Müsavatın qeydiyyatı ləğv oluna bilər Siyasət

Müsavatın qeydiyyatı ləğv oluna bilər

Qubad İbadoğlu: "Partiyada strateji düşüncə böhranı var"

Vurğun Əyyub: "Müsavat rəhbərliyi sadəcə ADR-ə qısqanclıqla yanaşır"

Müsavat Partiyasında vəziyyət kritik həddə çatıb. Yayılan məlumatlara görə, partiyada başqan Arif Hacılıya qarşı qiyam qaldırıblar. Müsavat daxilindəki mənbələrdən mətbuata ötürülən məlumata görə, Qubad İbadoğlunun partiyadan çıxarılmasından sonra İsa Qəmbərin "Arif Hacılının yanındayam", Arif Hacılının isə "Kim mənə boyun əymədi, Müsavatdan qovulacaq" bəyanatları qarşı tərəfin ciddi etirazına səbəb olub. Mənbə bildirir ki, partiya fəalları baş verənlərə etiraz olaraq təcili qurultay çağırılmasını, heç bir hüquqi əsası olmadığı halda partiyanı nəzarətə aldığına görə, İsa Qəmbərin Müsavatdan qovulmasını tələb edirlər.
Əks halda Müsavat Partiyasının dövlət qeydiyyatının ləğv olunması tələbi ilə minlərlə müsavatçının Ədliyyə Nazirliyinə müraciət edəcəyi gözlənilir.
Xatırladaq ki, belə hallarda partiya qeydiyyatının ləğvi qanunidir və bu səbəbdən Müsavatın qeydiyyatının ləğv olunacağı gözlənilir.
Qeyd edək ki, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun "Müsavatda yeni təmizləmələr olacaq. Bu gedişlə bir də görəcəklər partiyada rəhbərlikdən başqa heç kim qalmayıb" açıqlamasından sonra Müsavat rəhbərliyi ilə Qubad İbadoğlu tərəfdarları arasında qarşılıqlı replikalar davam edir. Müsavat Divanının üzvü, Partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı Qubad İbadoğlunun "təmizləmə" açıqlamsına münasibət bildirərkən deyib ki, bu iddiaların heç bir əsası yoxdur. Müsavatdan xaric edilən şəxslərlə bağlı qərar hüquqi əsaslandırılmış qərarlardır. Kim nizamnamənin konkret maddələrini pozubsa, onlar barəsində nizamnamənin tələbinə uyğun tədbir görülüb. Nizamnamə pozuntusuna yol verməyən hansısa şəxsin partiyadan xaric edilməsi halı olmayıb və ola bilməz.
Onun bildirdiyinə görə, bundan sonra kim partiya nizamnaməsini pozacaqsa tədbir görüləcək. O qeyd edib ki, hətta bəzi partiya üzvlərinə qarşı rəhbərlik kifayət qədər səbir nümayiş etdirir və güzəşt edilir:"Onlar da gərək bundan sui-istifadə etməsinlər".
Qubad İbadoğlunun əsas tərəfdarlarından olan Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə deyib ki, Qubad İbadoğlunu dəstəklədiyi üçün onu istefaya çağırırlar.
Qubad İbadoğlu yaşanan gərginliklə bağlı deyir ki, Müsavat Partiyasının hazırkı rəhbərliyinin səriştəsizliyi ucbatından partiya strateji əhəmiyyətli məsələlərə dair vahid və ardıcıl mövqe formalaşdıra bilmir. "Bizim vaxtında verdiyimiz təklifləri müzakirəyə çıxartmadan, analitik mərkəz yaratmadan və ən əsası da strateji hədəflərini müəyyənləşdirmədən siyası proseslərə qatılan hazırkı rəhbərliyin partiyanın adından sərgilədiyi və bir-birini təkzib edən açıqlamaları onu göstərir ki, partiyada strateji düşüncə böhranı mövcuddur. Parlament seçkilərinə bir gün blok şəklində qatılacağına, sabahısı gün tək gedəcəyinə, sonrakı gün bloka qoşulub-qoşulmamaq qərarının apreldə verəcəyinə dair bəyanatlar, eləcə də bir həftə əvvəl iqtidarla dilaoqa qoşulmayan, sonra isə partiyanın bu prosesdə iştirakını mümkün hesab edən açıqlamalar onu göstərir ki, şərəfli misiyası ilə tarixdə qalan 103 yaşlı partiya hazırda məfkurə üçün deyil, mənfəət naminə çalışan bir qrup intriqabaz adamaların idarəçiliyindədir"
Onu da vurğulayaq ki, Qubad İbadoğlunun ADR-lə bağlı atdığı addımların Müsavatı parçalayacağı bildirilir. Bəzi ekspertlərə görə, ADR tam formalaşandan sonra Müsavatdan ADR-ə axın olacaq. İlk növbədə Qubad İbadoğlunun tərəfdarları partiyadan istefa verib ADR-ə geəcəklər. Bu da Müsavat üçün ciddi böhrana gətirib çıxaracaq.
"Bu il əsas məqsədimiz yeni yaratdığımız "Azərbaycan Demokratiya və Rifah" Hərəkatının təşkilatlanma və şəbəkələşmə prosesini başa çatdırmaqdır. Təsis konfransına kimi Azərbaycanın ərazisinin ən azı üçdə birində təsis qruplarının yaradılmasını qarşımıza hədəf olaraq qoymuşuq", deyən Qubad İbadoğlu bildirib:"Bu o deməkdir ki, ilkin mərhələdə hədəflərimizə çatmışıq. Təşkilatlanma prosesinin 3 istiqaməti müəyyənləşdirilib. Birinci istiqamətimiz Azərbaycanın əksər ərazisində təşəbbüs qruplarının formalaşdırılmasını avqust ayına kimi yekunlaşdırmaqdan ibarətdir. İkinci istiqamətimiz şəbəkələşmədir. Bura həm gənclərin, həm də qadınların haqlarının qorunması, beynəlxalq və ictimai əlaqələrin inkişaf etdirilməsi, ictimai təşkilatlarla əməkdaşlığın qurulması məsələsi daxildir. Bu proses il boyu davam edəcək...Partiyada isə bizim hərəkat üzvlərinin nizamnamə pozuntusuna yol verdiyi halda cəzalandırılması məsələsini əsaslı olaraq bəyanat kimi səsləndirilməsi partiyanın indiki rəhbərliyinin idarəetmə prinsiplərində ayrıseçkilik etdiyini təsdiqləyən bir açıqlama oldu. Bu, həm də acizliyin göstəricisidir".
Hərəkatın təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib ki, "Müsavat rəhbərliyinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına qoşulan müsavatçılara çağırış etməsi, onları nizamnaməni pozacaqları halda partiyadan çıxarılmaqla hədələməsi anlaşılan deyil". Vurğun Əyyub qeyd edib ki, nizamnaməni pozan üzv partiyadan azad edilə bilər: "Amma Müsavat Partiyasının nizamnaməsinin pozulub-pozulmamasının ADR ilə nə bağlılığı var?"
Onun sözlərinə görə, belə görünür ki, Müsavat rəhbərliyi sadəcə ADR-ə qısqanclıqla yanaşır və nizamnaməni bəhanə edib ADR-ə qoşulan müsavatçıları partiyadan uzaqlaşdırmaq niyyətindədir: "Bu bir qədər "O olmasın, bu olsun" filmində qoçuların xorla "aç qapını, gələk səni öldürək" oxumasına bənzəyir".
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı isə Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) Qubad İbadoğlu ilə bağlı şikayətini müsbət cavablandıracağına ümid etmədiyini bildirib. T.Abbaslı partiyadan kənarlaşdırılan Q.İbadoğlunun Müsavat üzvlüyünə bərpa edilməsi ilə bağlı MNTK-ya təqdim etdiyi arayışa cavab verilmədiyini bildirib: "Bununla maraqlananda dedilər ki, arayışa baxılması üçün bir ay vaxt var. Ancaq mən istənilən halda arayışa müsbət cavab veriləcəyinə, Divanın qərarının ləğv olunacağına ümid etmirəm. Çünki qurultaydan sonra MNTK-nın bir çox qərarlarını obyektiv saymıram". O, Müsavat başqanı Arif Hacılıdan vəzifə istədiyi barədə iddialara da münasibət bildirərək bunların həqiqətə uyğun olmadığını vurğulayıb: "Mən Arif Hacılıdan heç bir vəzifə istəməmişəm. Mən vaxtilə Divan üzvü idim və başqan müavinindən heç də aşağı vəzifə tutmurdum. Divan üzvü kimi kifayət qədər təsir imkanlarına malik idim. Sadəcə olaraq, biz Arif Hacılıya koalisyon rəhbərlik qurulmasını təklif etmişdik. Partiyanın ayrı-ayrı strukturlarında bərabər təmsilçiliyin tərəfdarı olmuşuq. Bu gün də təklif edirəm ki, Arif Hacılı partiyada barışıq mühitinin yaradılmasına şərait yaratsın, konsensusa gedilsin və partiyanı bu vəziyyətdən çıxaraq".
MNTK sədri Sevinc Hüseynova isə T. Abbaslının təqdim etdiyi arayışın qeydiyyata alındığını və bununla əlaqədar araşdırma aparıldığını qeyd edib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, Müsavatda legitimlik problemi var, qurultaydan sonra bu təşkilat iki hissəyə bölünüb.Onun sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyini ələ keçirmiş qüvvələrin legitimlik məsələsi ilə partiyadaxili qarşıdurmanın yaranmasında, gərginliyin baş verməsində hakimiyyət nümayəndələrinin əlinin olması ilə bağlı səsləndirdikləri iddiaların da heç bir əsası yoxdur. "Müsavatdaxili gərginliyin, qarşıdurmanın heç bir halda hakimiyyətə aidiyyəti yoxdur. İqtidar bəyəm bunlardan xahiş edib ki, qeyri-demokratik, ədalətsiz qurultay keçirin? Xeyr!", - deyə qeyd edən YAP rəsmisi bildirib ki, adıçəkilən partiyanın son qurultayında başqanlıq seçkisi zamanı ədalətsizlik olub və ədalətsizliyin nəticəsi olaraq da Müsavat üzvləri buna etiraz edirlər. "Eyni zamanda, partiya rəhbərliyində olan şəxslər söz azadlığını, fikir plüralizmini boğur, azad fikir söyləyən insanlar partiya sıralarından çıxarılır, xaric olunur. Ona görə də neçə aydır bu partiyada bir gərginlik, qarşıdurma var. Özü də Müsavatın qurucularının böyük əksəriyyəti bu seçkiyə etiraz edir. Bunları da iqtidar öyrətməyib ki? Yəni, bunlar həmin təşkilatın qurucularıdır".

Əli