Litva partlamentindən Xocalı bəyanatı Siyasət

Litva partlamentindən Xocalı bəyanatı

"Xocalıda yüzlərlə dinc azərbaycanlının amansızlıqla qətlə yetirilməsini insanlıq əleyhinə cinayətdir"

Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib.
Müraciətdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, 1 milyondan çox azərbaycanlının öz doğma vətənlərində qaçqına çevrildiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad olması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu günədək yerinə yetirilməyib.
Müraciəti imzalayan deputatlar Xocalıda yüzlərlə dinc azərbaycanlının amansızlıqla qətlə yetirilməsini insanlıq əleyhinə cinayət kimi qiymətləndiriblər: "Litva Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupu adından Azərbaycan dövlətinə və xalqına bu faciəli hadisələrin ildönümü münasibətilə dərin hüznlə başsağlığı verir, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınayırıq. Litva Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatların qətnamələrinə riayət edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıb".
Məlumat üçün bildiririk ki, müraciətə imza atmış deputatdan iyirmi altısı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, digərləri isə müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada təmsil olunan partiyaların üzvləridir.