“Azərbaycanda tolerant şəraitdə öz dillərini və mədəniyyətlərini yaşadan xalqlar...” Layihə

“Azərbaycanda tolerant şəraitdə öz dillərini və mədəniyyətlərini yaşadan xalqlar...”

Aqil Əhmədov: "Sosial-iqtisadi, mədəni inkişafa töhfə verir"

"İnsan hüquqlarının müdafiəsi kimi mühüm məsələlər demokratik tərəqqi yolunu tutmuş dövlətlərdə davamlı inkişafa ciddi dəstək ifadə etməkdədir. Bu baxımdan, Azərbaycan Respublikasında vətəndaş hüquqlarının təmin olunması ilə paralel, insan hüquq və azadlıqlarının qorunmasına göstərilən yüksək münasibət beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşıldığını göstərir. Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələsi ölkədə yaşayan xalqlara münasibətdə daha qabarıq şəkildə özünü əks etdirir. Qədim dövlətçilik ənənələrinin mövcud olduğu Azərbaycanda həyatın müasir mərhələsində tolerant mühitin formalaşması və xalqlar arasında mehriban münasibətlərin hökm sürməsi həyata keçirilən stabil daxili və xarici siyasətin nəticəsi olaraq meydana çıxır". Bunu tarix üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin böyük elmi işçisi Aqil Əhmədov qeyd edib. O əlavə edib ki, stabil siyasət Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının təmin olunmasında əsas amillərdən birincisidir: "Çoxkonfessiyalı dövlət olan Azərbaycanda müşühidə olunan sosial-iqtisadi inkişaf və tərəqqiyə nail olunmasında insan hüquqlarının yüksək səviyyədə müdafiəsi ilə yanaşı bu siyasətin nəticəsi olaraq ölkə ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinə göstərilən ehtiram sivilizasiyalararası dialoqun genişləndirilməsinin vacibliyinə diqqət çəkir. Bu səbəbdən Azərbaycanda multikultural dəyərlərin inkişafı bilavasitə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hazırda respublikada mövcud olan davamlı inkişaf, insan hüquqları və multikultural dəyərlərin təməlində düşünülmüş, praqmatik siyasət dayanır. Azərbaycanda müasir dövlət quruculuğunun və multikulturalizm siyasətinin müəllifi olmuş görkəmli dövlət xadimi Heydər Əliyev tarixən ölkədə yaşamış və hazırda yaşamaqda olan xalqların sosial-mədəni potensialını yüksək qiymətləndirmişdir. Məhz ilk dəfə Heydər Əliyev tərəfindən Azərbaycanda mövcud olan çoxmədəniyyətli cəmiyyətə siyasi və hüquqi qiymət verilmişdir. Bununla bağlı Heydər Əliyev çıxışlarının birində deyib: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq". Respublikanın çoxmilli tərkibi ölkənin müasir beynəlxalq münasibətlərə inteqrasiyasına müsbət təsir göstərir və tanınması baxımından əhəmiyyət kəsb edir.Bu səbəbdən qeyd etmək lazımdır ki, çoxkonfessiyalı milli sərvəti qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının borcudur və bu məqam dövlətin həm siyasi həm də mədəni baxımdan mühüm üstünlüyüdür".
Onun firkincə, dövlətin mövcudluğu müəyyən sərhədlər, iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda ənənələrə də söykənir: "Azərbaycan xalqının məskunlaşdığı və yayıldığı bu ərazidə tarixən yaratdığı çoxlu dövlətləri olubdur. Xalqımızın tarixdə özünəməxsus imzası var, yaratdığı dövlətlər Yaxın və Orta Şərqdə çox ciddi tarixi izlər qoyub. Dövlətçilik yaşadığımız tarixi dövrün reallıqları ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara çatdırılmasıdır. Dövlətçilik dedikdə ilk növbədə tarixdən bizə ötürülən, nəsillərə əxz etdiyimiz, qazandığımız həmin dövlət prinsiplərinin saxlanılması, qorunması yada düşür. Xalq üçün birinci onun dövlətidir. Əgər dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar?. Buradan aydın olur ki, tarixi dövlətçilik və mədəni ənənələrin qovuşduğu məkanlardan olan Azərbaycanda sivilizasiyalararası münasibətlərə ehtiramla yanaşılıb və eyni mövqe və siyasət müasir dövrdə daha sivil qaydalarda davamlı inkişafa nail olunması və insan hüquqlarına münasibətdə öz əksini tapıb .
Hazırda Azərbaycanda tolerant şəraitdə öz dillərini və mədəniyyətlərini yaşadan xalqlar sosial-iqtisadi, mədəni inkişafa töhfə verir, həmçinin ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında onların səyləri müşahidə olunan vacib məqamlardandır.
Prezident İlham Əliyevin 2016-cı ili ölkədə multikulturalizm ili elan etməsi beynəlxalq aləmin diqqətini çəkir, respublikaya göstərilən maraq artır və müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının mümkün olduğunu açıq şəkildə bəyan edir. Burada Prezident İlham Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi yüksək münasibət, dövlətin təməl siyasi prioritetlərinin uğurla davam etdirildiyini və multikulturalzmin alternativinin olmadığını göstərmiş olur".
O bildirib ki, hüquqi-demokratik dövlət quruculuğu görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində mühüm istiqamət təşkil edib: "Burada Heydər Əliyevin vətəndaş və insan hüquqlarının təmin olunması sahəsində verdiyi fərmanlar və digər qəbul olunan sənədlər ölkənin gələcək inkişafı üçün ciddi əsas yaradıb. Bu isə öz növbəsində Azərbaycanda stabil siyasi inkişafa gətirib çıxarıb. Azərbaycanda belə yüksək inkişafın bir təzahürü kimi, biz çoxkonfessiyalı cəmiyyətin, xalqlararası münasibətin təmin olunmasını daha yaxından müşahidə edirik. 1998-ci ilin 22 fevralında Heydər Əliyev "insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb, burada insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilib. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Həmin ilin 18 iyun tarixində isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olub. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirib. Göründüyü kimi Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyinin ilk illərində insan və vətəndaş hüquqlarının müdafiə olunması kimi məsələlər əhəmiyyəti ilə seçilib. Qəbul olunan fərmanlarda göstərilən müddəalar Azərbaycan ərazisində yaşayan hər kəsə, bütün xalqların nümayəndələrinə şamil edilir və hazırda Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində imzaladığı Dövlət Proqramı məhz Heydər Əliyevin təməlini qoyduğu müdrik və sülhsevər siyasətin nəticəsi və ümumilikdə davamı olaraq genişlənməkdədir".
Onun sözlərinə görə, beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək insan hüquqları sahəsində beynəlxalq sənədlərə qoşulan Azərbaycanda bu siyasətin vacib tərəflərindən biri kimi milli və dini zəmində mədəniyyətlərarası gərginliyin olmaması məhz Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirildiyini göstərməkdədir: "Burada həmçinin BMT, İƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilat rəsmilərinin Azərbaycanda həyata keçirilən multikulturalizm dövlət siyasətinin inkişafını təqdir etdiklərini qeyd etmək lazımdır. YUNESKO-nun baş direktoru, İƏT Baş katibi, İSESKO-nun baş direktoru və ya Aİ rəsmiləri Bakıda keçirilən Humanitar Forumlarda yaxından iştirak etmiş, tədbirin insan hüquqları və multikulturalizmə həsr olunan bölmələrində Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq aləm üçün əhəmiyyətinə diqqət çəkiblər. Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bununla dünyada sülh və əminamanlığın davamlı olması üçün bütün dövlətlərin mövcud sahədə aktiv siyasət yürütməsinin vacibliyini önə çəkib. Burada Ermənistanın region üçün təhdidə çevrilən işğalçılıq siyasətinin insan hüquqlarına ciddi zərbə vurduğu göstərilməklə yanaşı xalqların Qafqaz adlı ümumi evində multikultural dəyərlərin inkişafına da mənfi təsiri vurğulanıb. Hazırda Ermənistanın monoetnik ölkə kimi mədəni inkişaf səviyyəsinin tənəzzülə uğraması fikri heç bir Avropa liderində şübhə döğurmur. Bu səbəbdən multikultural dəyərlər və insan hüquqları bir-birini tamamlayır və hər ikisinin fəaliyyətində insan amili, dialoq və hörmət prinsipi əsas məqamlardandır. Azərbaycan Respublikasında insan hüquqlarına hörmət və multikultural dəyərlərə göstərilən ali münasibətdən danışarkən tarix və müasirlik arasında paralel aparmaq mümkündür. İslam sivilizasiyasının, həmçinin islama qədər Azərbaycanda mövcud olmuş bir çox mədəniyyətlərin və dinlərin yayılması müasir dövrdə ölkənin müasir beynəlxalq münasibətlərə inteqrasiyasında siyasi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə olduğu halda, tarixdən gələn və müasir dövrdə əhəmiyyətini itirməyən çoxmədəniyyətli cəmiyyətin inkişafı məsələsi, dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin siyasi fəaliyyətində diqqət mərkəzində olub və Azərbaycanda multikultural dəyərlərin müdafiəsi sahəsində konsepsiya təşkil eşdib.
Əslində burada üzərində durulması vacib olan məqamlardan biri, Heydər Əliyevin mükəmməl siyasi idarəçiliyinin və müasir dövrdə milli məfkurəmizin təməlində dayanan azərbaycançılıq ideyasının inkişafı ilə bağlı olan məsələdir. Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsini əsas götürərək, müxtəlif sahələrlə yanaşı milli-mənəvi dəyərlərə, xalqlararası münasibətlərə və insan hüquqlarının qorunması kimi vacib məqamların inkişafına həssas yanaşıb. Bu gün Azərbaycanda mövcud olan çoxmədəniyyətli cəmiyyət respublikanın həm daxili, həm də xarici siyasəti üçün müsbət dəyər formalaşdırır. Ölkədə fəaliyyət göstərən bir sıra dini icmalar Azərbaycan hökumətinin yürütdüyü şəffaf siyasətə şahid olaraq bu siyasətin genişlənməsi və daha da möhkəmlənməsinə öz mənəvi dəstəklərini ifadə edirlər. Belə müsbət məqamlar bir çox hallarda beynəlxalq ictimaiyyətin diqqətini çəkir və tolerantlıq məkanı olan Azərbaycanla diplomatik-siyasi, iqtisadi və mədəni olmaqla bir çox sahələrdə respublika ilə əməkdaşlığa maraq ildən-ilə artır...".
Ardı var...

Əli