“Postsovet məkanındakı bütün münaqişələrin, işğal faktlarının ideoloqu və real icraçısı Rusiyadır” Layihə

“Postsovet məkanındakı bütün münaqişələrin, işğal faktlarının ideoloqu və real icraçısı Rusiyadır”

Elçin Mirzəbəyli: "Rusiyanın bir sıra ekspertləri isə yalanlarını pərdələməyə cəhd göstərirlər"

İşğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində danışıqlar prosesində bir ara intensivlik müşahidə olunsa da son zamanlar yenə də passivlik hökm sürür. Bu istiqamətdə dəfələrlə prezidentlərin, xarici işlər nazirlərinin görüşləri baş tutsa da Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində heç bir irəliləyiş əldə olunmayıb. Nəticədə Dağlıq Qarabağ 26 ildən çoxdur ki, işğal altındadır. Bu istiqamətdə suallarımızı "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli cavablandırdı.
- Azərbaycan torpaqlarının işğal altında qalmasının bir sıra səbəbləri var. Əvvəla, məlumdur ki, münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərin münaqişənin həll olunması üçün BMT qətnamələrindən irəli gələn müvafiq addımları atmırlar, ikili standartlar bu günədək davam etməkdədir. Münaqişənin həlli üçün mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq Minsk qrupunun həmsədrləri Ermənistanı işğaldan çəkindirmək üçün sanksiyalar tətbiq etməlidilər. Lakin bu sanksiyaların tətbiqi istiqamətində bu günə qədər hər hansı mövqe sərginlənməyib. Baxmayaraq ki, adekvat situasiyalarda biz ABŞ-ın da, digər həmsədr ölkələrin də müvafiq sanksiyaları tətbiq etməsinin şahidi olmuşuq. Digər fakt şübhəsiz ki, Rusiya amilidir. Rusiya həmsədr dövlətdir, eyni zamanda Ermənistanın hərbi-siyasi mütəffiqidir. Rusiya faktoru münaqişənin ədalətli şəkildə həllinə imkan yaratmır. Rusiya regiondakı geosiyasi maraqlarını qorumaq üçün Ermənistan faktorundan hələ də istifadə edir. Münaqişələr yolu ilə özünün Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Əsas amillər bundan ibarətdir.
- Məsələnin müharibə yolu ilə həlli variantı dəfələrlə gündəmə gətirilib. Amma bu istiqamətdə də müxtəlif fikirlər səsləndirilir. Üçüncü qüvvələrin məsələyə qarışacağı və digər amilllər daha çox qabardılır...
-Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Lakin münaqişənin yenidən alovlanması və hərbi əməliyyatların başlanması təbii, bir sıra məqamlara səbəb ola bilər ki, Azərbaycan bu istiqamətlərdə bütün ata biləcəyi addımları ümumi səpkidə hesablayır. Qənaətimə görə, yaxın dövr ərzində münaqişənin həlli istiqamətində və beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrləri götürdükləri öhdəlikləri yerinə yetirməlidilər. Təbii ki, Azərbaycan BMT qətnamələrindən irəli gələrək, həm də BMT nizamnaməsinin 53-cü müddəasına uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacaq.
-Bir müddət öncə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin bildirdi ki, Qarabağda müharibə başlayarsa, Rusiya Ermənistana dəstək olmayacaq. Bu versiya nə qədər inandırıcıdır?
-Aleksandr Xramçixinin, əslində, yeni bir fikir söyləməiyb, sadəcə, beynəlxalq hüquq normalarına əsaslanıb. Ermənistanın işğal etdiyi ərazilər Azərbaycan Respublikasına məxsusdur və bu ərazilər Rusiya da daxil olmaqla, dünyanın bütün dövlətləri tərəfindən Azərbaycanın qanuni əraziləri kimi tanınır, qəbul edilir. Və təbii ki, əgər bu ərazilərdə Azərbaycan işğala son qoymaq üçün hərbi əməliyyatlar keçirərsə, hüquqi baxımdan hər hansı bir dövlət bu ərazilərə müdaxilə edə bilməz. Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın beynəlxalq hüquq anlayışı əksər böyük dövlətlərdə olduğu kimi əsasən öz maraqlarının sərhədləri ilə məhdudlaşır. Əslində mövcud reallıqlara görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi çıxış edə bilməz. Çünki tərəfdir. İşğalçının hərbi-siyasi müttəfiqidir. Azərbaycan torpaqlarının işğalında Ermənistana dəstək verib və bu gün də işğal faktının aradan qalxmasına mane olur.
Əksər Rusiya ekspertləri kimi, Aleksandr Xramçixin də real vəziyyət barədə yox, real olmalı olan vəziyyət barədə danışır. Faktlar isə Rusiyanın postsovet məkanındakı münaqişələrdə iştirakı ilə bağlı fərqli mənzərə yaradır. Şimali Osetiya da Gürcüstan ərazisidir və Tiflis bu ərazini nəzarətə götürmək istəyəndə Rusiyanın hərbi müdaxiləsi ilə qarşılaşdı. Doğrudur, Şimali Osetiya və Abxaziyadakı rejimləri idarə etmək və işğalçı obrazını pərdələmək üçün Rusiyanın əlində Ermənistan kimi alət yoxdur. Bu səbəbdən də birbaşa tərəf kimi çıxış etmək məcburiyyətində qalır. Reallıq ondan ibarətdir ki, postsovet məkanındakı bütün münaqişələrin, işğal və ilhaq faktlarının ideoloqu, baş dirijoru və real icraçısı Rusiyadır. Rusiyanın bir sıra ekspertləri isə ənənələrinə uyğun olaraq nəzəri biliklərini sərgiləməklə yalanlarını pərdələməyə cəhd göstərirlər.
-Seçkilərin vaxtının irəli çəkilməsinin danışıqlar proaesinə hansı formada təsir edəcəyi də müzakirə olunur...
-Seçkilərin vaxtının dəyişdirilməsi danışıqlar prosesini sürətləndirəcək. Bundan sonra Qarabağ danışıqları üzrə yeni dönəmin başlayacağını istisna etmək olmaz. Azərbaycanla yanaşı, mart ayında həm Ermənistanda, həm də Rusiyada prezident seçkiləri keçiriləcək. Əlbəttə, aprel ayında Azərbaycanda da seçkilərin keçirilməsi, 2018-ci ilin növbəti mərhələsi üçün danışıqlar prosesin intensivləşməsinə şərait yaradacaq. Faktiki olaraq, münaqişə tərəflərinin heç birində qeyri-müəyyənlik olmayacaq. Siyasi hakimiyyətlər danışıqların davam etdirilməsində və ya hansısa qərarların qəbul edilməsi istiqamətində müvafiq addımlar ata biləcəklər. Seçkilərdən əvvəl heç bir siyasi hakimiyyət bir sıra məsələlərlə bağlı qərar verə bilmir. Ciddi qərarlar müəyyən prosesdən sonra - dinamik proseslərin mövcud olmadığı şəraitlərdə verilir. Əlbəttə, bu baxımdan, danışıqlar üzrə prosesin intensivləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına ehtiyac var idi. Hesab edirəm ki, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlar intensivləşəcək.
Hər 3 ölkədə keçiriləcək seçkilərdən sonra status-kvonun müəyyən edilməsi üzrə ciddi irliləyişlərin olacağı istisna deyil. Mən 3 ölkənin adını təsadüfən çəkmədim. Məlumdur ki, danışıqlar prosesinin 3 əsas iştirakçısı var: əraziləri işğal edilmiş Azərbaycan, işğal prosesində icraçı rolunu oynayan Ermənistan, de-fakto işğal prosesini dəstəkləyən və işğal prosesini qoruyub-saxlayan Rusiya. Hesab edirəm ki, status-kvonun müəyyən edilməsi prosesi bu ölkələrdə mühüm siyasi proseslərin müəyyən mərhələsinin başa çatmasından sonra yeni mərhələyə keçə bilər. Hər 3 ölkədə seçkilərin başa çatmasından sonra bunun əyani şahidi olacağıq. Bu baxımdan, ATƏT sədrinin Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanmasında yeganə format olmadığını bildirməsi təsadüfi deyil. ATƏT sədri tərəfindən bu faktın dilə gətirilməsi önəmli faktordur. Çox güman ki, bunu açıq formada may və iyun aylarından sonra görəcəyik.
-Bu ay Xocalı faciəsənin 26-cı ildönümü qeyd olunacaq. İldən ilə bu hadisəyə diqqət artır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə gün öncə maraqlı fikirlər səsləndirdi...
-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında Xocalı soyqırımı haqqında çıxış etməsini və bu qətliamı pisləməsini təbii qəbul edirəm. Çünki Azərbaycan Türkiyənin, Türkiyədə hər zaman Azərbaycanın yanındadır. Xocalı ilə bağlı, Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətləri dilə gətirmək həm də haqq-ədalət mərtəbəsidir. Türkiyə prezidenti öz çıxışında sadəcə olaraq qardaş ölkənin yanında olmadığını, həm də konkret faktlarla müşaiət olunan, sübuta yetirilmiş bir tarixi cinayət hadisəsi ilə bağlı öz ədalətli mövqeyini diqqətə çatdırdığını sərgilədi. Bu aspektdən də həm qardaşlıq münasibətləri baxımından, həm də haqqın-ədalətin ifadə olunması baxımından təbii ki, Rəcəb Tayyib Ərdoğanın fikirləri çox önəmlidir. Nəzərinizə çatdırım ki, ümumiyyətlə Xocalı soyqırımı faktı Ərdoğanın da bildirdiyi kimi bəşər tarixinin ən böyük cinayətlərindən biridir. Bu faktın tanıdılması, bu istiqamətdə ciddi şəkildə addımların atılması, Türkiyə ilə Azərbaycanın səylərinin bundan sonra da davam etdirilməsi həm də qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlara ən ciddi cavabdır. Çünki ermənilər özlərinin məzlum və soyqırımına məruz qalmış bir xalq kimi dünyaya tanıtmaq istiqamətində uzun illərdir ki, yalanlar uydururlar. Lakin ortalıqda konkret faktlarla, şahid ifadələri, cinayətkarların etirafları ilə, video və foto materiallardan ibarət bir fakt var. Bu bəşəriyyətin gözü qarşısında baş verən hadisədir. Bu baxımdan Xocalı soyqırımı Ermənistanın uydurmalarına, yalanlarına Dağlıq Qarabağda, işğal altında olan Azərbaycan ərazilərində həyata keçirilən cinayətlərin bir nümunəsi kimi veriləcək ən tutarlı cavabdır. Bu yaxınlarda Azərbaycanda 31 Mart soyqırımının 100 illiyi qeyd olunacaq. Bu konteksdə də Türkiyə ilə Azərbaycanın birgə hərəkət etməsinə ehtiyac var. Çünki 31 Mart soyqırımı həm də Türkiyə ilə Azərbaycanın, eləcə də Azərbaycanla Türkiyənin ortaq tarixinin bir parçasıdır. Bildiyiniz kimi həmin dövrdə Qafqaz İslam ordusunda döyüşən türk əsgərləri azərbaycanlıları və bölgədə yaşayan digər xalqları ermənilərin soyqırımından xilas etmək üçün Azərbaycana gəlmişdilər. Onlar da acı cinayətlərin şahidləri və qurbanlarıdır. Bu aspektdən də bu fakt sübuta yetirir ki, vaxtilə müharibə vəziyyətində olmasına baxmayaraq Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin Azərbaycana gələrək azərbaycanlıları ermənilərin soyqırımından xilas etməsi həm də sübuta yetirir ki, türk əsgərləri daim xilaskar obrazında çıxış ediblər. Onların missiyası əzilən, soyqırımına məruz qalan xalqları xilas etməkdən ibarət olub.

Əli