Vətəndaş cəmiyyəti və mediada gender bərabərliyi problemləri Layihə

Vətəndaş cəmiyyəti və mediada gender bərabərliyi problemləri

Ekspertlər bu barədə nə düşünürlər?

Vətəndaş cəmiyyəti insanların iqtisadi, peşə, mədəni, dini və digər maraqlarının formalaşdığı və reallaşdığı sosial əlaqələr sistemidir. Bu maraqlar vətəndaş cəmiyyətinin ailə, dini icmalar, təhsil sistemi, elmi, peşə və digər birliklər, assosiasiyalar, təşkilatlar kimi təsisatların vasitəsilə əks etdirilərək həyata keçirilir. Vətəndaş cəmiyyəti, bütövlükdə, şəxsi maraqlar, tələbatlar və s. sahələrdə təcəssüm olunur. Vətəndaş cəmiyyəti və hüquqi dövlət və onların təşkilatları ayrı-ayrı sosial güc və maraqlar arasında ahəngdarlığın əldə olunması üçün meydana gəlirdi. Vətəndaş cəmiyyətində vahid maraqlarla birləşən təşkilatlardan ibarət maraqlı qruplar mühüm yer tutur. Maraqlı qruplar və təşkilatlar ayrıca bir fərdə öz imkanlarını və tələblərini reallaşdırmaq üçün zəruri yer ayırır və eyni zamanda, iqtisadi, etnik, dini, regional, demoqrafik, peşə və gender maraqlarının müxtəlifliyini əks etdirir. Onu da qeyd edək ki, mediada gender bərabərliyinin təbliği üçün vətəndaş cəmiyyəti institutları da medianı bu məsələlərə diqqət ayırmağa sövq etməlidir.
Ekspert Xalid Vahidoğlunun fikrincə, Azərbaycan mediasında uzun illərdir gender stereotiplərinin qabardılmasının şahidi oluruq. Qadınlar və kişilərin cəmiyyətdəki yeri, onların funksiyaları və sosial rolları ilə bağlı formalaşmış təsəvvürlər mediaya təkcə mövzularla deyil, istifadə edilən dil, metaforalar və terminlər vasitəsilə də yeridilir. Media bilərəkdən və ya bilməyərəkdən qadınları kişilərlə müqayisədə daha əlverişsiz şəkildə işıqlandırır. Bununla da cəmiyyətdə qadınlarla kişilərin mövcud yeri haqda hökmran olan stereotiplər daha da qüvvətləndirilir. Mətbuat qadınlara gözəl və cazibədar olmaq, dadlı yeməklər bişirmək, evinin xanımı olmaq kimi vərdişlər aşılayır. Siyasətçi xanımların isə "kişi kimi" davranışları, "dəmir ledi" olmaq kimi xüsusiyyətləri qabardılır. Artıq dünyada qəbul olunub ki, demokratiyanın inkişafının əsas pirinsiplərindən biri gender bərabərliyinin təmin olunmasıdır. İnkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəli təhlili göstərir ki, bizdə demokratiyanın inkişafına mane olan mühüm amillərdən biri gender bərabərliyi mədəniyyətinin aşağı səviyyədə olmasıdır. Bu da öz növbəsində ölkənin dinamik inkişafını ləngitməklə, hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməsinə mane olur. Azərbaycanda kişilər hələ də cəmiyyətdəki dominant statuslarını qadınlarla bərabər imkanlara əsaslanmaqla bölüşmək istəmirlər. Qadınları daha çox özlərinə tabe vəziyyətdə görmək istəyən Azərbaycan kişisi ailənin sosial və məişət problemlərinin əskəriyyətinin qadınların çiyinlərinə yükləsə də, siyasi-ictimai həyatda ona rol vermək istəmir.
Azərbaycan kişisi hesab edir ki, qadınlar - anamız, bacımız, sevdiyimiz və ürəyimizdə böyük yerə sahib birisidir. Amma ictimai-siyasi həyatda o, çərçivələnmiş və məhdud hüquqlara malik biri olmalıdır. Nəticədə, bu gün əksər Azərbaycan qadını mülkiyyət sahibi olmayan, ictimai nüfuza yiyələnməyən, dövlətdə və idarəetmədə səsi eşidilməyən bir kimsədir. Bu gün də cəmiyyətdə mövcud patriarxal sosial normalar, qadınların kişilərlə bərabər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməsinə imkan vermir. Kişi tabeçiliyinə əsaslanan cinslərarası münasibətdə qadınlar çox vaxt zorakılığın qurbanına çevrilirlər. Bu mənada inkişaf etmiş mülki cəmiyyətin formalaşması, hüquqi dövlət quruculuğu ilə bağlı tələblər, ictimai-siyasi proseslərdə gender münasibətlərinin ədalətli şəkildə tənzimlənməsini tələb edir. Belə bir şəraitdə qadınların ictimai-siyasi həyatda aktiv iştirakına mane olan amillərin kompleks araşdırılması, ortaya çıxarılmasına və qadınlara yönəlik hökumət siyasətinin formalaşmasına ehtiyac var. Gender bərabərliyinin təmin edilməsində stereotiplərin aradan qaldırılması, cinslərin cəmiyyətdə sosial rolları barədə insanların maarifləndirilməsi mühüm amil olduğundan bu məsələdə medianın rolunu da görməməzliyə vurmaq olmaz. Bəs gender bərabərliyinin təminatında medianın rolunun artırılması üçün hansı addımların atılması zəruridir? Araşdırmalar göstərir ki, digər problem hökumətin bilərəkdən gender məsələsini bəsitləşdirməsidir. Gender bərabərliyi həm də modern bir ailə yapısı, dövlət idarəçiliyi deməkdir. Yəni insan yaşadığı əsrə adekvat olmalıdır. Amma ölkəmizdə bilərəkdən gender bərabərliyini kişi-qadın münasibətləri səviyyəsinə gətirirlər. Bunu kimlərsə şüurlu şəkildə edərək məsələni daraldır. Amma burada söhbət stereotiplərin ləğvindən yox, stereotiplərin dəyişməsindən getməlidir. Cəmiyyətdə nə qədər çox stereotip olursa, sən o qədər də çox dəyişə bilərsən. Cəmiyyətə yeni məzmun gəlir bununla. Bu istiqamətdə çox analızlərə də ehtiyac var ki, medianın özü də anlasın ki, gender bərabərliyi deyəndə söhbət nədən gedir. Azərbaycan cəmiyyəti hələ feminizmi lazımınca keçməyib. Qadının önə çıxarılmasını hələ bizim cəmiyyətimiz keçməyib. Amma real həyatda, mətbəxdə, evdə qadın artıq önə çoxdan çıxıb. Ailədə qadın önə çıxıb və de-fakto hakimiyyət ondadır. Amma de-yure hələ hökmranlıq kişidə qalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə gender bərabərliyi ilə bağlı vəziyyətin müsbətə doğru dəyişdiyi qənaətindədir: "Əvvəlki illərlə müqayisədə son dövrlər Azərbaycanda icra hakimiyyəti başçılarının müavinlərinin böyük əksəriyyətini qadınlar təşkil etməkdədir". Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli də o qənaətdədir ki, problemin səbəbi və həlli qanunvericiliklə bağlı deyil: "Mətbuatı cəmiyyətdən üstün və ağıllı bir qüvvə kimi görmək olmaz. Cəmiyyətdə nə baş verirsə, mətbuat da onu işıqlandırır. Mətbuat zaman-zaman təbliğatla və ya əks-təbliğatla məşğul olur. Amma gender stereotiplərinin mətbuat tərəfindən yaradıldığını düşünmək olmaz. Qanunlar peşəkarlıq, obyektivlik kimi məsələləri tənzimlədiyindən mətbuat da bütün məsələlərə peşəkar şəkildə yanaşmalıdır".
Ekspert Z.Məmmədli hesab edir ki, cəmiyyətdə gender məsələləri ilə bağlı mövcud olan dərin problemlər mətbuat tərəfindən işıqlandırılmalıdır: "Mətbuat cəmiyyətdə gender stereotipləri ilə bağlı ənənəvi təsəvvürlərin dəyişilməsi üçün təbliğat aparmalıdır. Cəmiyyətdə qadının və kişinin sosial rolu ilə bağlı insanlara doğru informasiya verilməlidir. Bütün bu münasibətlərin müsbət mənada dəyişməsi üçün təbliğat aparılmalıdır. Media bununla bağlı təsəvvürlərin dəyişməsi üçün cəmiyyət qarşısındakı funksiyasını yerinə yetirməlidir.
Artıq istər ailədə, istərsə də cəmiyyətdə inzibati yollarla nəyəsə nail olmağın mümkünsüzlüyü anlaşılmalıdır. Demokratik idarəetmənin inzibati idarəetmədən üstünlüyü cəmiyyətə təlqin edilməlidir. Bu dəyişmə olmadan dövlətin tipi də kişi tipi olur və gücə əsaslanır. Halbuki bunların könüllü seçimi lazımdır. Gender məsələsi faktik olaraq medianın bütün mövzularını əhatə etməlidir. Qadınların və kişilərin cəmiyyətdə sosial rolu, gender bərabərliyi xəbərlərdə, ədəbiyyatda, mətbuatda əks olunmalıdır. Amma bu gün nə mediada, nə kinoda bunu görmürük. Media həm də bu məsələdən pul qazanmağı bacarmalıdır".
Əksər ekspertlər o qənaətdədir ki, mediada gender bərabərliyinin təbliği üçün həm hökumət, həm vətəndaş cəmiyyəti institutları, həm də media səmimi işləməlidir. Mediada gender bərabərliyinin təbliği üçün vətəndaş cəmiyyəti institutları da medianı bu məsələlərə diqqət ayırmağa sövq etməlidir. Həmin qurumların özləri media ilə bu mövzu ilə bağlı işləməlidir. Medianı inandırmaq lazımdır ki, bundan cəmiyyət və medianın özü də qazanacaq. Bu sahədə təbliğat işləri aparmaq və alimlərin, media nümayəndələrinin iştirakı ilə seminar xarakterli dəyirmi masalar keçirmək lazımdır. Belə müzakirələr gender bərabərliyinin təbliğinə yardım etməklə yanaşı, həm də jurnalistlər arasında bu sahə ilə bağlı məlumatlılıq dərəcəsini artırardı. Önəmli olan həm də birgə işləməyi bacarmaqdır. Yaranmış duruma görə medianı birtərəfli qınamaq da olmaz. Çünki media bu mövzu ilə bağlı sadəcə kimlərəsə meydan verə bilər. Bu meydandan necə istifadə etmək və cəmiyyətə hansı mesajları ötürmək isə həmin təşkilatların üzərində qalır. Bu kimlər olmadıqda isə media başlayacaq saralmağa...

Cavid
(davamı var)