Azərbaycanda dini tolerantlıq mədəniyyəti Layihə

Azərbaycanda dini tolerantlıq mədəniyyəti

(əvvəli ötən sayımızda)

Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf ediblər. Belə ki, dinlərarası dialoqla bağlı Bakıda keçirilən beynəlxalq konfransların birində iştirak edən Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill öz çıxışında tarixdən misal gətirərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də pravoslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini qeyd edərək deyib: "Azərbaycanda provaslav xristianlar heç vaxt təqib edilməyib. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməyiblər. Tarixi vərəqləyəndə məlum olur ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşublar. 1905-ci ildə müsəlman və provaslav ruhaniləri 151 millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər."
Professor S.Hüseynov yazır ki, Azərbaycanın tarixən tolerant bir ölkə olduğunu ölkəmizdə yaşayan başqa dinin rəhbərləri də dəfələrlə qeyd ediblər. Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein Bakıda keçirilən beynəlxalq konfransların birində 1913-cü ildə Bakı şəhərində yaşayan əhalinin statistikasına əsaslanaraq, onların dini tərkibindən bəhs edərək deyib: "Bu dövrdə bu yerdə (1913-cü ildə Bakı şəhəri nəzərdə tutulur) 76 965 – müsəlman, 76 927 – xristian, 9592 – yəhudi, 3801 – lüteran, 2902 – katolik, 4496 – sektant, 262 – köhnə təriqətçi yaşayırdı. Həmin illərdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər fəaliyyət göstəriblər. Məhz həmin illərdə Roma katolik, lüteran və bir sıra protestant cəmiyyətləri formalaşıb. Bu göstərir ki, Azərbaycan hələ bu dövrlərdən başlayaraq çoxkonfessiyalı bir ölkə idi. Maraqlıdır ki, bu dövrdə tolerantlıq prinsipinə nəinki riayət olunurdu, hətta bu prinsip Azərbaycanda inkişaf edirdi."
Burada qeyd olunan faktlara nəzər saldıqda, 1913-cü ildə Bakıda yaşayan müxtəlif dinlərə etiqad edən insanların say tərkibi müəyyən maraq doğurur və Azərbaycanın Qafqazda hələ XX əsrin əvvəllərində çox tolerant bir ölkə olduğunu göstərir. Qafqaz bölgəsində sülhün və əmin-amanlığın təmin olunması, ayrı-ayrı xalqların bir-birinin milli-mənəvi dəyərlərinə daim hörmətlə yanaşmasının vacibliyini vurğulayan Gürcüstan Patriarx Katalikosu II İlya konfransda çıxış edərək xalqlararası və dinlərarası dostluğu əks etdirən faktlardan danışaraq deyib: "Mən elə bir ailədə böyümüşəm ki, bizim ən çox qonağımız məhz müsəlmanlar olurdu. Məhz öz uşaqlıq illərimi yada salıb onların bizə təşrif buyurduqlarını xatırlayıram. Bizim böyüklərimiz dost müsəlmanlar üçün ən gözəl otaqlarını hazırlayırdılar. Orada xalçalar döşəyirdilər ki, qonaqlar burada öz müsəlman qaydaları ilə ibadətlərini etsinlər."
Dini liderlərin bu çıxışlarından göründüyü kimi, Azərbaycan tarixən qonşu xalqlarla və başqa dinə mənsub olan insanlarla dostluq münasibətlərində və sülh şəraitində yaşamış, heç bir dini ayrı-seçkiliyə yol verməyib. Azərbaycanda qonaq olan Rusiya Federasiyası Dağıstan Respublikasının sabiq prezidenti Muxu Əliyev də Azərbaycanın yüksək tolerantlıq mədəniyyətinə malik bir ölkə olduğunu vurğulayıb: "Azərbaycan bu gün dünyaya sivilizasiyalararası, konfessiyalararası razılığın, tolerantlığın ictimai həyatın adı vəziyyətinə çevrildiyi ölkə kimi qəbul olunur. Hesab edirik ki, Bakı İslam Konfransı Təşkilatı tərəfindən haqlı olaraq 2009-cu ilin İslam mədəniyyəti paytaxtı elan olunmuşdur və bu işdə Sizin xidmətləriniz böyükdür."
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da beynəlxalq tədbirlərdə yüksək tribunalardan həmişə xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Məsələn, 10 iyun 2008-ci il tarixində "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq Forumda çıxış edən Fondun prezidenti Azərbaycan xalqının tarixən ta qədimdən dini tolerantlıq mədəniyyətinə malik olan bir xalq olduğunu vurğulayaraq deyib: "Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaradıb. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoyub. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir."
Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması respublikamıza gələn müxtəlif peşə adamlarının diqqətini cəlb edir. Məsələn, 2011-ci ilin iyul ayında Avropa Şurası Parlament Assambleyasındakı Avropa Xalq Partiyası qrupunun nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur. Nümayəndə heyətinin üzvləri iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olmuş və burada "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair" mövzusunda keçirilən "Dəyirmi masa"da iştirak ediblər. "Dəyirmi masa"da müzakirələrə qoşulan nümayəndə heyətinin üzvü - Avropa Xalq Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının sədri Luka Volente Azərbaycanda tolerantlıq ənənəsinin qədimliyini və müasirliyini xüsusi vurğulayaraq, onun bu gün bütün dünya, xüsusilə də Avropa üçün örnək ola biləcək səviyyəsindən danışaraq qeyd edib: "Dinlərarası dialoq bu gün yaxşı düsturdur və onun üzərində müntəzəm işləmək lazımdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən öyrənmək lazımdır. Azərbaycan tolerantlığının ən böyük dəyəri isə ondadır ki, o, siyasi qərar deyil, xalqın təbii həyat tərzidir."
"Dəyirmi masa"dakı çıxışında dini tolerantlıq sahəsində Azərbaycanın başqa müsəlman ölkələrinə nümunə ola biləcəyini vurğulayan Luka Volante bu məsələdə ölkəmizi hətta Avropa məkanı ilə müqayisə edərək deyib: "Tolerantlığın Azərbaycan modeli bizim üçün çox maraqlıdır. Bu model bir çox ölkələrə, o cümlədən müsəlman ümmətinə də örnək ola bilər. Biz Avropada görmək istədiklərimizi Azərbaycanda görürük."
Məlumdur ki, Azərbaycan çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Bu dini abidələrdən biri də Qəbələnin Nic kəndində yerləşən və udinlərə məxsus olan Müqəddəs Yelisey (Çotari) kilsəsidir. Qeyd edək ki, alban-udin dini abidələrindən olan Müqədds Yelisey kilsəsi 1723-cü ildə tikilib və udinlərin əsas ibadət məbədi kimi fəaliyyət göstərib. Lakin 1836-cı ildən bu kilsə "Rusiya müqəddəs Sinodu"nun xüsusi qərarı ilə erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Həmin vaxtdan udinlər bu qərara etiraz əlaməti olaraq kilsəyə getməyiblər və o vaxtdan istifadəsiz qalan kilsə dağılmaq səviyyəsinə düşüb. Lakin ölkə Prezidenti 2005-ci ildə Alban tarixi-dini abidələrinin bərpa edilməsinə aid göstəriş verib. Məhz bundan sonra Alban dini-tarixi abidələrinin bərpası başlanmış və udinlərin dini mədəni irslərinin bərpasına şərait yaradılıb. Abadlaşdırılan və bərpa edilən bu cür abidələrdən biri də Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Tarixən bizim eranın IV-V əsrlərinə aid olan bu kilsənin təmirinə 2000-ci ildə başlanmış, 2003-cü ildə isə bu dini-tarixi abidə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. Eyni zamanda, Nic kəndində və Oğuz rayonunun digər kəndlərində Alban-Udin dini icmaları yaradılmışdır.
Bütün bunlar Azərbaycan Respublikasında dini tolerantlıq mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərən faktdır. Bütün bu tədbirlərin həyata keçirilməsi erməni KİV-lərinin irəli sürdüyü guya Azərbaycanda xristianların, o cümlədən udilərin sıxışdırılması və assimiliyasıyası haqqında böhtan və cəfəngiyyata zərbə vurdu. Qeyd edək ki, Azərbaycanda Alban-Udin Xristian İcmasının dirçəldilməsi və dini məbədlərin bərpası, təkcə Azərbaycan tarixində deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir və ölkəmizin bir daha dini tolerantlıq mədəniyyətinin səviyyəsini bütün dünyaya göstərdi. 2011-ci ildə Dini qurumlarla İş üzrə Dövlət Komitəsində dinlərarası dialoqla bağlı təşkil edilmiş "Dəyirmi masa"da çıxış edən Alban-Udin xristian icmasının sədri Robert Mobili Azərbaycanın tolerantlığın vətəni olduğunu vurğulayaraq deyib: "...Tolerantlıq fransız sözü olsa da, onun vətəninin Azərbaycan olduğunu hesab etmək mümkündür. Ölkəmizdə elə bir məkan var ki, cəmi 100 kvadratmetirlik balaca bir sahədə (hazırki Nic kəndi nəzərdə tutulur) üç dinə - iudaizm, xristianlıq və islam dininə aid məbədlər yanaşı inşa edilib, belə bir fakta dünyada çox az halda şahid ola bilərsiniz." Öz çıxışında R.Mobili 1836-cı ildə Çar Rusiyası tərəfindən Alban kilsəsinin erməni Eçmiədzin kilsəsinə tabe edilməsini və bundan sonra alban-udinlərin qriqoryanlaşdırılması və erməniləşdirilməsi prosesini vurğulayaraq tədbirdə iştirak edən Avropa Parlament Asambleyasının nümayəndələrinə müraciət edərək deyib: "Amma mən qədim Azərbaycan mədəniyyətinin varisi olan bir xalqın nümayəndəsi kimi avropalı deputatların diqqətinə çatdırmaq istərdim ki, bu ölkənin yerli xalqı bizik, ermənilər deyil, bu gün malik olduğumuz milli-dini dözümlülük keyfiyyəti Azərbaycan gerçəkliyini əsrlər boyu öz mənəvi dəyərlərində yaşayan alban udinlərin yaşayış tərzindədir."
Cavid
Davamı var