BAXCP-nin təklifi dəstəklənir... Siyasət

BAXCP-nin təklifi dəstəklənir...

Tofiq Abbasov: "Sözügedən qurum yaradılsa, ilk növbədə islamdaxili dialoq başlaya bilər"

Rəsul Mirhəşimli: "Bu qurum Yaxın Şərqdə baş verən hadisələrdə özfəaliyyət cəzavermə üsullarına münasibətini bildirə bilər"

Elşən Qaraçuqlu: "Bu, müsbət ideyadır"

Bu həftə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətində maraqlı məsələ müzakirə olunub. Və BAXCP İslam ölkələrinin aparıcı məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə ali dini qurum yaradılması təklifini verib.
Partiya hesab edir ki, İslamın müqəddəs dəyərlərinin, müqəddəs Qurani Kərimin ayələrinin terroru öz cinayətkar əməllərinin gerçəkləşdirilməsi üçün vasitə seçən bəzi dini-ekstrimist qruplar tərəfindən yanlış təfsir olunması, siyasi motivli ekstrimist dini ideologiyaların təbliği ilk növbədə İslam dininə tapınan xalqları təhlükə qarşısında qoyur, sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə yol açır. BAXCP İdarə Heyəti hesab edir ki, bu kimi halların aradan qaldırılması üçün İslam dininin təşəkkül tapdığı bütün ölkələrin aparıcı məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində daimi fəaliyyət göstərən ali dini qurum yaradılmalı, dini maarrifçilik işi gücləndirilməli, radikal ekstrimist qrupların İslam dininin yüksək mənəvi dəyərlərindən sui-istifadə etmələrinə yol verilməməlidir.
İdarə Heyəti Azərbaycan hökumətini İslam Konfransı Təşkilatanın zirvə toplantısı çərçivəsində belə bir təşəbbüslə çıxış etməyə çağırıb: "Nüfuzlu İslam alimləri tərəfindən müqəddəs kitabımız olan Qurani-Kərimin ayələrinin düzgün təfsir olunması və təbliği radikal ekstrimist qrupların bu sahədəki məqsədyönlü fəaliyyətlərini məhdudlaşdıra, İslam xalqları və dövlətləri arasında mənəvi bağları möhkəmləndirə, İslamın gerçək mahiyyətindən doğan həmrəylik və humanizm prinsiplərinin təşəkkül tapmasına yol aça bilər".
Bəs ictimaiyyət, ekspertlərin bu təklifə münasibəti necədir?
Politoloq Tofiq Abbasov bildirdi ki, belə bir qurumun yaradılmasına ehtiyac çoxdan var: "Çünki məzhəb fərqliliyi qeyri-islam qüvvələri tərəfindən müsəlman birliyində parçalanma cərəyanlarını şiddətli şəkildə qidalandırır. Ayrı-ayrı dağıdıcı hücum və fəaliyyətə müsəlman ölkələri, onların dini qurumları pərakəndə şəkildə cavab verirlər və nəticədə düşmən münasibətə mərkəzləşmiş müqavimət formalaşdırıla bilmir. Zənn edirəm ki, sözügedən qurum yaradılsa, ilk növbədə islamdaxili dialoq başlaya bilər ki, ona hazırda çox böyük ehtiyac var. Digər tərəfdən isə həmin dini təşkilatın çərçivəsində qeyri-formal diskussiya meydanı yarana bilər ki, cari şəraitdə yaranan problem və çətinliklərin elmi-tətbiqi qiyməti verilmək üçün platforma ortaya çıxa bilər.
Nəhayət, indi İslam adından dünyanın müxtəlif nöqtələrində həyata keçirilən və İslamla heç bir əlaqəsi olmayan cinayət və təxribatların qarşısı alınmaq üçün münasib ümum-islam cəbhəsi formalaşa bilər. Buna zərurət danılmazdır.
Yeni beynəlmiləl dini təsisatın olması həm də mədəni, humanitar, bir sözlə, sivilizasiyalararası problemlərə də münasibət bildirməklə qlobal gərginliyin səngiməsi işinə də yaraya bilər ki, buna da bu gün böyük ehtiyac duyulur".
İlahiyyatçı Rəsul Mirhəşimli dedi k, İslamı terrorla əlaqələndirmək ittihamları daha çox Qərbdən gəlir: "Dinimiz zorakılığı birmənalı şəkildə pisləyir. Yaradılacaq bu qurum yəqin ki, İslama qarşı irəli sürülən bu ittihamlara dini baxımdan münasibət bildirmək mahiyyəti daşıyır. Bütün hallarda məhkəməsiz və mühakmə olunmadan insana cəza verilməsi hətta şəriət dövlətlərinin heç birində yoxdur. Bu baxımdan bu qurum Yaxın Şərqdə baş verən hadisələrdə özfəaliyyət cəzavermə üsullarına da öz münasibətini bildirə bilər. Bizim üçün nümunə sevgili peyğəmbərimiz Hz.Məhəmmədin (s) həyatıdır. Məkkənin fəthi zamanı peyğəmbərimiz ona düşmən olanları nəinki cəzalandrımadı, hətta səhabələrə ağaclara belə ziyan vurmamağı əmr etdi. Təkcə bu fakt dinin düşmənçiliyə yer qoymadığını insanalara aşılayır. Amma yaradılacaq qurum Qərbin İslamı terrorla eyniləşdirmək ənənəsinə son qoya, insanları vəhşicəsinə qətlə yetirən radikal qruplaşmaları durdura biləcəkmi? Əsas sual budur".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu vurğuladı ki, ümumilikdə götürdükdə ideya və ya fikir olaraq özü-özlüyündə müsbətdir: "Amma gəlin görək həqiqətdə bu alınarmı? Şiə məzhəbinə görə hər bir insanın ayrılıqda götürdükdə təqlid etdiyi bir müctəhid, ümumilikdə isə dini lider olaraq fətvaverici bir şəxsə inancı var. Sünni təriqətində də təqribən belə bir hal mövcuddur. Belə olan halda qəbul ediləcək qərarların, şəriət baxımından veriləcək fətvaların hansı dərəcədə əhəmiyyəti və kəsəri olacaq. Elə işin ən maraqlı tərəfi də burada işlək bir mexanizmin tapılmasıdır...".
Tanınmış jurnalist Azər Həsrət dedi ki, fikir olaraq yaxşıdır: "Amma Azərbaycan bu cür məsələlərdə iştirakını yaxşı ölçüb-biçməlidir. Çünki İslam ölkələri olan ərəb dövlətlərinin çoxunun Ermənistan məsələsində mövqeyi çox zaman bizə qarşı olur. O cümlədən də onların öndə gələn elm adamlarının. Bu baxımdan məsələdən kənarda qalmamaq şərtilə diqqətli addım atılmalıdır".

Əli