“Qarşılıqlı maraqlar nəzərə alınmalıdır” Siyasət

“Qarşılıqlı maraqlar nəzərə alınmalıdır”

"Ermәnistan tәrәfi Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı ciddi addımlar atmaq iqtidarında deyil vә bunu etmir".
Bunu Azәrbaycan Prezident Administrasiyası rәhbәrinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Mәmmәdov Riqada Azərbaycan jurnalistlərinə açıqlamasında deyib.
Novruz Məmmədov Azәrbaycan tәrәfinin bununla bağlı hәmişә öz mövqeyini bildirdiyini xatırladıb: "Ona görә dә biz hәmsәdrlәri hər zaman daha fәal olmağa çağırırıq, onlar da hansısa addımlar atırlar".
Prezident Administrasiyası rәhbәrinin müavini Qәrbdә, Avropada bәzi dairәlәrin Azәrbaycana qarşı әdalәtli yanaşma nümayiş etdirmədiyini də vurğulayıb.
Novruz Məmmədovun sözlәrinә görә, Azәrbaycan bununla bağlı dәfәlәrlә mövqeyini bildirib: "Hәtta müәyyәn mәsәlәlәrlә bağlı Azәrbaycana qarşı tәşkil olunmuş, koordinasiya edilmiş kampaniya aparılır. Bir neçә hәftә әrzindә hәddindәn çox müxtәlif proseslәr, dinlәmәlәr, mәtbuatda yazılar, televiziya kanallarında verilişlәr gedib. Bunlar hәqiqәti әks etdirmir. Buna Azәrbaycan tәrәfi cavabını verir vә verәcәk".
Novruz Məmmədov "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı Azərbaycanın mövqeyinin dəyişmədiyini vurğulayıb: "Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin hər biri ilə o olkələrin xarakteri nəzərə alınaraq münasibətlər qurulsun. "Təəssüf ki, indiyə kimi belə deyildi. Amma bu sammitdə görünür ki, Avropa İttifaqının rəhbərləri belə bir qərara gəliblər ki, əməkdaşlığı fərqləndirsinlər. "Şərq tərəfdaşlığı" dövlətləri məsələlərə öz nöqteyi-nəzərindən, öz maraqları çərçivəsində yanaşır. Fikrimcə, tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq gələcəkdə də uğurla davam etdirilsin. Bunun üçün də qarşılıqlı maraqlar nəzərə alınmalıdır. Hər bir ölkənin bu tərəfdaşlıq çərçivəsində gördüyü işlərin, əməkdaşlığın xarakterinin nəzərə alınması vacibdir".
Novruz Məmmədov bildirib ki, Riqada keçiriləcək sammitdə bu illər ərzində Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında əməkdaşlığın vəziyyəti, bu əməkdaşlığın gələcək perspektivləri barədə danışıqlar aparılacaq.