Azərbaycan dili müxtəlif xalqlara güclü təsir edib Layihə

Azərbaycan dili müxtəlif xalqlara güclü təsir edib

II yazı

Bütövlükdə Azərbaycan folkloru, mədəniyyəti Azərbaycan Respublikasında yaşayan hər bir kəsi birləşdirən dəyərlərdir. Ləzgi, avar, saxur, udi, ingiloy və b. dillərdəki folklor nümunələrini tədqiq edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı bildirir ki, bu dil daşıyıcılarının yaşadığı bölgələrin çоxmillətli оlması istər bölgə əhalisinin dilinə, fоlklоr örnəklərinə, istərsə də kənd, оba adlarına öz təsirini göstərir: "Bu regiоnda yaşayan millətlərin dillərində işlənən sözlərin çоxu regiоn əhalisinin dialektinə daxil olub. Məsələn, avar dilindən "qadar" sözü (baş yaylığı, çalma); saxоr dilindən "qadax" (mismar) ("qadax", "qadağ" sözü Gədəbəy, Mingəçevir, Sabirabad, Salyan və s. bölgələrdə də mismar mənasında işlənir); ləzgi dilindən "abay" (qadın); (avar dilində (xala, bibi), (Cəbrayıl, Şəmkir, Tovuz bölgəsində "ayba" sözü "ana" mənasında başa düşülür) qədim türk dilindən "abu" (qadın) sözləri regiоn əhalisinin lüğət tərkibinə keçərək ümumişlək sözlərə çevrilib. El-оba adlarında da milli təsir özünü göstərib: Qandax (Zaqatalada kənd) - "qandaqk", "qandak" - xəndək; Qasbinə - avar sözü оlub, "kats" - çökək (çəpərdə basılıb keçməkdən əmələ gələn çökək və bu çökəyi keçib binə salmaq); Kad оba - avarca "kqadi" - çal-çağırı оlan; Suvagil - saxur sözü оlub, "suvan" – dağ; "qel" – ağız, dağağzı; Qalatsitsiq (Оğuzda yer adı) – udicə "tsitsiq" – çiçək, çiçəkli qala; Mazım çay - "mazi" – ağ mənasındadır".
XIX əsrdə akademik A.A.Şifner yazırdı: "Udilər tatarlardan təkcə geyimlərini iqtibas etməyiblər; nağılları, bayatıları, qoşma¬la¬rı və zərb-məsəlləri də bu dil vasitəsilə bilirlər və çox zaman bu dildə söyləyirlər... Udi dilinin böyük bir hissəsini təşkil edən tatar (Azərbaycan-türk-red.) sözləri əsl udi sözlərini sıxışdırıb onları əvəz edir, bu da udi dilinin tədricən tatar (Azərbaycan-türk - red.) dili içərisində əriməsinə səbəb olur".
Q.Cavadov: "... Əsrlərlə eyni ərazidə, eyni coğrafi mühitdə yaşayan hər hansı bir xalq başqasından təcrid olunmuş şəkildə yaşaya bilməz. Ona görə də istər udilər və istərsə də azərbaycanlılar tarix boyu ağır günlərində bir-birinə arxa durub, vahid təsərrüfat ənənələri yaradıblar. Bu gün udilərin leksikonunda yüzlərlə Azərbay¬can sözünə rast gəlindiyi kimi, onlarla qonşu azərbaycanlı¬ların dilində müəyyən qədər udi istilahlarına rast gəlirik".
Azərbaycan dilinə məxsus sözlərin bu regionda yaşayan digər xalqların və etnik qrupların dilinə keçməsini əks etdirən bəzi nümunələr söylənilən fikrin düzgünlüyünü sübut edir. Udi dilində bir alqış nümunəsinə baxaq:

Ocağen va kömək qam bay
Ocaq (pir mənasında) sənə kömək olsun.

Avar dilində bir tapmaca nümunəsi:

Mahla goroy guxey abay (Tundur)
Həyətin ortasında alçaq xala (Təndir)

"Aba" türk dilində 1) bacı, böyük bacı; 2) ana; 3) aba -ayba – Tovuz-Qazax bölgəsində də ana mənasındadır. Bu sözün Azərbaycan dilindən avar dilinə keçdiyi şəksizdir. Bu qədər qaynayıb-qarışmış xalqın dillərinin təbii ki, bir-birinə güclü təsiri mümkündür.
Saxur dilində bir inanc nümunəsi:
Quraxlıx exeme – kacalaşın siyahini oykan.
Quraqlıq olanda keçəllərin siyahısını düzəldirdilər.

İngiloy dilində bir bayatı:

Moy kalo puri vçamot,
Şavatanot qöl tan.
Er maktubi damitser,
Şen lamaz kelitan.

Tərcüməsi:

Gəl, gözəl qız, çörək yeyək,
Pendirlə çörək yeyək.
Gəl bir məktub yaz mənə,
Sən gözəl əllərinlə.

Dünyada elə bir dil tapmaq olmaz ki, o, müxtəlif dialektlərə bölünməmiş olsun. Bu baxımdan regionda yaşa¬yan xalqların və etnik qrupların dilləri də istisna təşkil etmir. Udi dilinin iki dialekti var: Nic və Oğuz-Oktomberi dialekti". "Avar dilinin çoxlu dialektləri var ki, bu dialektdə danışan dil daşıyıcıları bir-birini çətin başa düşürlər. Avar dilinin dialektləri şimal, cənub-qərb, cənub-şərq qrupuna bölünür.
Saxurların da dili bir neçə dialektə bölünür. Belə ki, dilçilər saxur dilinin Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və Suvagil dialektlərindən ibarət olmasını müəyyən ediblər. Mütəxəssislərin fikrincə, sadalanan dialektlərin özü də bir neçə şivəyə ayrılırlar".
Bir avar nümunəsində dialekt və şivə ünsürlərini müşa¬hidə edə bilmək üçün eyni bir mahnının fərqli dialektlərdəki variantlarına baxaq. Avar dilində mahnı:

Munqi, dunqi, danaqi,
Daldanusab qubaqi,
Birikçuzul Havaqi,
Hasanazul içiqi,
Qad qalada qoqu yas,
Xab qalada qoqu vas.
Bakmaz ninal qanzay
Bip, bip, bip, bip.

Tərcüməsi:

Sən də, mən də, dana da
Daldadakı (gizlindəki) səkidə.
Biriklərin (Biriklər, Həsənlər, Bəkməzlər – nəsil adlarıdır)
Havası (Adam adı)
Həsənobanın içiqi ( İçiq - Böyük qardaş.).
Üst qalada 20 qız,
Yuxarı qalada 20 oğlan,
Bəkməzlərin çılğın bacısı,
Bip, bip, bip, bip.

Hər hansı bir bədii nümunə etnosun adını, yaxud ona məxsus əlaməti, izi yaşadırsa, bu onun tarixiliyidir. Folklorda yaşayan tarixilik xalqın yurd və soykökü ilə bağlı hissləri birləşdirir. Folklorda tarixi filologiya təkcə folklor əsərinin kökü, mənşəyi, inkişaf dövrləri ilə bağlı deyil. Habelə xalqın milli-mənəvi dəyərləri, qəhrəmanlığı, özünəməxsus¬luğu ilə bağlıdır.
Fоlklоr əsatirdə, bayatıda, nağılda və dastanda əbədi¬ləşir, canlı yaddaşa çevrilir və qоymur ki, bir kəs sоyunu, əslini, zatını unuda. M.Yaqubqızı: "Fоlklоr örnəklərinin hansı dövrdə, hansı şəraitdə meydana gəlməsini bölgədən tоplanmış örnəklərin süjetindən və tarixi-arxeоlоji mənbələr əsasında müəyyən etmək mümkün¬dür. Məlumdur ki, hər bir bölgədə söylənən fоlklоr örnək¬lərinə həmin regiоnun möhürü vurulub, müxtəlif variantlı nümunələr yaranıb. Məhz buna görə də örnəklərin regiоnal baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu qəbildən olan axtarış və araşdırmalar əsasında vahid fоlklоr örnəklərinin spesifik xüsusiyyətləri, mərhələ və təşəkkül prоsesləri barədə daha оbyektiv qənaət əldə etmək mümkündür".
İlkin folklor janrlarında dostluq və qardaşlıq münasibətlərinin təcəssümü haqqında danışan M.Yaqubqızı bildirir: "Bir qayda olaraq, ilkin söz örnəkləri dedikdə, mifik rəvayətlər, inanclar, mövsüm və mərasim nəğmələri nəzərdə tutulur. İnanclar və yuxu yоzumları əsrlər bоyu sınanıb, cila¬lana-cilalana dövrümüzə qədər gəlib çatıb, artıq qətiləşib ilkin janr növlərindən birinə çevrilib. İnancların özündə bir xeyir, bir şər xüsusiyyəti var. İnsanlar dəfələrlə sınağa çəkib artıq bunun xeyirmi, şərmi оldu¬ğunu qətiləşdirib. İnanclar belə meydana gəlib. İnanc¬ların çоx hissəsi insanların gündəlik həyat və məişətində sınaqdan keçirilmiş sınamalardır. İnanclar məzmun baxımından məişət və mərasimlərlə, təbiət hadisələri, bitki və heyvanat aləmi, astral təsəvvür¬lər və əsatiri görüşlərlə bağlı оlur.
Şəki ipəyi dünyanın hər bir yerində məşhur olub. "Qeyri-maddi irs" siyahısına salınan ipək parçadan hazır¬lanan və Şəkidə istehsal olunan kəlağayılar, gülbəngilər və s. baş örtükləri bölgə əhalisinin məişətinə daxil olub və onların mərasimlərində tarixən də, hazırda da xüsusi rol oynayıb. Baramaçılıqla bağlı bölgə əhalisinin çoxlu sayda inancları mövcuddur. Məsələn, udi folklorunda mövcud olan bir neçə inanc nümunəsini söyləmək yerinə düşər: baramaqurdunun tez yarpağa düşməsi üçün yarpaq tökülərkən ev sakinlərindən biri kümxananın (Kümxana – baramaqurdunun bəsləndiyi yerin, binanın adıdır) yaxınlığında bitən bir ağaca çıxıb qışqırardı. Bununla da guya ipəkqurdları oyanar və tez yarpağa çıxardılar.
Əslində bu kimi inanclarla bağlı davranışlar bəzi hallarda müəyyən ənənəvi ayinlərin formalaşmasına, eyni və ya bənzər məqamlarda icra edilməsinə səbəb olur. İpəkqurdunun canlanması dövründə adamlar bir-birinə bostan bitkilərinin toxumunu, od və başqa şeylər verə bilməzdi. Yoxsa barama məhsul verməzdi. Baramaqurdu ağarmağa başlardısa, bu, qurdun gözə gəlməsi kimi başa düşülərdi. Ona görə də bir parça qızdırılmış kömürü içərisində su olan piyaləyə salıb baramanın üstünə gəlmiş adamların adını çəkərdilər. Kömür kimin adı çəkiləndə suyun dibinə batardısa, bununla da baramanın onun tərəfindən gözə gəlməsini müəyyən edərdi¬lər. Bundan sonra kömür parçasını əzib küçəyə atar və yaxud kömürdən kümxananın qapılarına xaç çəkib, suyu küçəyə atardılar.
Çox maraqlı faktdır ki, baramaqurdu ilə bağlı Balakən folklorunda da özünəməxsus nümunələr mövcuddur. Bir qadın yazda barama qurdunun toxumundan çıxması üçün qurdun toxumdan çıxma ərəfəsində toxumu götürüb buğda və çörək qırıntıları ilə qarışdıraraq balaca bir torbaya tökür, ağzını sapla bağlayırdı. Toxum çıxacağı vaxt qadın sapı açır, torbanı öz dizinə bağlayırdı. Torba təsadüfən sap qırılıb aşağı düşənə qədər qadının dizinə bağlı qalardı. Bizcə, barama ilə məşğul olan qadın ona görə "toxumu götürüb buğda və çörək qırıntıları ilə qarışdıraraq balaca bir torbaya tökür, ağzını sapla bağlayırdı ki, Azərbaycan mühitində xeyir, bərəkət rəmzi olan buğda və çörəyin sehrli gücü, yardımı ilə barama toxumu da bərəkətlənsin. Toxum çıxacağı vaxt qadın sapı açır, torbanı öz dizinə bağlayırdı. Bununla da sanki barama qurdlarına artıq oyanmağın, hərəkətə gəlməyin, işə başlamağın vaxtının çatdığını xəbər verirdi. Belə ki, istər ilkin inanclardan olan şamanizm, istər ən son inanclar olan səmavi dinlər, istərsə də qədim olduğu qədər də müasir olan, yəni bu günlərdə də öz aktuallığını itirməyən izoterika elmi bənzər varlıqlara təlqin yolu ilə onları bənzər ruhi və əməli fəaliyyətə sövq etməyin mümkün olduğunu qeyd edir. Bizcə, ona görə "torba təsadüfən sap qırılıb aşağı düşənə qədər qadının dizinə bağlı qalardı ki, barama toxumları son ana qədər onlara böyük inamın olduğunu anlasınlar.


Uğur