Ermənistan sülhdən imtina edir Siyasət

Ermənistan sülhdən imtina edir

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində böyük sülh sazişi üzərində iş üçün işçi qrupun yaradılmasından imtina edir.
Dünən bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir vurğulayıb ki, Ermənistanın təcavüzkar ritorikası bu məsələdə nikbin olmağa imkan vermir.
Nazirin dediyinə görə, həmsədrlərin sonuncu səfəri zamanı tərəflərə kommunikasiyalar və
məcburi köçkünlərlə bağlı işçi qrupunun yaradılması təklif olunub, amma İrəvan bu təklifi rədd edib.
Elmar Məmmədyarov girovlarla da bağlı danışıb:"Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni diplomatik kanallarla müzakirə edirik".
Onun sözlərinə görə, hər dəfə xarici diplomatlar Azərbaycana gələndə onlardan tələb olunur ki, Ermənistana gedəndə bu məsələyə toxunsunlar: "ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Viktoriya Nuland və Avropa İttifaqının nümayəndəsi da bu məsələyə toxunub".
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.