“Həmişə sözün düzünü deməyə çalışmışam” Siyasət

“Həmişə sözün düzünü deməyə çalışmışam”

BAXCP sədri: "Milli Məclisdə bəzi insanlar var, sanki gözləyir Qüdrət Həsənquliyev nəsə desin, onlar da bunun əksini söyləsin"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Virtualaz.org-a müsahibəsini oxucularımıza təqdim edirik

- Qüdrət bəy, deputatlıq fəaliyyətinizi qısaca olaraq necə şərh edərdiniz?

- Ordubad-Culfa seçki dairəsindən seçilmişəm. Özüm Culfa rayonunda doğulub boya-başa çatmışam. Bu müddətdə çalışmışam ki, Ordubad və Culfanın, ümumiyyətlə, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının problemlərini mütəmadi olaraq parlamentdə qaldırım. İstər hökumətin hesabatı, istərsə də büdcə zərfinin müzakirəsi zamanı çalışmışam ki, ədalətli bölgü olsun və Naxçıvana vəsait ayrılsın. Naxçıvan inkişaf etsin, əhali oranı tərk etməsin. Naxçıvanda sovet dövrünə aid olan emal müəssisələrinin bərpasına, sənayenin inkişafına, yeni iş yerlərinin açılmasına çalışmışam. Vətəndaşların fərdi qaydada müraciətlərinə də diqqətlə yanaşmağa səy göstərmişəm. Bu müraciətlərin rayon, muxtar respublika səviyyəsində həllinə çalışmışam.

- Seçicilərinizin əsas problem və müraciətləri nədən ibarət olur?

- Əsas müraciətlər sosial məsələlərlə bağlı olur. Müraciətlərin 80-85 faizi işlə təmin olunmaqla bağlıdır. Bəzən təhsil haqqının ödənilməsi üçün də müraciətlər olur.

-Bəs sosial problemlər? Məsələn, qaz, işıq, su məsələləri…

- Bu məsələlər Naxçıvanda demək olar ki, tamamilə həll edilib. Naxçıvanın İranla anlaşması var. Buna görə də sutkanın 24 saatında ən ucqar kəndlərdə belə fasiləsiz qaz və işıq enerjisi olur. Məktəblərin təmin edilməsi ilə də bağlı müraciətlər olur. Bu məsələləri parlamentdə də qaldırıram. Ordubadda 7 məktəbin və bəzi kənd yollarının yenidən təmirə ehtiyacı var. Bu problemləri deməklə yanaşı onu da bildirim ki, Naxçıvan dövlət büdcəsindən ayrılan vəsaitdən ən səmərəli şəkildə istifadə edən bölgələrdən biridir. Rəhbərlik çalışır ki, az vəsaitlə çox iş görsün. Ancaq az da olsa öz həllini tapmayan məsələlər var. O problemlərin həlli üçün Naxçıvana investisiya qoyuluşu artırılmalıdır. Son iki ildə Naxçıvana investisiya qoyuluşu 5 dəfə azalıb. Əvvəlki illərdə qoyulan investisiya 250 milyon manat idisə, builki büdcədə bu məbləğ 50 milyon nəzərdə tutulub. 400 mindən artıq əhalisi olan muxtar respublikaya 50 milyon manat investisiya qoyulması həddən artıq azdır. Ona görə də çıxışlarımda hökuməti Naxçıvana daha böyük diqqət göstərməyə çağırıram.

- Yəqin ki, seçicilərinizdən Bakıya gəlib sizinlə görüşmək istəyənlər də olur...

- Bəli, olur. Amma mənə Bakı və ətraf qəsəbələrdən, rayonlardan da müraciətlər, şikayətlər gəlir. Mən də müvafiq dövlət qurumlarına müraciət edərək bu problemlərin həllinə çalışıram. Əsasən iş problemi ilə bağlı müraciətlər olur. Amma təəssüf ki, bu problemin həllinə həmişə nail olmaq olmur. Bu da məni çox narahat edir. Ətrafımdakılar da bilir ki, bu məsələdə əlimdən gələni edirəm. Çünki mən özüm kənd yerində doğulmuşam, çox zəngin olmayan bir ailədə böyümüşəm, imkansızlığın, işsizliyin nə olduğunu yaxşı bilirəm.

- Seçicilərinizin müraciət və şikayətləri ilə bağlı Vasif Talıbovla görüşüb Naxçıvandakı problemləri müzakirə edirsinizmi? Bu cür görüşləriniz tez-tez olurmu?

-Yox, tez-tez görüşmürük. Millət vəkili seçildiyim dövrdə bəzən ildə bir-iki dəfə, bəzən isə daha çox görüşdüyüm vaxtlar olub. Naxçıvanda rəhbərliklə görüşmək üçün müraciət edəndə problem olmur. "Deputatın statusu haqqında" qanuna görə də rəsmi şəxslər millət vəkilləri müraciət etdiyi zaman təxirə salınmadan onları qəbul etməlidir. Bakıda belə problem olsa da Naxçıvanda bu problem yoxdur. Bakıda bir nazirlə nəinki görüşmək, hətta telefon əlaqəsi saxlamaq da mümkün deyil. Zəng edirsən, köməkçisi deyir ki, nazir yerində yoxdur, gələndə məruzə edəcəyik. Ya da deyirlər ki, nazirin yanında adam var, biz sizinlə əlaqə saxlayacağıq.
Səmimi deyirəm, Naxçıvanda rəhbərliklə görüşlər zamanı isə seçicilərimlə bağlı qaldırdığım məsələlər ciddi şəkildə araşdırılır və həll yolları axtarılır.

- Bəzən mətbuatda Naxçıvanın fərqli və özünəməxsus qanunlarla idarə olunduğu deyilir. Həm bir millət vəkili, həm də naxçıvanlı olaraq bu xəbərləri necə dəyərləndirirsiniz?

- Naxçıvan da Azərbaycanın bir bölgəsidir. Naxçıvanı Azərbaycandan əlahiddə təsəvvür etmək mümkün deyil və olmaz. Amma bəzən Naxçıvanda kiminsə həbs olunması, hüquqlarının pozulması ilə bağlı xəbərlər də gəlir. Mən də bu xəbərləri mətbuatdan oxuyandan sonra dərhal Naxçıvanın müvafiq dövlət strukturları ilə əlaqə saxlayıram. Məsələ ilə maraqlanıram, əsasını öyrənməyə çalışıram. Naxçıvanda olan hər hansı bir məsələnin mətbuatda fərqli formada təqdim edilməsi və sərt tənqid olunması mətbuatla işləyən bəzi şəxslərin Naxçıvan rəhbərliyinə qarşı neqativ münasibətindən irəli gəlir. Bu cür xəbərlərdə problemi fərqli şəkildə qabartmaqla informasiyadan daha çox Naxçıvana qarşı kampaniya aparmaq məqsədi güdülür. Bu faktor mühüm rol oynayır. Naxçıvanda baş verən əksər hadisələr Azərbaycanın bütün bölgələrində baş verir. Amma mətbuat hadisələrə eyni şəkildə yanaşmır.
Məsələn, Naxçıvanda neçə insan həbs olunub və onlar beynəlxalq insan haqları təşkilatları tərəfindən siyasi məhbus hesab olunub? Və ya onlara ömürlük azadlıqdan məhrumetmə cəzaları verilib? Bunların statistikasına baxaq, Azərbaycanın digər bölgələri ilə müqayisə edək. Amma mətbuatda bunun əks-sədasına baxanda fərqli mənzərə görürsən.
Şəxsən mən bəzi mətbuat orqanlarında yayılan məlumatları - guya Naxçıvanda hansısa eksperimentlərin keçirilməsi, daha sonra bunun digər bölgələrdə də tətbiq olunması kimi xəbərləri bəzi şəxslərin təxəyyülünün məhsulu sayıram. Bunların heç bir ciddi əsası yoxdur.

- Milli Məclisdəki çıxışlarınıza nəzər yetirdikdə sizi aktiv deputatlardan biri saymaq olar. Cəmiyyətdəki ümumi problemlərlə bağlı tənqidi çıxışlarınız çox olur. Bəzənsə bu fikirləriniz digər həmkarlarınız tərəfindən qəbul olunmur...

-Çalışıram ki, reallıqları nəzərə alaraq ölkəmizin problemlərini, onların həlli yollarını ictimaiyyətə çatdırım. Amma Milli Məclisdə bəzi insanlar var, onlar sanki gözləyir ki, Qüdrət Həsənquliyev nəsə desin, onlar da bunun əksini söyləsin. Belə xəstəliyə tutulmuş adamlar var. Amma mən həmişə sözün düzünü deməyə çalışmışam.
Milli Məclisdə iqtisadi məsələlərlə bağlı çıxışlarım olub. İslahatların aparılması ilə bağlı təkliflər vermişəm.
Azərbaycanda ilk dəfə olaraq siyasi sistemin inkişafı üçün parlamentli respublikaya keçid məsələsini gündəmə gətirmişik. Bu layihənin təqdimatını 2007-ci ildə siyasi partiyaların iştirakı ilə etmişdik. Çalışırıq ki, iqtidar bunu dəstəkləsin və parlamentli respublikaya keçək.
Səhiyyənin vəziyyəti ilə bağlı çıxışlarım olub. Səhiyyədə islahatlar sonadək aparılmır, icbari tibbi sığorta tətbiq olunmur. Nazirin iştirakı ilə keçirilən iclaslarda da bildirmişəm ki, səhiyyə ocaqları niyə özəlləşdirilmir ki, həkimlər də normal maaş alsın.
Əsas məsələlərdən biri də Bakının həddən artıq yüklənməsidir. Bütün bölgələrdən insanlar Bakıya axışır. Hamı çalışır ki, öz biznesini, işini Bakıda qursun. Bakı və Sumqayıtda vergi güzəştləri nəzərdə tutulan sənaye parkları yaradılıb. Dəfələrlə demişəm ki, bu, yanlış siyasətdir. Bu cür vergi güzəştləri əsasən rayonlar üçün nəzərdə tutulmalıdır ki, iş adamları Bakıdan rayonlara axışsın. Rayonlar inkişaf etsin, yeni iş yerləri açılsın.
Amma təəssüf ki, bu təkliflərimiz hələ qəbul olunmur və konkret addımlar atılmır. Amma inanıram ki, zaman keçdikcə iqtidar da fərqində olacaq ki, bu islahatları aparmadan ölkəmizi irəli aparmaq mümkün olmayacq.

-Təhsildəki vəziyyəti də tənqid edirsiniz. Son çıxışlarınızın birində dövlət universitetlərinin özəlləşdirilməsi təklifi ilə çıxış etmişdiniz…

-Təhsilin vəziyyəti bərbaddır. Sovet təhsil sistemini şikəst etdik. Türkiyədən sadəcə olaraq test üsulunu götürdük. Bu yarımçıq islahat da təhsilmizi məhv etdi. Gənclərimizin beyni əzbərçilik istiqamətində formalaşıb. Onlar müəllimlə üzbəüz oturub cavab vermək praktikasına yiyələnmir.
Orta məktəbi bitirənlər üçün vahid test sistemi tətbiq olunmalıdır. Hazırda bizdə bir anormallıq var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir məktəbi bitirəndə, bir də universitetə sənəd verəndə imtahan keçirir. Olmazmı ki, bu imtahan bir dəfə olsun və şagirdlər bütün fənlərdən imtahan versin? Bu zaman şagirdlər məcbur olub bütün fənləri oxuyacaq və repetitor yanına getməyəcək. Universitetə bütün buraxılış imtahanlarının nəticələrinə görə qəbul keçirilməlidir. Bütün dünyada belədir.
Bizdə hökumət çalışır ki, hər kəsi idarə etsin. Dövlət universiteti olanda orada çalışan müəllimlərin dövlətdən asılılığı yaranır. Müəllimlərə az maaş verməklə onları müəyyən qanunsuzluqlara sövq edirlər. Müəllimlər, professorlar ailələrini dolandırmaq üçün şagirdlərdən pul alır. Bu da onları gözükölgəli edir. Bu, ciddi problemdir. Dünya universitetlərinin ilk 200-lük siyahısına baxaq. Orada bircə dənə də dövlət universiteti yoxdur. İnkişaf etmiş Avropa xalqlarının keçdiyi yol var. Biz də o yolla getməliyik. Onlar bunu təcrübədən keçirib. Universitetləri özəlləşdirməliyik ki, dövlət yükdən azad olsun. Dövlət də ali məktəblərə ayırdığı vəsaiti orta məktəblərə yönəltsin. Müəllimlər 140 manat yox, 1400 manat maaş alsın. Onların repetitor olmağa ehtiyacları qalmasın. Professorlara daha yüksək məvacib verilsin.

- Bəs imkansız ailələrin övladları? Onlar özəl universitetlərdə necə təhsil alacaq?

- Onlar üçün də təhsil kreditləri verilməlidir. İmkanı olmayan ailənin övladı təhsil haqqında arayışı banka təqdim etdiyi anda ona dərhal kredit verilməlidir. Həm də uzun müddətə. Bəzi ölkələrdə bu kreditlər hətta faizsiz verilir. Kredit götürən tələbə başa düşür ki, bu borcu qaytarmaq üçün yaxşı iş tapmağa, yaxşı iş tapmaq üçün də yaxşı mütəxəssis olmağa çalışmalıdır. Bu da əlavə stimul verir ki, o, ixstisasını, peşəsini yaxşı öyrənsin.
Universitetlər özəlləşdirilsə, dövlətə vergi verəcəklər. Dövlət həm gəlir vergisi alacaq, həm də yükdən azad olacaq. Bunu həyata keçirmək asandır. Sadəcə olaraq istək lazımdır.

-Son çıxışlarınızda cəmiyyətin ən ciddi problemlərindən, bəlalarından olan mərc oyunlarına toxundunuz. Onların qadağan edilməsini təklif etdiniz. Uzun müddətdir bu məsələ haqda fikirlər bildirilir. Amma hansısa nəticə yoxdur...

-Bu haqda bir neçə dəfə çıxış etmişəm. Ümumiyyətlə, qumar oyunlarının olması yaxşı hal deyil. Bəzi inkişaf etmiş ölkələrdə bu cür oyunlara icazə verilib. ABŞ-ın bir neçə ştatında qumara icazə var. Əlavə gəlir mənbəyi olmayan ölkələr də qumar oyunlarına rəsmən icazə verir. Belə ölkələrdən biri də Gürcüstandır. Məsələn, Rusiyada da 4 vilayətdə belə qumarxanalara icazə var. Azərbaycanda "Topaz"ın və digər mərc oyunlarının olmasını bununla əsaslandırırlar ki, idman bundan xeyir görəcək. Bu işdən sadəcə olaraq gənclər və idman nazirinin də dediyi kimi, idmana 4 faiz gəlir gəlir. Qalan məbləğ isə bunu təşkil edən şəxslərin cibinə gedir. Bu oyunların nəticəsində gənclər, ailələr məhv olur. Bu da idmana vurulan ziyan.
Mərhum prezident Heydər Əliyev Azərbaycanda qumar oyunlarını ləğv eləmişdi. Biz həm də müsəlman ölkəsiyik. İslam da qumarı lənətləyir və qadağan edir. Bu 4 faizlik qazanca görə bu qədər gənci, ailəni məhv etmək olmaz.
Bəzən deyirlər ki, bu oyunlar leqallaşdırılmadan da qara bazarda oynanılırdı. Bununla da məşğul olmaq üçün müvafiq dövlət orqanları var. Bu işlərlə məşğul olanların saxlanılıb cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməlidirlər.

-Dediniz bəzi deputatlar sizin fikrinizin əksini demək üçün məqam gözləyir. Biz də müşahidə edirik ki, bəzi deputatlar sanki təkliflərin əksini demək üçün parlamentdə oturur. Ümumiyyətlə danışmayan, iclaslara gəlməyən, fəaliyyətindən xəbərsiz olduğumuz deputatlar var. Niyə belədir?

-Parlamentdə olan deputatların həm siyasi, həm də qanunvericilik sahəsindəki təcrübəsi eyni səviyyədə deyil. Bəziləri biznesdən gəlib, təzədir. Bəziləri uzun müddətdir biznesdən gəlsə də artıq kifayət qədər təcrübə toplaya bilib. Elələri var ki, yenidir. Bəzi deputatlar parlamentdə uzun müddətdir çalışır, təcrübələri var, amma xarakterlərində naqisliklər var. Eləsi var ki, içki aludəçisidir və s. Buna baxmayaraq onları seçiciləri seçib. Hər seçkidə Milli Məclisin tərkibində dəyişiklik olur. Bu da onu göstərir ki, bəzi şəxslər ikinci müddətə seçilə bilmir. Bu da onların fəaliyyətsiliyi, xarakterləri və nöqsanları ilə bağlı olur. Bütün hallarda ən doğru seçimi seçicilər və siyasi partiyalar etməlidir. Çoxpartiyalı sistemi inkişaf etdirməyin, parlamentə həmin təcrübəsiz, zəif deputatların düşməsinin qarşısını almağın yolu proposional seçki sisteminə keçiddir. O halda partiyalar çalışacaq ki, daha təcrübəli, siyasi baxımdan hazırlıqlı insanları parlamentə göndərsinlər.

-Parlament seçkilərinə hazırlığa nə zaman başlayacaqsınız?

- Kimsə ola bilər ki, parlament seçkiləri qabağı təbliğat kampaniyası aparmağa ehtiyac duysun. Amma düşünürəm ki, bu fəaliyyətim mənim təbliğatım üçün yetərlidir. Seçicilərimin əksəriyyəti onun fərqindədir ki, mövcud reallıqlar çərçivəsində onların seçdiyi bir millət vəkili nə edə bilər. Məndən əvvəl də həmin dairədən namizədlər seçilib. Onların fəaliyyətinə kölgə salmaq istəmirəm. Həmişə çalışmışam ki, seçildiyim regionun problemlərini qaldırım, onların həllinə çalışım, həm də Azərbaycanın ümumi maraqları naminə çıxış edim. Düşünürəm ki, növbəti seçkilərdə də seçicilərim fəaliyyətimi nəzərə alarlar.

- Yəni fəaliyyətinizdən razısınız...

-İnsan işi ilə heç vaxt qane olmamalıdır. Çalışmaq lazımdır ki, daha çox nələrsə edəsən. Mən də mövcud şərtlər çərçivəsində iş görməyə çalışmışam. Fəaliyyətimi daha da təkmilləşdirməyə çalışıram. Bu işdə təcrübə çox önəmlidir. Həm beynəlxalq təşkilatlardakı 10 illik təcrübəm, həm ölkə daxilində topladığım təcrübə, həm 13 illik deputatlıq təcrübəm, həm də partiya sədri olaraq siyasi təcrübəm imkan verəcək ki, qarşıdakı illərdə öz bilik və bacarığımdan xalqım üçün istifadə edim. Yaşım da buna imkan verir. Amma yenə də son söz seçicilərin olacaq. Ümid edirəm ki, onlar məni dəstəkləyəcək.