ermənistan mətbuatında yazıldığı kimi, işğal olunmuş ərazilərdə yaradılan separatçı rejimdən viza alması barədə məlumatı şərh edən XİN sözçüsü qeyd edib ki, bu səfər zamanı xarici jurnalistlər Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi və Azərbaycan vizası ilə daxil olublar: "Qəzet tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edilib və müraciətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və Azərbaycan Respublikasının qanunlarına hörmət edildiyi bildirilib. Bu əsasda Azərbaycan Respublikası ərazisinə daxil olmaq olmaq üçün "The New York Times" qəzetinin əməkdaşlarına viza verilib və Azərbaycan Respublikasının ərazisində, o cümlədən müvəqqəti olaraq işğal altındakı ərazilərimizdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün akkreditasiya kartı verilib. Bu səfər Azərbaycan Respublikasının qanunları çərçivəsində baş tutub".
Xatırladaq ki, yanvarın 31-də "The New York Times" qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub. Məqalədə Dağlıq Qarabağın erməni sakinləri ilə yanaşı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov və digər şəxslərdən açıqlama alınaraq Azərbaycan tərəfinin də fikirlərinə yer verilib.