Vətəndaşların hüquqlarının müdafiəsi Layihə

Vətəndaşların hüquqlarının müdafiəsi

III yazı

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsində bildirilir ki, fəaliyyətə başladığı ilk günlərdən vicdan və dini etiqad azadlığının təmin edilməsinə xüsusi diqqət yetirən Müvəkkilin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə səmərəli əməkdaşlığı çərçivəsində dini konfessiya və icmaların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə tədbirlər də keçirilib. Müvəkkilin təşəbbüsü və DQİDK ilə əməkdaşlıqda Milli Məclisin deputatlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə "16 noyabr - Beynəlxalq Tolerantlıq Günü"nə həsr edilmiş "Azərbaycan - tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa keçirilib, əhalisi polietnik və çoxmillətli olan ölkəmizdə tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğu, müxtəlif dinlərə mənsub insanların, azsaylı xalqların və etnik qrupların inkişafı üçün lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.
2014-cü il 23 dekabr tarixində keçirilmiş bələdiyyə seçkilərinə hazırlıq dövründə Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra strukturlarının və polis orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə əhali qrupları arasında, icmalarda seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi və səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən maarifləndirmə tədbirləri təşkil edilib.
Müvəkkilin təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Şəki, Gəncə, Cəlilabad, Füzuli və Qubada bələdiyyə seçkiləri üzrə silsilə regional maarifləndirmə tədbirləri keçirilib. Həmin tədbirlərdə Mərkəzi Seçki Komissiyasının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ətraf şəhər və rayonların dairə və məntəqə seçki komissiyalarının, bələdiyyə orqanlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq standartlara uyğun olaraq, daha da təkmilləşdirilmiş Seçki Məcəlləsinin, habelə ölkə Prezidentinin 2005-ci il 11 may tarixli və 2005-ci il 25 oktyabr tarixli məlum sərəncamlarının müddəalarının təbliği davam etdirilib. Müvəkkilin və təsisatın əməkdaşlarının bələdiyyə seçkilərində müşahidəçi qismində iştirakı ilə əlaqədar seçki ərəfəsində Müvəkkilin dəvəti ilə Mərkəzi Seçki Komissiyası tərəfindən aparatda əməkdaşlar üçün seçki hüquqları ilə bağlı treninq təşkil olunub. Mərkəzi Seçki Komissiyasının nümayəndəsi seçki qanunvericiliyi və təcrübəsi, namizədlərin qeydiyyatı, beynəlxalq və yerli seçki təcrübəsi, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib.
2014-cü il 23 dekabr tarixində keçirilmiş bələdiyyə seçkiləri günü Müvəkkil və 40 əməkdaşı Bakı şəhəri və ölkənin 48 rayonunda, habelə hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində 98 seçki dairəsi üzrə 402 seçki məntəqəsində müstəqil müşahidəçi qismində seçkilərə qatılıb, səsvermə prosesini izləyiblər. Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə bələdiyyə seçkiləri demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib.
Müşahidə edilmiş bir sıra məntəqələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən veb-kameralar quraşdırılıb, seçkilərin gedişatının bilavasitə izlənilməsi üçün real şərait yaradılıb. Müşahidələrin nəticəsi olaraq qeyd edilməlidir ki, səsvermə zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müşahidə edilməyib. Eyni zamanda pozuntulara yol verilmiş bəzi seçki məntəqələri üzrə seçkilərin nəticələri ləğv edilib.
Qeyd edilməlidir ki, əvvəlki bələdiyyə seçkilərində respublika üzrə seçilmiş bələdiyyə üzvlərinin müvafiq olaraq 4 və 26 %-i qadın olduğu halda, ötən seçkilərdə bu rəqəm 35 % təşkil edib. Ümumilikdə, bələdiyyə seçkiləri Seçki Məcəlləsinə uyğun həyata keçirilməklə ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib.
""Elektron hökumət" portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdim edilməsi də vətəndaşların əvvəlki illərdə üzləşdikləri bir çox problemlərin maneəsiz həllinə imkan verib. Bu vəziyyət müraciət etmək hüququnun daha səmərəli təmin edilməsi ilə yanaşı, şikayətlərin azalmasında da özünü göstərib. Vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış "ASAN xidmət" mərkəzləri ötən il də fəaliyyətini uğurla davam etdirib. Vətəndaşların müraciət etmək hüququnun səmərəli təmini məqsədilə regional elektron müraciət terminallarının yaradılması da böyük əhəmiyyət kəsb edib. Bu baxımdan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu müsbət təcrübə kimi dəyərləndirilməlidir. Həmin qəbullar əhali tərəfindən razılıq hissi ilə qarşılanıb. Müraciət etmək hüququnun pozulması hallarının qarşısının alınmasında mühüm vasitəyə çevrilmiş "ASAN xidmət" sisteminin uğurlu fəaliyyəti ilə yanaşı, demək olar ki, əksər dövlət qurumlarında təşkil edilən və əməli fəaliyyətdə olan "qaynar xətt" sistemləri müraciətlərə, xüsusilə də şikayətlərə təxirə salınmadan baxılmasını təmin edib.
Göstərilən yenilik və irəliləyişlər müraciətlərin vaxtında cavablandırılması istiqamətində mühüm əhəmiyyət kəsb etməsi ilə yanaşı, bu hüququn təmin edilməsində bəzi problemlər, o cümlədən məmur özbaşınalığı, vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbul edilməsində yaradılan maneələr, müraciətlərə vaxtında baxılmaması və ya cavab verilməməsi, süründürməçilik halları hələ də qalmaqdadır.
Müraciət etmək hüququnun pozulması ilə bağlı ötən il 875 müraciət daxil olub, səlahiyyətlər çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Müraciətlərdə, xüsusilə də şikayətlərdə öz əksini tapmış problem və məsələlər üzrə təxirəsalınmaz, təcili və ya planlı tədbirlər görülüb, ərizəçiləri narahat edən məsələlər araşdırılıb, Nəticəsindən asılı olaraq, müvafiq tədbirlər görülüb, habelə məlumatlandırma və izahat işləri aparılıb, əsasən pozulmuş hüquqların bərpasına nail olunub.
Təhlillərin, monitorinqlərin və yerində araşdırmaların nəticələri göstərir ki, bir sıra hallarda vətəndaşların şikayətlə mərkəzi dövlət qurumlarına müraciət etməsinin əsas səbəblərindən biri müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və ya ayrı-ayrı məmurlarının öz vəzifələrini yetərincə icra etməmələridir. Bu problem yerli icra strukturlarında özünü daha çox göstərir.
İstər yazılı, istərsə də şifahi müraciətə qarşı biganə münasibət, vətəndaşların aidiyyəti dövlət qurumlarında qəbul edilməməsi, habelə lazımi izahatın verilməməsi təkrar şikayətlərə səbəb olur. Odur ki, mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi qurumların rəhbərləri tabelikdəki və ya fəaliyyətinə nəzarət etməli olduqları strukturların fəaliyyətini daim diqqətdə və nəzarətdə saxlamalı, qanun pozuntularının aşkar edilməsi, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər görməlidirlər.
Ölkə Prezidentinin dəfələrlə birbaşa göstəriş və tapşırıqlarına, habelə cəzalandırmalara, həmçinin idarəetmənin təkmilləşməsinə və məmur-vətəndaş münasibətlərinin yeni tələblər səviyyəsində qurulmasına baxmayaraq, hələ də məmur özbaşınalığına və kobud rəftara yol verilir, bəzi məmurlar vətəndaşların etimadını doğrultmur, əhalinin qayğı və problemlərinə diqqətlə yanaşmırlar.
Bir sıra hallarda vəzifəli şəxslərin laqeydliyi və diqqətsizliyi obyektiv həqiqətin müəyyən edilməsinə imkan verməmiş, araşdırma prosesi uzanmış, süründürməçiliyə yol verilib ki, bu da müraciət etmiş vətəndaşın təkrar şikayətlərinə səbəb olub.
Diqqəti çəkən hallardan biri də odur ki, vətəndaşın şikayəti üzrə Müvəkkil tərəfindən aidiyyəti dövlət qurumlarına yoxlama tapşırığı ilə bağlı verilmiş cavablarda bir sıra hallarda həmin vətəndaşın "şikayəti əsəbiləşərək yazdığı", "müraciətində yanlışlığa yol verdiyi", "savadı olmadığı üçün ərizədə yazılanlardan xəbərinin olmadığı", araşdırma zamanı şikayətçi olmadığı kimi hallar da göstərilib ki, bu da müvafiq müraciətlərin obyektiv araşdırılmasını şübhə altına almaqla yanaşı, həmin ərizələrin müəyyən vəzifəli şəxslərin təsiri və ya təzyiqi altında yazılmasını istisna etmir. Nəticə olaraq qeyd edilməlidir ki, müraciət etmək hüququnun pozulması ilə bağlı daxil olmuş hər bir müraciət araşdırılıb, həmin müraciətlərin müvafiq dövlət qurumları, müəssisə, idarə və təşkilatları tərəfindən cavablandırılması təmin edilib, habelə Müvəkkil tərəfindən vətəndaşlara yazılı cavablar verilib.


Uğur