“Papa böyük səhvə yol verib” Siyasət

“Papa böyük səhvə yol verib”

"Türkdilli ölkələr arasında informasiya mübadiləsinin inkişafı üçün daha çox tərcüməçi kadrlara və lüğətlərin nəşrinə ehtiyac duyulur". Bunu Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Jandos Asanov deyib. O bildirib ki, türkdilli ölkələrin ortaq televiziyasının yaradılması istiqamətində işlər gedir. Baş katibin sözlərinə görə hələlik bu televiziyanın yaradılması üçün kifayət qədər kadr yoxdur: "Hesab edirəm ki, kifayət qədər kadr bazası formalaşandan sonra ortaq televiziyanın yaradılması məsələsini hərtərəfli müzakirə etmək olar". Jandos Asanov onu da qeyd edib ki, bu il Türk PA-ya üzv dövlətlərin hər birində parlament seçkiləri keçiriləcəyindən adıçəkilən təşkilatın iclası payızda baş tutacaq. Jandos Asanov söyləyib ki, qurumun müşahidə missiyası Türk PA üzv dövlətlərdə keçiriləcək seçkilərin monitorinqini aparacaq. Türkmənistan və Özbəkistanın Türk PA-ya üzv olmamasını şərh edən Jandos Asanov deyib ki, bu ölkələr qurumun konstruktiv fəaliyyətini hiss etdikdə özləri təşkilata daxil olmağa cəhd göstərəcəklər. O, Dağlıq Qarabağ münaqişəsindən də söz açıb: "Türk PA bütün rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Hesab edirik ki, münaqişənin həlli regionun sabit və davamlı inkişafı üçün böyük imkanlar yaradacaq". Baş katib Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı bəyanatına da münasibət bildirib. O deyib ki, beynəlxalq miqyaslı liderlər gərginlik yaradacaq şərhlərdən çəkinməlidirlər.