Qarabağ həqiqətləri ərəb dilində dünyaya çatdırılır Siyasət

Qarabağ həqiqətləri ərəb dilində dünyaya çatdırılır

Əhməd Sami Elaydi: "Azərbaycan gələn il Misirin fəxri qonağı olacaq"

Cavid

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra dostluq tellərini bağlayan ölkələr arasında Misir xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Misir arasında bütün sahələrdə, istiqamətlərdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməkdədir. Xüsusən də mədəniyyət sahəsində iki xalq arasında körpülər daha da möhkəmləndirilir, əməkdaşlıq genişlənir, xalqlar bir-birini daha yaxından tanımaq imkanı əldə edib. Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinə ötən ilin avqustunda rəhbər təyin olunan Əhməd Sami Elaydi ilə söhbətimizin əsas məqsədi də Misirlə Azərbaycan arasında mədəni əlaqələrin hansı səviyyədə olması, bu əlaqələrin daha geniş və sürətlə inkişafı üçün hansı amillərin vacibliyi, görülən və görüləcək işlərlə bağlı olub. Əhməd Sami Elaydi "Xalq Cəbhəsi"nə verdiyi açıqlamasında bildirib ki, Azərbaycan onun üçün yad ölkə deyil, səfirliyin mədəniyyət attaşesi – Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsinə təyin olunmazdan öncə dəfələrlə Azərbaycanda olub, burada dissertasiya işini müdafiə edib, bir neçə beynəlxalq konfranslara qatılıb: "Ona görə də bu vəzifənin Azərbaycanda icrasına başlamaq mənim üçün çətin olmadı, axı tanış, dost bir ölkədə çalışacaqdım. Azərbaycana gəlməzdən öncə Azərbaycanla Misir arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün nə edəcəyimi, hansı işlər görəcəyimlə bağlı bir plan tərtib etdim. Vəzifəmin icrasına başladığım ilk gündən planımın həyata keçirməsinə çalışdım".
Həmsöhbətimiz qeyd edib ki, 8 ay ərzində planında nəzərdə tutduğu əksər işləri həyata keçirib. Rəsmi dairələrdə, mədəniyyət qurumlarda keçirdikləri görüşlərin hamısı iki ölkə arasında olan mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edib, bir-birimizə daha da yaxınlaşdırıb: "Slavyan, Qafqaz, Turizm və Qızlar universitetlərində görüşlər keçirmişik, Misir mədəniyyətinin təbliği ilə bağlı orada mühazirələr oxumuşuq. Bundan başqa oktyabr ayında Bakıda kecirilən Beynəlxalq Uşaq Muğam festivalında Misir ifaçıları da iştirak edib. Misir ifaçıları bu festivalda 2 və 3- cü yerləri tutublar. Azərbaycn Diplomatik Akademiyasında keçirilən festivalda da Misir iştirak edib. Mərkəzimizin özündə də bir neçə dəfə təqdimat xarakterli tədbirlər, sərgilər keçirmişik. Məsələn, mərkəzimizin yaranmasının 15 illiyi ilə bağlı, Misir dövlətinin mədəniyyəti ilə bağlı kitab təqdimatlar, uşaq rəsm sərgisi təşkil etmişik. İlk naliyyətlərimizdən biri də Qahirədə keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycanın iştirakını təmin etmək olub. 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisi dünyanın ən böyük kitab sərgisi tədbiridir. Bu tədbirdə milyonlarca kitab sərgilənir. Böyük bir ərazinin, demək olar ki, şəhərciyi əhatə edən kitab sərgisini yalnız avtobusla izləmək mümkün olub. Minlərlə nəşriyyat və mətbəənin, yüzlərlə ölkənin iştirak etdiyi bu sərgidə Azərbaycanın stendi əsas zalda qoyulmuşdu, baxmayaraq ki, Azərbaycan bu sərgidə ilk dəfə idi ki, iştirak edirdi. Bu sərgidə Azərbaycan 500 dən artıq kitabla çıxış edib, həm öz dilinizdə, həm də ərəb dilində. Bu kitablarla Azərbaycan özünün mədəniyyəti, tarixi, həqiqətlərini dünyaya nümayiş etdirmək imkanı qazanıb. Bu prosesin həyata keçməsində Azərbaycan Tərcümə Mərkəzi və Milli Kitabxana yaxından iştirak edib. Bilirsiniz, mən heç vaxt fəaliyyətimi birtərəfli qurmuram, fəaliyyətimi həm Misir, həm də Azərbaycan mədəniyyətinin təbliğinə yönəltmişəm. Qərara almışıq ki, gələn il keçiriləcək Beynəlxalq Kitab Sərgisində Azərbaycan fəxri qonaq statusu alsın. Bu il həmin sərginin fəxri qonağı Səudiyyə Ərəbistanı olub. Gələn il isə bu satusa Azərbaycanın layiq görüləcəyini qərarlaşdırmışıq. 150 kvadratmetr ərazi pulsuz olaraq Azərbaycana veriləcək. Böyük nümayəndə heyəti ilə Azərbaycan sərgidə iştirak edəcək. Təbii ki, mən Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişafı üçün daha böyük işləırin görülməsini istəyirəm, amma bunların hamısını mərhələ-mərhələ həyata keçirməyi planlaşdırmışıq". Ə.S.Elaydi iki xalqın bir-birini daha da yaxından tanınması üçün ədəbi əsərlərin tərcüməsinin vacib amillərdən biri olduğunu qeyd edib: "Sovet dövründə çox əsərlər – ədəbiyyat, tarix, iqtisadiyyat və sair sahələri əhatə edən kitablar ərəb dilinə tərcümə edilib. Amma təəssüf ki, onlar Azərbaycanın və ya hansısa respublikanın yox, SSRİ-nin əsərləri idi. Düzdür, onların arasında Azərbaycanla bağlı əsərlər də olub. Amma yenə deyirəm, sovet ədəbiyyatının nümunələri kimi təqdim edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə əlaqələr iki dövlət arasında inkişaf müstəvisinə qədəm qoyub. Prezidentin müşaviri cənab Kamal Abdullanın ərəb dilinə ilk tərcümə olunmuş "Yarımçıq əlyazma" əsəri bütün ərəb ölkələrində yayımlanıb. Onu da qeyd edim ki, bu əsər Azərbaycan dilindən ərəb dilinə tərcümə olunun ilk əsərdir. Bundan əlavə, Vaqif Sultanlının "İnsan dənizi" romanı, Qarabağ haqqında, Xocalı soyqırımına dair tərcümələr də edilib. Yeri gəlmişkən, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə dair yazılmış kitab da Misirdə ərəb dilində işıq üzü görüb. Onu da vurğulayım ki, inşallah, gələn il Misirdə təşkil olunacaq Beynəlxalq Kitab Sərgisinədək bir sıra işlər görəcəyik. Onu da deyim ki, Kamal Abdullanın, Vaqif Sultanlının əsərlərini, Qarabağla bağlı, Xocalı qətliamına dair əsərləri də mən tərcümə eləmişəm, bir sıra iri məqalələri ərəbcəyə çevirmişəm və sair. Misir yazarlarının əsərləri də tərcümə edilərək Azərbaycanda nəşr olunub. Bu ilin sonuna kimi Azərbaycan Tərcümə Mərkəzindən təklif almışam ki, Azərbaycan ədəbiyyatının antologiyasını ərəb dilinə tərcümə edəm. Bundan başqa bir sıra Azərbaycan yazıçılarının əsərləri ərəb dilinə tərcümə olunub ki, onların çoxunda mən iştirak etmişəm. Onu da qeyd edim ki, Nobel mükafatçısı Nəcib Məhfuzun əsərləri azərbaycancaya çevrilib. Bu yaxınlarda livanlı şairin kitabı da Azərbaycan dilinə tərcümə edildi və Yazıçılar Birliyində təqdimatı keçirildi. Bütün bunlar göstərir ki, iki ölkənin xalqları arasında çox geniş mədəni bağlar mövcuddur. Mən həmişə deyirəm ki, əgər Azərbaycan əsərləri ərəb dilinə tərcümə edilsə, ərəb dünyasında geniş təbliğ olunar. Hansı ki, burada 23 ölkədən və 400 milyon insandan söhbət gedir".
Həmsöhbətimiz onu da bildirib ki, 2011-ci ilədək ölkələrimiz arasında çox sıx gediş-gəliş vardı. Misirin maliyyə dəstəyi ilə Azərbaycandan ora çoxlu jurnalist heyətləri, ərəbşünaslar heyəti və sair gedərdi: "Hətta xatırlayıram ki, Qahirəyə gələn ərəbşünaslar bizim dövlətin hesabına 1 ay orada qalaraq kurs keçdilər. Amma son dörd ildir ki, Misirdə baş verən məlum daxili hadisələr səbəbilə bu get-gəllər bir qədər səngiyib və inşallah çalışacağıq ki, prosesləri yenidən canlandıraq. Məsələn, iki həftə əvvəl Qalubiyya şəhərinin meri Azərbaycana səfərə gəlmişdi. Bilirsiniz ki, Qalubiyya ilə Xırdalan şəhərləri arasında qardaşlaşma müqaviləsi mövcuddur. Məhz Qalubiyyada Mehriban Əliyevanın adını daşıyan məktəb, Dostluq parkı, Heydər Əliyevin abidəsi var və sair. Bundan əlavə, mart ayında Misirdə təşkil olunmuş investisiya konfransında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də Qahirəyə səfər etmişdi. Bütün bunlar göstərir ki, iki ölkənin rəsmi idarələri arasında münasibətlərdə də canlanma yaranıb".