Müsavatda daha bir seçki qalmaqalı istefalarla nəticələndi Siyasət

Müsavatda daha bir seçki qalmaqalı istefalarla nəticələndi

Vurğun Əyyub: "Seçkilərə müdaxiləyə son qoymalıdır, əks halda bu cür istefalar qaçılmaz olacaq"

Qubad İbadoğlu: "Bütün bunlar göstərir ki, qurultaydan 6 aya qədər vaxt keçməsinə baxmayaraq partiyada hələ də idarəetmə demokratik deyil"

Müsavatda daha bir qalmaqal yaşanır. Sabunçu rayon təşkilatlına sədr seçimində narazılıq yaranıb və bu növbəti istefalarla nəticələnib. Qeyd edək ki, Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvləri Elməddin Qəmbər, Vidadi Həsənov, Nizami Əliyev, Ehtiram Məmmədov, Asif Yusifov, Rövşən Əliyev, Musa Əsgərov və Rövşən Həsənli partiya sıralarından istefa veriblər.
Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Elşən Həsənov "Arif Hacılı ilə Rafiq İsmayıl Sabunçu rayon təşkilatını dağıtdılar. Ədalətsiz keçirilən seçkilərə etiraz olaraq 8 nəfər partiyadan, 3 nəfər Şura üzvlüyündən, 1 nəfər isə Mərkəzi Nəzarət Təftiş Komissiyasından istefa verib",-deyə bildirib. E. Həsənov deyib ki, martın 15-də partiyanın Sabunçu rayon təşkilatının sədrliyinə seçkilərdə namizəd olub, ancaq partiya rəhbərliyinin müdaxiləsi ilə onun sədr seçilməsinə imkan verilməyib: "15 il idi, Sabunçu rayon təşkilatında sədr dəyişmirdi. Amma Nizamnamədə nəzərdə tutulub ki, iki ildən bir, iki dəfədən artıq seçilə bilməz. Deməli, ardıcıl Nizamnamə pozuntusu qeydə alınıb. Bunun nəticəsidir ki, rayon təşkilatı çox passivləşib. Bu passivliyi aradan qaldırmaq imkanı yalnız sədrlik seçkilərində mümkün idi. Əvvəlcə mənim namizədliyimi Sabunçu rayon təşkilatının keçmiş sədri Rafiq İsmayıl dəstəklədi, amma sonradan dedilər ki, guya mən Qubad İbadoğlunun tərəfdarı olmuşam, onu dəstəkləmişəm. Əslində isə mən Tural Abbaslını dəstəkləmişdim. Sırf Müsavat başqanı Arif Hacılının müdaxiləsi ilə mənə qarşı kampaniya aparıb, seçkilərdə qalib gəlməyimə imkan verməyiblər. Çünki mən partiya rəhbərliyinin apardığı siyasəti tənqid edirəm". O qeyd edib ki, Elnur Əsgərovun sədr seçilməsinə etiraz olaraq, bir qrup şəxs partiyadan istefa verib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə E. Həsənovun fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, seçkidə saxtakarlıq olubsa, bunu sübut etməlidirlər: "Hər bir müsavatçı gizli səsvermənin nəticəsini qəbul etməlidir. Elşən Həsənovun narazılığını düzgün hesab etmirəm. Çünki seçkinin nəticələri elan olunanda Elşən Həsənov hamının gözü qarşısında Elnur Əsgərovu təbrik edib. Seçkidə hər hansı saxtakarlıq olubsa, ortaya qoysunlar. Yoxsa, kiminsə seçkidə qalib gəldiyi üçün istefa vermək düzgün deyil".
Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub deyib ki, Sabunçu rayon təşkilatında baş verənlər barədə dəqiq və geniş məlumatı yoxdur:"Bu istefalar barədə Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənovun açıqlamalarını oxumuşam. Elşən Həsənov ciddi və doğru danışan bir insandır. Məsələ onun dediyi kimi olubsa, partiyaya rəhbərlik edənlər bu işin günahkarlarını cəzalandırmalıdır. Ümumən, partiya rəhbərliyi rayon təşkilatlarında aparılan seçkilərə müdaxiləyə son qoymalıdır, əks halda bu cür istefalar qaçılmaz olacaq".
"Müsavatın Sabunçu rayon təşkilatında baş verənlər partiyada üzvlərin müstəqil qərar verməsinə, onların öz iradəsi ilə seçim etməsinə növbəti kobud müdaxilənin fəsadıdır",-deyən Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlu bildirib ki, bu, qurultayda başqan seçkiləri ilə bağlı yaradılan eyni problemin rayon təşkilatı səviyyəsində təkrarıdır: "Bütün bunlar göstərir ki, qurultaydan 6 aya qədər vaxt keçməsinə baxmayaraq partiyada hələ də idarəetmə demokratik deyil, avtoritar üsullarla aparılır. Rəhbərliyə biət etməyən adamların fərqli fikrinə, tənqidinə nəinki dözüm nümayiş etdirilmir, hətta onların seçilmək hüququ belə pozulur, bəzi hallarda da onlar hətta nizamnamə pozuntusu ilə cəzalandılır. Beləliklə də yalnış idarəetmə siyasəti və səhv qərarlarla hazırkı durumu ağır olan tarixi partiyanın perspektivi belə idarəçiliklə çox tutqun görsənir."

Əli