Bakı və Daşkənd FHN-çiləri saziş imzalayıb Siyasət

Bakı və Daşkənd FHN-çiləri saziş imzalayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 19 may 2015-ci il tarixində Özbəkistan Respublikasının Fövqəladə Hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə bu ölkədə qısamüddətli rəsmi səfərdə olub. Səfər zamanı nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar naziri Tursinxan Xudayberqenovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. 19 may 2015-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məlumat daxil olan kimi nazir Kəmaləddin Heydərov Özbəkistanda nəzərdə tutulan bütün digər görüşlərini dərhal təxirə salaraq təcili Bakıya qayıdıb.