“Bu, açıq-aşkar təcavüzkarı dəstəkləməkdir” Siyasət

“Bu, açıq-aşkar təcavüzkarı dəstəkləməkdir”

Əliməmməd Nuriyev: "Azərbaycan ATƏT-in bu rəsmi nümayəndəsi ilə bağlı dərhal nota verməlidir"

Sahib Məmmədov: "ATƏT rəsmisi təmsil etdiyi təşkilatın mandatını ciddi şəkildə pozub"

Tiflisdə Dağlıq Qarabağ münaqişəsi haqqında konfrans iştirakçıları qarşısında çıxış edən ATƏT rəsmisi üzərində "NKR" yazılmış xəritə nümayiş etdirib və deyib ki, 60 min azərbaycanlı Dağlıq Qarabağ ətrafındakı rayonlarından məcburi köçkünə çevrilib. O, rayonların işğalı barədə "armenians occupied" (işğal etdilər) əvəzinə "armenian troops conquered" (erməni qoşunları fəth etdilər) ifadəsini də işlədib. Məsələyə münasibət bildirən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, ATƏT nümayəndəsinin məsələyə belə bir münasibət bildirməsi qurumun prinsiplərinə, daxili qaydalarına tamamilə ziddir. Onun sözlərinə görə, bu, açıq-aşkar təcavüzkarı dəstəkləməkdir: "Hesab edirəm ki, Azərbaycan ATƏT-in bu rəsmi nümayəndəsi ilə bağlı dərhal nota verməlidir. Ümumiyyətlə, həmin şəxsin hər hansı bir formada danışıqlar prosesində məruzəçi və yaxud da münaqişənin həlli ilə bağlı konfranslarda iştirakına öz etirazını bildirməlidir. Eyni zamanda gələcəkdə də belə şəxslərin konfranslarda iştirakının yolverilməz olduğunu diqqətə çatdırmalıdır. Ümumiyyətlə, Azərbaycan belə konfranslarda iştirak etməkdən özü imtina etməlidir. Bu adam açıq şəkildə təcavüzkara haqq qazandırır. Yəqin ki, orada iştirak edən Ərəstun Oruclu çıxışı zamanı öz arqumentlərinin səsləndirəcəkdi. Hesab edirəm ki, bütövlükdə Azərbaycan cəmiyyətindən belə konfranslarda iştirak edən hər kəs bu tipli "məmurların" çıxışlarına öz etirazını bildirməlidir. Buradan açıq şəkildə sezilir ki, bu şəxs tamamilə ermənilərin nəzarəti altında olan bir insandır və çıxışı ilə bunu sübut edib. Necə ola bilər ki, bu insan "Dağlıq Qarabağ Respublikası"nın xəritəsi olan köynəklə gedib və hansısa fəthdən danışasan? Bu, diplomatik qaydalara ziddir. Belə tipli insanların münaqişənin həlli ilə bağlı məruzəçi kimi təyin edilməsi və yaxud da konfransda çıxış etməsi yolverilməzdir. Bu da ATƏT-in bəzi rəsmilərinin Azərbaycana qarşı təzyiq elementlərindən istifadə etməklə bağlı olan üsullarından biri kimi də dəyərləndirmək olar. Çox təəssüf ki, ATƏT-də bu tipli düşünən insanlar da var". Ə.Nuriyev deyib ki, ATƏT-in əsas prinsipləri dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıdır: "ATƏT-in yaranması və mövcud olması bu prinsiplərə söykənir. İkinci Dünya müharibəsi başa çatdıqdan və Tehran kofransından sonra dünyanın təhlükəsizliyinin arxitekturasını təmin edən bir qurum olmalı idi. Hesab edirəm ki, bu prinsiplərə zidd gedən bir məmurun ATƏT-də işləməsi ümumiyyətlə yolverilməzdir. Azərbaycan daxil olmaqla bu qurumun saxlanılmasına vəsait ayrılır. Azərbaycan Xarici İşlər Nazirliyi bu tipli insanların gələcəkdə ATƏT-də işləməsinin qeyri-mümkünlüyü məsələsini qoymalıdır. Həm də bu konfransı təşkil edənlərə ciddi şəkildə etiraz olunmalıdır və gələcəkdə keçirilən tədbirlərdə hər şey əvvəlcədən razılaşdırılmalıdır. Çünki belə konfranslarda bu tipli şəxslərin çıxış etməsi münaqişənin həllinə yox, yeni təcavüzkar hərəkətlərə stimul yaradır. Eyni zamanda düşünürəm ki, bu məsələ ilə bağlı bizim ənənəvi müxalifət də öz fikrini söyləməlidir. Xeyli sayda köşə yazarları peyda olublar. Heç olmasa bu məsələ ilə bağlı öz möqelərini bildirməlidirlər".
"Vətəndaşların əmək hüquqları" Liqasının sədri Sahib Məmmədov deyib ki, ATƏT rəsmisi belə çıxış edibsə, o təmsil etdiyi təşkilatın mandatını ciddi şəkildə pozub. Onun sözlərinə görə, bu ən azı notaya səbəb olacaq bir hərəkətdir: "Xüsusilə, konfliktlərin qarşısının alınması kimi bir mərkəz olan ATƏT nümayəndəsi belə bir hərəkətə yol verməməlidir. Hər halda ATƏT adından çıxış edən, səlahiyyət verilmiş şəxsin münaqişə tərəflərindən birinə üstünlük verməsi, tərəfkeşlik etməsi mandatın kobud şəkildə pozulması deməkdir. Bakıda bağlanan ofisin konfliktlərlə bağlı ofisə heç bir aidiyyatı yox idi. Buradakı daha çox demokratik təsisatlar və insan hüquqları bürosuna aid olan bir layihə idi. Əslində, bunlar ATƏT-də ayrı-ayrı qurumlardır. Amma əgər soruşsanız, mən də Bakı ofisinin bağlanmasının tərəfdarıyam. Çünki mən onların çoxdan korrupsiyaya bulaşması barədə faktlar deyirdim. Şahtaxtinski gəldikdən sonra son dövrlər düzəlmişdi. Amma bütövlükdə bu ofisin fəaliyyətindən narazı idim".