“Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub” Layihə

“Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub”

Elxan Şahinoğlu: "Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçi görüşündən sonra keçirdikləri mətbuat konfransında Qarabağla bağlı fikir səsləndirmədilər. Halbuki görüşdən əvvəl Türkiyə prezidenti bu mövzunun müzakirə olunacağını ifadə etmişdi. Görünür ya bu məsələ müzakirə olunmayıb, yaxud da hansısa formada razılıq əldə edilməyib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun isə gələn həftə İrəvana və Bakıya səfər etməsi maraq doğurur. Rusiyanın baş diplomatının səfərinin Ərdoğan Putin görüşündən sonraya təsadüf etməsi diqqət çəkir. Ermənistanın "168 jam" qəzeti diplomatik mənbələrə istinadən yaydəğə məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq: "Lavrov Məmmədyarovla-Nalbandyanın görüşü üçün gündəm formalaşdırmağa cəhd edə bilər. Bununla yanaşı, Lavrov həmsədrlərin də dəstəklədiyi planı təqdim edə bilər".
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də məlumatı təsdiqləyib. Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub: "20 noyabr tarixində isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək".
Politoloq Fikrət Sadıqov qeyd edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Cenevrə danışıqlarından sonra regiona ilk dəfə səfər edəcək:
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra hər iki ölkənin XİN rəhbərlərinə tapşırıq verilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlər keçirsinlər, əməli formatda müzakirələr aparılsın. Hər hansı texniki məsələlər ortaya çıxarsa onlar mövqe bildirsinlər".
Lavrovun səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürə biləcəyi təklifə münasibət bildirən politoloqun fikrincə, Rusiyanın təklifi ondan ibarət ola bilər ki, Azərbaycan torpaqlarının azad edilməsi müqabilində Azərbaycan hansısa addımlar atsın: "Bu təkliflər regionda xüsusilə Rusiyanın sülhməramlı qoşunlarının yerləşdirilməsi, hansısa hərbi və iqtisadi bloklara qoşulmaq ola bilər. İnanmıram ki, biz maraqlarımıza zidd addım ataq. Biz dəfələrlə prinsipial mövqeyimizi bildirmişik. Lavrovun səfəri zamanı da mövqeyimizi bildirəcəyik".
Politoloq əlavə edib ki, Rusiya başa düşür ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək: "Müsbət amil ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsi yüksək səviyyələrdə müzakirə predmetinə çevrilib. Biz düzgün yoldayıq və bu məsələdə axtarışlar davam edir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu isə "Ərdoğanla Putinin ortaq mətbuat konfransını izlədim. Qarabağdan bir kəlmə də danışmadılar",- deyə vurğulayıb. O qeyd edib ki, liderlər Qarabağdan başqa hər şeydən danışdılar: "Bu bir daha ondan xəbər verir ki, Kreml Azərbaycandan istədiyini almayınca münaqişənin həllini sürətləndirməkdə maraqlı deyil. Halbuki, Ərdoğan Soçiyə yollanmamışdan bir həftə əvvəl demişdi ki, Putinlə Qarabağı müzakirə edəcək və münaqişənin həlli Kreml sahibinin əlindədir. Əlində olmağına əlindədir, ancaq münaqişənin həllinə marağı yoxdur. Ona görə də Ərdoğan Putinlə gündəmin başqa mövzularını müzakirə edib – Suriya böhranı, "Türk axını"nın tikintisi, Ağquyu Atom-Elektrik Stansiyasının inşası, ticarət əlaqələri və sair".
O, həmçinin əlavə edib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü əhəmiyyətli adlandırmaq çətindir: "Çünki Ərdoğan beynində tutduğu məsələlərin həllində Putindən razılıq almadı. İki prezident mətbuat konfransında iqtisadi və ticarət əməkdaşlığının uğurla inkişafından, regional layihələrdən danışdılar. Ancaq iki ölkə arasındakı bu məsələlər əvvəldən də yoluna qoyulub və bunun üçün ayda iki dəfə görüşməyə ehtiyac yoxdur, işlər öz axarıyla davam edir, "türk axını" Qara dənizinin dibinə döşənir və qrafiki qabaqlayır, Rusiya Türkiyədə atom elektrik stansiyasının tikintinə hazırlaşır, Rusiya bazarı Türkiyə pomidorları üçün açılıb və s.
Məsələ burasındadır ki, Ərdoğan Putinlə bu dəfə tamam fərqli mövzuları müzakirə etmək istəyirdi.
Birincisi, Türkiyə Cumhurbaşqanı hələ bir həftə əvvəl demişdi ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək istəyir. Ərdoğan önəmli cümləsini əlavə etməyi də unutmamışdı: "Putin istəsə münaqişə qısa müddətdə həll oluna bilər". Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq keçirdikləri mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək razılıq yoxdur.
İkincisi, Ərdoğan türkmən qazının Xəzərin dibi ilə Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə daşınmasını istəyir. Bu məsələdə də əsas söz sahibi Putindir. Çünki məhz Kreml ekologiya bəhanəsiylə Xəzərin dibi ilə qaz boru xəttinin çəkilişinin əleyhinədir və Aşqabadla Bakı buna etiraz edə bilmirlər. Ərdoğan bu problemin həllində də Putindən dəstək ala bilmədi.
Üçüncüsü, Ərdoğan Türkiyə-Rusiya iqtisadi əlaqələrinin tam bərpasına nail olmasına baxmayaraq, Moskvanın Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə nail ola bilmədi. Bu da Rusiyada çalışan türkiyəli işadamları üçün bəlli çətinliklər yaradır. Putin bu məsələnin həllini də sonraya saxladı. Görünür, bu yolla Putin Ərdoğana başa salmaq istəyir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını qısa müddətdə unudub bütün məsələləri yoluna qoymayacaq. Nə olsun ki, Ərdoğan vurulan təyyarəyə görə üzr istədi? Putin məşhur rus yazıçısı Fyodr Dostoyevskinin əsərində olduğu kimi "cinayətin cəzasız qalmadığı" fikirini Ərdoğana aşılamaq istəyir.
Dördüncüsü, Ərdoğan Soçiyə yollanmadan əvvəl yumşaq şəkildə belə bir ifadə işlətmişdi ki, Rusiya və ABŞ silahlı birləşmələri Suriyanı tərk etməli və bazalarını ləğv etməlidirlər. Görünür, Ərdoğan bu açıqlama ilə Putinlə görüş ərəfəsində Kreml sahibinin nəbzini yoxlamaq istəyib. Nəbzini yoxladı, nəbzdə heç bir dəyişiklik yoxdur. Putin Rusiya qoşunlarını Suriyadan çıxarmayacaq, bazalar da yerində qalacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Suriya ilə bağlı da tam təminat almadan bu ölkəni tərk etməyəcək.
Beləliklə, Ərdoğanla Putinin görüşləri getdikcə bir-birini təkrarlayır. Həll olunası məsələlər görüşdən əvvəl də həllini tapıb, Ərdoğanın Putinlə həll etmək istədiyi məsələlər isə yerində sayır".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Rusiya Minsk qrupunun həmsədri kimi Qarabağ konfliktinin həllində əsas tərəfdi, həm də başlıca maneədir: "Rəsmi Kreml danışıqlar prosesində fəal iştirak edir, həll formularını masaya qoyur, amma bu danışıqların əksinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Belə ki, Rusiyanın Cənub Hərb dairəsinin Ermənistanda dislokasiya olunmuş "102-ci" hərbi bazası Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Rusiya, Qarabağda təşkil olunan snayper kurslarında Gümrüdəki "102-ci" bazasının hərbi təlimatçılar vasitəsilə erməni qızlarına atıçılıq öyrədilir. Qeyd edim ki, ötən ay təsdiq olunmuş "rus-erməni" birgə qoşun növünün təlimləridə Qarabağda keçirilir. Birgə qoşun qruplaşmasına Ermənistanın "5-ci" korpusu və Rusiyanın bu ölkədə "102-ci" hərbi bazası daxildir.
Göründüyü kimi Rusiya dolayı yolla Qarabağda öz hərbi iştirakını gücləndirir, Ermənistanı silahlandırır. Rusiyanın moderatorluğu ilə aparılan Qarabağ danışqları imitasiya daşıyır. Moskvanın Yerevana verdiyi silahlar, məhz Qarabağda yerləşdirilir".

Əli