Azərbaycanlı girovlarla bağlı növbəti təxribat Siyasət

Azərbaycanlı girovlarla bağlı növbəti təxribat

Dilqəm Əsgərov və Şahbaz Quliyevin apelyasiya məhkəməsi Xocalı soyqırımı qurbanlarının 23-cü ildönümü gününə təyin edilib

Erməni girovluğunda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma "apelyasiya məhkəməsinin" iclas tarixi açıqlanıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, həmin "məhkəmə prosesi" fevralın 26-da keçiriləcək. Məlumata görə, bunu Şahbaz Quliyevin "vəkili" Arkadi İsraelyan deyib.
Qeyd edək ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının 23-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri işğal olunarkən, azərbaycanlılara soyqırım baş verib.
Xatırladaq ki, 2014-cü il iyunun 29-da Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcərə gediblər. Ermənilər Həsən Həsənovu öldürüb, Dilqəm Əsgərov və Şahbaz Qyuliyevi isə girov götürüblər.
Milli Məclisin Xocalı şəhərindən olan deputatı Elman Məmmədov AzVision.az-a açıqlamasında ermənilərin bu təxribatına belə münasibət bildirib: "Axmaqlığın yekəliyinə bax! Bu bir erməni riyakarlığıdır ki, düşmən bizim girovlara vəkil tutur. Bu ağlasığmaz bir haldır".
E. Məmmədov Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma "Apellyasiya Məhkəməsi"nin Xocalı faciəsinin ildönümü günü - fevralı 26-da keçiriləcəyinə münasibət bildirib.
Millət vəkili qeyd edib ki, indi sözü beynəlxalq təşkilatlar deməlidir, görək onların vicdanları nə vaxt oyanacaq: "Heç bir hüququ olmayan, heç kəs tərəfindən tanınmayan bir qurumun saxta, cinayətkar "məhkəmə"lərinin verdikləri qərarların hüquqi əsaslarının olub-olmamasından söhbət belə gedə bilməz. Bu sadəcə olaraq ermənilərin növbəti təlxəklikləri, çıxardıqları oyundur. Onlar özlərini, qurumlarını sanki kiməsə tanıtmaq və göstərmək iddiasındadırlar. Ermənilər həmişə belə təlxək olublar.
Allahın köməkliyi ilə biz girovlarımızı öz gücümüzlə azad edəcəyik. Girovlarımızın azad edilməsi istiqamətində biz ermənilərdən heç bir müsbət addım gözləmirik. Azərbaycan tərəfi girovlarımızın azad edilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Bu gün də o müraciətlər davam etdirilir. Bizim girovlarımızın Azərbaycanda vəkilləri var. Onların azad edilməsi ilə bağlı iş Beynəlxalq məhkəməyə göndərilib. Biz beynəlxalq təşkilatlardan, BMT-nin İnsan Hüquqlarının Qorunması üzrə Komitədən, Məcburi Köçkünlərin Ali Komissarlığından, Beynəlxalq Qızıl Xaç Komitəsindən, vasitəçi rolunu oynayan, amma ermənilərlə eyni mövqeyi tutan ATƏT-in Minsk Qrupundan bu haqsızlığa, ədalətsizliyə son qoyulması istiqamətində müəyyən faəliyyətlər gözləyirik".
Qeyd edək ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma "məhkəmə"nin qərarına etiraz edərək bildiriblər ki, onlar heç-bir qanunu pozmayıblar, yalnız öz ata-baba torpaqlarını ziyarət ediblər.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qondarma "məhkəmə" prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.