“Minsk qrupunun və həmsədrlər institutu formatının dəyişilməsi təklif edilirsə...” Siyasət

“Minsk qrupunun və həmsədrlər institutu formatının dəyişilməsi təklif edilirsə...”

Bahar Muradova: "O zaman ilk növbədə digər ölkələrin həmsədrlər institutuna cəlb edilməsi lazımdır"

Almaniya ATƏT-in Minsk qrupuna üzv olan ölkələrdən biridir və hələ mərhum Heydər Əliyevin zamanında həmin ölkənin sözügedən qrupun həmsədrlərindən biri olması məsələsi ciddi müzakirədə idi.
Bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova 2011-2012-ci illərdə, xüsusilə də, Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı digər Qərb ölkələrindən daha sərt mövqe sərgiləyən Almaniyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasına cavabdehlik daşıyan ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb olunması yönündə son zamanlar yenidən səslənən təkliflərə münasibətini bildirərkən dilə gətirib. Qeyd edək ki, bir müddət öncə Almaniya dövləti özü də rəsmi səviyyədə bu məsələni, bu təklifi gündəmə gətirmişdi.
"O zamankı hadisələr yaxşı yadımızdadır, Almaniyanın həmsədrliyinə imkan vermədilər və ümumiyyətlə, Azərbaycan tərəfinin də Qarabağ məsələsinin həlli istiqamətində irəli sürdüyü, təklif etdiyi məsələlərdən biri daim bundan ibarət olub ki, Minsk konfransına daxil olan ölkələrin imkanlarından istifadə etmək lazımdır"- deyən, vitse-spikerin sözlərinə görə, amma Minsk qrupu, onun həmsədrlər institutu bu məsələni öz monopoliyasına alaraq, onu nə həll edə bilir, nə də digərlərini prosesə yaxın buraxır, məsələ ölü nöqtədən tərpənmir.
B. Muradova hesab edir ki, əgər Minsk qrupunun və onun həmsədrlər institutu formatının dəyişilməsi təklif edilirsə, o zaman onun dəyişməsi üçün ciddi addımlar atmalıdır.
Vitse-spikerin bildirdiyinə görə, bu addımlardan biri kimi də digər ölkələrin həmsədrlər institutuna cəlb edilməsi lazımdır: "Məsələn, İtaliya vaxtı ilə bu məsələyə çox maraq göstərdi, bu məsələdə öz rolunu ifa etmək istədi, Bununla yanaşı, qardaş, dost Türkiyə də bu məsələdə öz köməkliyini göstərmək istəyir. Eyni zamanda, bu onu göstərir ki, böyük dövlətlər, Qərb siyasətinin formalaşmasında və həyata keçirilməsində rolu olan böyük dövlətlər bu kimi münaqişələrin Avropanın maraqlarına birbaşa təhdid olduğunu anlamaqdadırlar.
Əgər bir neçə il, Ukrayna hadisələrindən əvvəl bunu yalnız Azərbaycanın problemi və yaxud da regionun problemi kimi qəbul edirdilərsə, artıq bu gün görürlər ki, bu tip məsələlər regionun problemi olmaqdan çıxıb, artıq dünyanı təhdid edir. Və zamanında Azərbaycana təzyiq, təhdid qismində olan çağırışları, fikirləri, Almaniyanın müxtəlif rəsmilərinin, millət vəkillərinin, ictimai sektorunun nümayəndələrinin bu və ya digər səbəbdən Azərbaycanla bağlı tənqidi daha da ciddiləşdirmək yönündə, Azərbaycana qarşı təzyiqlər göstərilməsinə çağırışlar etməsini heç kəs unutmayıb.
Amma indi bir iş var ki, bunlar heç zaman cavabsız qalmayıb. Bu fikirlərə hər zaman Azərbaycan tərəfi çox məntiqli, çox sanballı və həqiqətə söykənən arqumentlərlə cavab verib. Mən bundan çox şadam ki, zamanında tənqid etdikləri məsələnin mahiyyətini anlamaq üçün Azərbaycanın mövqeyi onlara yardım edib və onlar, deməli, bu mövqeləri dinləyiblər, araşdırıblar, götür-qoy ediblər, nəticə çıxarıblar. Çox gözəl.
Siyasət də belə formalaşır, belə qurulur və heç kim düşünməsin ki, iki ölkə arasında münasibətlər bir dəfəyə müəyyənləşir və ömürlük belə olur. Çünki bu ölkələrin arasındakı münasibətlər dünyada gedən proseslərdən çox asılıdır. Baş verən hadisələr bu siyasətə müəyyən korrektələr etməyi vacib edir. Əgər bu gün doğrudan da böyük ölkələr anlayırlarsa ki, millətlərin öz müqəddəratını təyin etmək prinsipi ərazi bütövlüyünə qarşı qoyulduqda bu təkcə bu hadisələrin baş verdiyi ölkələr deyil, bütün ölkələri təhdid edir, bu özü bir göstəricidir..."
B. Muradova onu da deyib ki, Ukraynada öz maraqlarını güdən, Avropanın mərkəzində belə hadisələrin baş verməsindən ziyan çəkdiklərini və gələcəkdə çəkəcəklərini dərk edən ölkələrin Qarabağ məsələsinə diqqət yetirməsini başa düşmək olar, çünki dünənə kimi bu onlara uzaq məsələ idisə, bu gün artıq onlar üçün daha yaxın məsələdir:
"Ona görə də mən Almaniyanın, o cümlədən, istənilən digər Minsk konfransına daxil olan ölkələrin bu prosesə qoşulmasını heç zaman gec hesab etmirəm. Onlar əgər bu məsələyə qoşulub həm Qarabağ məsələsini həll etmək, həm də onun mövcudluğundan ruhlanaraq meydana çıxan digər problemlərin həllinə tətbiq etmək istəyəcəklərsə, biz bunu yalnız alqışlayacağıq və "zamanında müəyyən tənqid olub, biz bunu qəbul etmirik" kimi fikirləri söyləməyəcəyik.
Azərbaycan tərəfindən yorulmadan, usanmadan, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hadisələrlə bağlı istər ölkə içində, istər ölkə kənarında olan dairələrə ardıcıl olaraq verilən mesajlar, açıqlamalar, təqdim olunan sənədlər, informasiyalar və məlumatlar ona yönəlib ki, bu kimi yanlış mövqelərdən çəkinsinlər. Əgər bu gün belə bir hallar müşayiət olunursa, mən bunu yalnız alqışlayıram və hesab edirəm ki, bu, Azərbaycanın yenə də müstəqil iradəsinin, ardıcıl, məqsədyönlü siyasətinin, öz mövqeyindən geri çəkilməməyinin, qətiyyətinin və cəsarətinin nəticəsidir.
Çünki Azərbaycanla yalnız bu şəkildə normal dostluq münasibətləri qurmaq olar. Azərbaycan heç zaman təzyiq və təhdid metodunu qəbul etməyib. Bunu əgər daha çox ölkələr getdikcə dərk edirlərsə, bundan yalnız udmaq olar".