Vurğun Əyyubun partiyadan çıxarılması aranı qatdı… Siyasət

Vurğun Əyyubun partiyadan çıxarılması aranı qatdı…

Adil Qeybulla: "Müsavatçılıq Müsavat Partiyasından qat-qat geniş anlayışdır"

Tural Abbaslı: "Bu gün Müsavat Partiyasında onun üzvlərinin 70-80 faizi iclaslarda iştirak etmirlər"

Rövşən Dəmirli: "Demokratiyanın olmadığı təşkilatın demokratiya uğrunda mübarizə aparması gülünc səslənir"

Qubad İbadoğlu: "Hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq"

Müsavat Partiyasının yerli təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib. Müsavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimlinin verdiyi məlumata görə, partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısı keçirilib.
N. Kərimli deyib ki, toplantıda Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı müzakirə olunub: "O, özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib". N. Kərimli onu da bildirib ki, qərar Müsavat Partiyasının rəhbərliyi tərəfindən baxılıb, təsdiq olunmalıdır.
Müsavat funksioneri Vurğun Əyyub isə ona Müsavatdan çıxarılması ilə bağlı rəsmi məlumatın daxil olmadığını deyib: "Bu barədə heç bir məlumatım yoxdur. Partiyadan məlumat almamışam. Bilmirəm nə vaxt və niyə çıxarılmışam. Rəsmi məlumat daxil olmadığına görə, münasibət bildirməyə çətinlik çəkirəm".
Müsavat başqanının müavini Səxavət Soltanlı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının I müavini Vurğun Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib. Səxavət Soltanlı qərardan xəbərsiz olduğunu deyib: "Mən bu barədə qərarı mətbuatdan oxudum. Nizamnaməyə görə özək üzv qəbul edə və çıxara bilər. Vurğun Əyyub narazıdırsa, MNTK-a müraciət edər və araşdırılar. Bu nizamnamə tərəfidir". Siyasi tərəfinə gəlincə, S.Soltanlı bildirib ki, Vurğun Əyyub 8 aydır Müsavat Partiyasının əleyhinə təbliğatın başında dururdu. "O, özü özünü partiyadan çıxaran adamdır. Məncə bu qərarı ən çox arzu edən Vurğun Əyyub idi"-deyə, o əlavə edib.
Qeyd edək ki, Vurğun Əyyubun Müsavatdan çıxarılması qarşı tərəfin etirazına səbəb olub. Vurğun Əyyub tərəfdarı olan Adil Qeybulla bu addımına görə Müsavat sıralarından istefa verib.
A. Qeybulla bununla bağlı yaydığı bəyanatında qeyd edib ki, Müsavat Partiyası bərpa Mərkəzinin üzvü Vurğun Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb. "Əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı.
Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Əgər hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat partiyasından qat-qat geniş anlayışdır.
Əslində, mənim qurultaydan bir müddət öncə partiyadan getməyim bütün bunlarla bağlı idi. Amma o vaxt bu naqisliklər ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur", - deyə A. Qeybulla bəyanatında vurğulayıb.
"Vurğun Əyyubun Müsavatdan xaric edilməsi təbii ki, partiya üçün ayıb sayılacaq bir hərəkətdir. Çünki, hər bir partiya çalışmalıdır ki, Vurğun bəy kimi cəmiyyət tərəfindən qəbul olunmuş ziyalı onun sıralarında olsun",- deyən Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı qeyd edib ki, V.Əyyub istənilən halda, partiyanın potensialı, gücü baxımından dəyərli siyasətçi və ziyalıdır: "Nəzərə alsaq ki, artıq parlament seçkilərinə qısa bir müddət qalıb və Vurğun bəy də Suraxanı rayonundan namizəd olaraq irəli sürülmüşdü. Onun xaric edilməsi nəinki düzgün addımdır, hətta, böyük bir səhv, yanlış addım və qəbahətdir. Lakin mən düşünmürəm ki, bu addım Vurğun bəyin özü tərəfindən verilmiş bir qərardır. Guya burada texniki səbəblər göstərilir ki, Vurğun Əyyub iclaslarda iştirak etməyib və üzvlük haqqı verməyib".
T.Abbaslı hesab edir ki, bu əslində siyasi bir qərardır: "Yəni ki, həmin fikrə verilmiş siyasi sifarişdir ki, onlar da onu icra edir. Bu gün Müsavat Partiyasında onun üzvlərinin 70-80 faizi iclaslarda iştirak etmirlər. Bir o qədəri də üzvlük haqqı ödəyə bilmir. Bu texniki baxımdan da bu dəqiqə mümkün deyil. Çünki, Müsavat Partiyasının üzvlərinin sayı və yığılan üzvlük haqlarını nəzərə alsaq, görərik ki, partiyanın cəmi 2-3 faizi üzvlük haqqı ödəyir, ya yox".
O əlavə edib ki, bu da sübut edir ki, bu da daha çox siyasi sifarişdir: "Məndə olan məlumata görə, bu prosedurun özündə Nizamnamə pozuntuları olub. Yəqin ki, o araşdırılacaq. Güman edirəm ki, bu yanlış qərar ləğv olunacaq. Bir daha partiya rəhbərliyinə məsləhət görərdim ki, belə addımlar ataraq, partiyanın nüfuzdan salınmasına yol açmasınlar, əksinə qarşısını alsınlar. Çünki, tarixdə yazılmayacaq ki, Vurğun Əyyubu onun təmsil olunduğu rayon xaric etdi. Hamı deyəcək ki, Vurğun Əyyubu Arif Hacılı partiyadan çıxartdırdı. Niyə? Çünki, Vurğun Əyyub və digərləri onun partiyadaxili idarəçiliyini bəyənmirdilər. Bu da heç cür demokratik ənənələrə uyğun gəlmir. Əminəm ki, tez bir zamanda bu yanlış aradan qaldırılacaq. Ümumiyyətlə, partiyadan bu və ya digər əsassız bəhanələrlə heç kim xaric olunmayacaq. Partiya heç kimin şəxsi mülki deyil".
Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli isə fikirlərini bu cür deyib: "Bunlardan nə desən gözləmək olar. Demokratiyanın olmadığı təşkilatın demokratiya uğrunda mübarizə aparması gülünc səslənir. Suraxanı rayon təşkilatı mübarizə aparıb qərar verəcək. Ola bilsin ki, məhkəməyə müraciət olunsun. Qərargahın qarşısında etirazçıların toplantısı da gözlənilir".
Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli isə deyib ki, Vurğun Əyyubun qeydiyyatda olduğu yerli təşkilat hələ 2011-ci ildə onu partiyadan çıxarıbmış: "O vaxt partiya rəhbərliyi bu məsələni rəsmiləşdirməyib. Vurğun Əyyub o qərardan da bir neçə il əvvəl partiyadakı görəvindən istefa verdiyini bildirərək, mühacirətə getmişdi. O vaxt partiya rəhbərliyi bu istefanı da rəsmiləşdirməyib. Vurğun Əyyub 8 ildir partiyada fəaliyyət göstərmir. Lakin buna rəğmən qurultayda böyük iddialar ortaya qoydu. Qurultaydan sonra da partiya ilə əlaqəsi olmayıb. Yerli təşkilat 2-ci dəfə onu partiyadan çıxarıb".
Qubad İbadoğlu isə Arif Hacılını ittiham edərək Vurğun Əyyubun Müsavatdan çıxarılmasının partiya tarixinə qara ləkə kimi düşəcəyini deyib: ""Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən, cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur". Q. İbadoğlu bildirib ki, hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq: "İnanıram ki, ləyaqətli partiya üzvləri, dəyərli ictimaiyyət nümayəndələri, yaradıcı ədəbiyyat və mətbuat təmsilçiləri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərək demək olar ki, hər gün zəifləyən partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar".
"Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin müavini Vurğun Əyyub Müsavat Partiyasının üzvlüyündən xaric olunmayıb",- deyən Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlının sözlərinə görə, Vurğun Əyyub partiyanın sıralarından çıxarılmayıb. "O, yalnız Məclis üzvlüyündən çıxarılıb. Vurğun bəyin özü bildirmişdi ki, Məclisin legitimliyini tanımır. Ona görə onun Məclis siyahısında qalmağı hansısa başqa bir müsavatçının haqqını tapdalamaqdır. Bu səbəbdən Vurğun bəy yalnız Məclis üzvlüyündən çıxarılıb. Onun partiya sıralarından çıxarılması yalan söhbətdir".
"Vurğun Əyyub 7 ildir ki, özəyin iclasında iştirak etmir, üzvlük haqqı ödəmir", deyən Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin sədri Sabit Hacıyev bildirib ki, V. Əyyubun Müsavatdan çıxarılması barədə qərarın yanlışlığı barədə iddialar tam əsassızdır: "Bu informasiyanı yayan adamlar özləri həmin özəyin üzvüdürlər və onlar da iclaslara qatılmırlar. Dünənki iclasda 11 nəfər özək üzvündən 4 nəfəri iştirak edib. Qərarı üzvlərin 1/3-i verib. Bu da qərarın düzgün və heç bir pozuntu olmadan verilməsinə sübutdur". S. Hacıyev qeyd edib ki, sabah (Bu gün-Ə) V. Əyyubun Müsavatdan kənarlaşdırılması ilə bağlı qərarın protokolunu təsdiqlənməsi üçün Binəqədi rayon təşkilatının Şurasına təqdim edəcək.

Əli