Həmsədrlər maraqları... Layihə

Həmsədrlər maraqları...

"Dağlıq Qarabağ bölgəsinin başçısı" Bako Saakyanın ardıcıl olaraq Fransa, ABŞ və Rusiyaya səfər etməsi fövqəldövlətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyində dəyişiklik kimi qiymətləndirilir. Burada Azərbaycanın maraqları nəzərə alınmayıb və bu, Bakının etirazına səbəb olub.
WorldMedia yazır ki, IRNA agentliyinin məlumatına görə, Saakyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan Paris, Vaşinqton və Moskvaya səfəri Bakının kəskin etirazına yol açıb. Azərbaycan Dağlıq Qarabağı özünün ayrılmaz hissəsi sayır və "Dağlıq Qarabağ bölgəsi rəsmiləri"nin qəbul olunmasını işğalın təsdiqlənməsi, beynəlxalq normalara zidd addım hesab edir.
Bununla yanaşı, Azərbaycan xarici dövlət vətəndaşlarının və rəsmilərinin Bakının icazəsi olmadan Dağlıq Qarabağ regionuna səfər etməsini də qanunsuzluq, beynəlxalq hüququn normalarının pozulması sayır.
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Saakyan sözügedən səfərlərinə Fransadan başlayıb, daha sonra ABŞ və Rusiyada olub. Azərbaycan Xarici İşlər Nazirliyi hər 3 halda xüsusi bəyanat yayaraq, Saakyanı qəbul etmiş ölkələrə kəskin etirazını bildirib. Hər üç ölkəni beynəlxalq hüququn prinsiplərini pozmaqda ittiham edən Bakı bildirir ki, qeyri-qanuni rejimin nümayəndəsinin Minsk qrupunun həmsədri olan ölkələrə səfəri Dağlıq Qarabağ münaqişəsi zonasında gözlənilməz nəticələrə yol aça bilər və bu halda bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşəcək.
Xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1992-ci ildə hərbi toqquşmalara çevrilib. Münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
1994-cü ilin mayında münaqişə tərəfləri arasında atəşkəs elan edilib. Lakin problemin dinc yolla nizamlanmasında vasitəçi olan, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun səyləri indiyədək nəticəsiz qalır.
Bu gün Azərbaycanda bir sıra dairələr böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlbini problemin həllinə əsas maneə sayır. Onlar hesab edir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər problemin həllinə yox, Cənubi Qafqaz bölgəsində maraqlarının təmin olunmasına çalışır.
Bu siyasi dairələr ABŞ, Rusiya və Fransanın Saakyanın səfərinə icazə verməsini beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi, separatçılığı dəstəkləməsi kimi dəyərləndirir.
Azərbaycanlı politoloq Elxan Şahinoğlu hesab edir ki, Saakyanın vasitəçi ölkələrə səfəri təsadüf deyil. Onun fikrincə, vasitəçilər Dağlıq Qarabağ separatçılarını Azərbaycana müzakirə tərəfi kimi qəbul etdirməyə çalışır.
ATƏT-in Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrlərinin bölgəyə bu yaxınlarda etdikləri səfər çərçivəsində Xankəndidə Bako Saakyanla da görüşdüklərini xatırladan Şahinoğlu deyib: "Ola bilsin ki, həmin görüşdə onun ABŞ, Fransa və Rusiyaya səfəri haqda da fikir mübadiləsi aparılıb. Saakyanın Parisə, Vaşinqtona və Moskvaya səfəri zamanı "DQR"in münaqişə tərəfi kimi danışıqlara qoşulması məsələsinin müzakirə olunduğu istisna deyil".
Qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda separatçıların iştirakına qəti etiraz edir və müzakirələrdə Ermənistanı yeganə tərəf sayır.
"Görünür, Minsk qrupunun həmsədrləri Azərbaycana Ermənistanın illərdir nail olmağa çalışdığı mexanizmi qəbul etdirməyə, "DQR" nümayəndələrini danışıqlar masasına əyləşdirməyə və Bakı ilə üz-üzə qoymağa çalışır", - deyə politoloq qeyd edib: "Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan da bu mövqedədir və onun tətbiqinə çalışır".
Azərbaycan KİV-i yazır ki, Saakyan bu səfərləri çərçivəsində Dağlıq Qarabağ bölgəsinin ehtiyaclarının ödənməsi üçün Amerikada və Fransadadakı erməni lobbisindən böyük həcmdə maliyyə yardımı almağa çalışıb: "ABŞ, Fransa və Rusiya bu bölgəyə maliyyə yardımının cəlb edilməsinə şərait yaradaraq, əslində, separatçılığı təşviq edir, beləliklə də beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirir".
Şübhəsiz ki, Saakyanın Minsk qrupunun həmsədri olan üç ölkəyə səfərini təsadüf saymaq olmaz. Azərbaycanın siyasi dairələri bu səfərin pərdəarxasını araşdırır, səfərə icazə verilməsinin məqsədlərini müəyyən etməyə çalışır. Görünür, böyük güclər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni yanaşmadan çıxış edir və onu Azərbaycan tərəfinə qəbul etdirməyə cəhd göstərir.
Azərbaycan müstəqilliyinin ilk illərindən ölkənin problemlərinin həlli, xüsusilə əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Qərbə böyük ümidlər bəsləyirdi. Lakin illər keçdikcə Azərbaycan xalqı və rəsmi dairələri Qərb ölkələrinin ikili standartlardan çıxış etdiyinin şahidi olub. Onlar Qərbin Azərbaycanın problemlərinin həllinə nə qədər etinasız yanaşdığını görüb. Azərbaycan cəmiyyətinin bu məyusluğu ölkənin qərbyönümlü müxalif partiya və təşkilatlarına münasibətə də təsir göstərib və hazırda bu partiyalar sanki təcrid vəziyyətinə düşüb.
Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Avropa Şurasını ölkəsinə qarşı ikili standartlardan çıxış etməkdə təqsirləndirmişdi: "Biz illərdir Avropa Şurasının üzvüyük. Lakin bu üzvlüyə son versək, buna fikir verən də olmayacaq və həyatımızda heç nə dəyişməyəcək. Azərbaycan 2001-ci ildən Şuranın üzvüdür. Bu dövrdə ölkəmizin qanunları Avropa standartlarına tam uyğunlaşdırılıb. Lakin təəssüflər olsun ki Azərbaycan cəmiyyətinin Avropa Şurasına münasibəti müsbət deyil".
"Azərbaycan Avropa Şurasına üzv olarkən bu qurumun Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcəyini gözləyirdi. Lakin bu ümidlər özünü doğrultmadı və doğrultmayacaq da", - deyə İlham Əliyev qeyd edib.
Azərbaycanın digər rəsmiləri də çıxışlarında Qərbə qarşı məyusluğunu gizlətmir. Məsələn, Azərbaycan prezidentinin köməkçisi bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi iki qətnaməyə etiraz edərək deyib: "Belə qərəzli sənədlərin qəbulu tələb edir ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrinə yenidən baxsın".
Heç bir dövlətin tanımadığı qondarma "Dağlıq Qarabağ Respublikası" nümayəndələrinin qəbulu isə Bakının Qərblə bağlı ümidsizliyini daha da artırıb.
Siyasi şərhçi Elman Nəsirli isə Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla Nikol Paşinyanın razılaşması ilə bağlı açıqlamasını şərh edərkən deyib ki, Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir.
Politoloq bildirib ki, adıçəkilən iki şəxs arasında ciddi münaqişə var: "David Şahnazaryan əvvəllər Respublika Partiyasının əleyhinə müxalifətdə idi. Lakin Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra o, partiya ilə yaxınlaşdı və bir az da irəli gedərək Respublika Partiyasından namizədliyini irəli sürdü. Şahnazaryan hazırda Paşinyanın ən ciddi tənqidçilərindən biri hesab edilir. Keçmiş katib Paşinyanı daha çox Dağlıq Qarabağ münaqişəsində təhlilçi mövqedə ittiham edir. Bu mövqeyə görə Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir.
Dağlıq Qarabağ məsələsi Ermənistanda 9 dekabr parlament seçkilərinin ən mühüm seçkiqabağı kampaniya vəsaitidir. Nikol Paşinyan tərəfdarları ilə Qarabağ klanı bir-birini ittiham etmək üçün məhz Qarabağ kartından vasitə kimi istifadə edirlər. Hər iki tərəf çox gözəl dərk edir ki, Paşinyana məxsus partiya və onun komandası parlament seçkilərində qalib gəlsə, ona Dağlıq Qarabağdakı rejimlə haqq-hesabı çürütmək üçün münasib fürsət yaranacaq. Belə olan vəziyyətdə klanı heç də müsbət gələcək gözləmir.
Gözlənilir ki, Paşinyan qalib gəlsə, istənilən hadisə baş verə bilər. Hadisələr ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər.
Düşünürəm ki, seçkilərdən sonra Dağlıq Qarabağla bağlı məsələlərdə Nikol Paşinyanın seçkiqabağı kampaniyalarda söylədikləri fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür. O, bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlarla yoluna qoyula bilər. Lakin seçkilərdən sonra Paşinyandan fərqli davranışlar gözləmək istisna olunmur".
Cavid