İrəvan qalasının mühasirəsi Layihə

İrəvan qalasının mühasirəsi

3-cü yazı

Avqustun 20-si səhər Krasovski Eçmiədzindən çıxaraq burada mayorun dəstəsilə birləşdi. Abbas Mirzənin mühasirəni götürüb geri çəkilməsinin səbəbi Paskeviçin başçılığı ilə əsas qüvvələrin Krasovskinin dəstəsinə köməyə gəlməsi ilə bağlı idi. Çünki Eçmiədzin kilsəsi mühasirədə olarkən avqustun 18-də general Krasovski Uşaqan döyüşü haqqında məlumat verərək vəziyyətin qorxulu olduğunu, sursat və ərzaq çatışmazlığını, qat-qat üstün olan şah qoşunlarının onun dəstəsini sıxışdırdığını, kömək olmadan düşərgəyə qayıda bilməyəcəyini ermənilər vasitəsilə Paskeviçə rəsmi məktub göndərmişdi. Digər tərəfdən yerli əhalidən xəyanət edənlar də olmuşdu. Bu xəyanətin İrəvanda olan rus qoşununun vəziyyətinin Paskeviçə çatdırılmasında böyük rol oynamışdı. Belə ki, şah qoşunu geri çəkildikdən sonra İsmayıl xan Ayrumlının qardaşı oğlu və kürəkəni olan Səlim xan Ayrumlı bir dəstə ilə Əştərək kəndində saxlanılmışdı. Xanın rus qoşununa rəğbət bəslədiyini arxiyepiskop Nersesdən öyrənən general Krasovski onunla əlaqə yaratmaq qərarına gəldi. O, gizli surətdə Səlim xana məktub göndərərək şirnikləndirici vədlər vermiş və kömək etməsini, şah qoşununun vəziyyəti haqqında məlumatlandırmasını xahiş etmişdi. Generalın məktubunu alan Səlim xan öz yaxın adamı ilə rus düşərgəsinə gəlmiş və onunla danışıqlar aparmışdı. Danışıqlar nəticəsində xan generalın bütün göstərişlərini yerinə yetirməyə söz vermişdi. Bundan sonra o, Paskeviçə məktub göndərərək vəziyyət haqqında ona məlumat verilmişdi. Hətta Səlim xan sentyabrın 2-si gecə rus düşərgəsinə gələrək Paskeviçin gizli məktubunu özü ilə gətirmişdi. Məktubda Qarababada yerləşən rus qoşuşunun köməyə tələsdiyi bildirilmişdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, İrəvanda rus dəstəsinin məğlubiyyət xəbərini eşidən general-adyutant Paskeviç knyaz Eristovun başçılığı ilə Qarababada bir dəstə qoyaraq, 1827-ci il avqustun 20-də İrəvana doğru hərəkət etdi. Sentyabrın 3-də rus qoşunu Gərni çaya gəlib çatarkən Abbas Mirzə Sərdarabaddan 15 verst aralıda yerləşən Qaraqala qalasına, sonra isə Makuya çəkildi. Rus qoşununun əsas qüvvələri sentyabrın 5-də Eçmiədzinə gəlib çatdı.
General-adyutant Paskeviç əsas qüvvələri ilə Eçmiədzinə gələn günü çoxdan gözlənilən mühasirə topları da gəlib çatdı. O, məlumat alır ki, Sərdərabad qalasında çoxlu ərzaq ehtiyatı toplanmışdı. Baş komandan gələcək yürüşünü təmin etmək üçün ilk zərbəni bu qalaya vurmağa qərara aldı. Onun bu planı çox gizli saxlanılırdı. Hətta Paskeviç Abbas Mirzənin sülh danışıqları üçün göndərdiyi çaparına inanmamış və onu cavabsız qoymuşdu. 1827-ci il sentyabrın 11-də general Paskeviç əsas qüvvələri ilə Sərdərabad qalasına doğru hərəkət edərək, səhəri günü bura gəlib çatdı. Bu xəbəri eşidən Abbas Mirzə Makuya çəkilir. Hüseynqulu xan və qardaşı Həsən xan öz qüvvələri ilə yenə də rus qoşunu ilə təkbətək qaldı.
Sərdarabad qalası rus qoşunu tərəfindən sentyabrın 14-də güclü mühasirəyə alındı. Mühasirə qoşunlarının başçısı general-leytenant Krasovski təyin edildi. Qalanı tezliklə ələ keçirmək üçün rus komandanlığı hücum planını hazırlamışdı. Hücumu müvəffəqiyyətlə həyata keçirmək üçün qala güclü top atəşinə tutulmalı idi. Bombardıman qalanın cənub hissəsində yerləşən sərdar bağları tərəfindən nəzərdə tutulmuşdu.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Sərdarabad qalasına hücumdan əvvəl Paskeviç, qraf Suxtelenin başçılığı ilə bir dəstə əsgəri Osmanlı sərhəddi yaxınlığında yerləşən Qulp duz mədənini tutmağa göndərmişdi. Rus komandanlığı burada kifayət qədər ərzaq ehtiyatının olması haqqında məlumat almışdı. Qraf Suxtelenin dəstəsi tapşırığın öhdəsindən gəldi. Sentyabrın 12-də bu dəstə özü ilə 400 çetvert taxıl və 500 baş iribuynuzlu mal-qara ilə geri qayıtdı. Sərdərabad qalasının güclü və ərzaqla bol olması haqqında yuxarıda bəhs edilmişdi. Bu dövrdə qalanın qarnizonu 14 topa malik 1500 dəstədən ibarət idi. Həmin vaxt qalaya Həsən xanın nəvəsi Fətəli xan başçılıq edirdi. Lakin qalanın mühasirəyə alındığını eşidən Həsən xan gecə qalaya daxil ola bilmişdi. Həsən xan qala müdafiəçilərini sayıqlığını itirməmək üçün 1808-ci ildə İrəvanda rus qoşununa qarşı mübarizədən danışaraq onları ruhlandırırdı. Onun səyi nəticəsində qala müdafiəçiləri güclü müdafiə olunurdu. Sentyabrın 15-də müdafiəçilər qala ətrafında topları yerləşdirmək üçün iş görən rusları atəşə tutdular. Bu atəş nəticəsində bir nəfər öldü. Lakin sentyabrın 16-da dövrün güclü silahlarından olan mühasirə topları Sərdərabada gətirildikdən sonra vəziyyət dəyişdi. Qalanın cənub qərb hissəsində 300 sajen aralıda 6 belə top quraşdırıldı. Sentyabrın 18-də toplar qalanı bombardıman etməyə başladı.
Həmin gün qalaya 500 mərmi atıldı. Bombardıman nəticəsində qalanın dördkünc qülləsi dağıdıldı. Səhəri günü davam edən bombardıman nəticəsində qalanın divarlarına və evlərə böyük ziyan dəydi. Qalanın aramsız atəşə məruz qaldığını görən müdafiəçilər sentyabrın 19-u saat 5-də ağ bayraq qaldırmağa məcbur oldu. Həsən xan tərəfindən göndərilmiş elçi Paskeviçin yanına gələrək xanın məktubunu ona təqdim edir. Məktubda xan 3 gün müvəqqəti barışıq xahiş edərək, qarnizonun geri çəkilməsinə icazə istəyirdi. Lakin Paskeviç xanın bu xahişinə qəti etiraz edərək, ona təslim olmaq üçün 24 saat vaxt verdi. Eyni zamanda qalanın bombardımanı daha da gücləndirildi. Vəziyyətin çıxılmaz olduğunu görən Həsən xan sentyabrın 19-u axşam qaranlıqdan istifadə edərək iki yaxın adamı ilə qaladan qaçdı.
Onun ardınca 1500 nəfərdən ibarət olan qarnizon qaladan çıxaraq müxtəlif istiqamətlərə - İrəvan, Alagöz və Osmanlı sərhəddinə qaçmağa başladı. Rus süvari dəstələri qaçanları təqib edərək xeyli irəvanlı qırdı. Təqib nəticəsində 500 nəfər öldürülmüş və 200 nəfər isə əsir götürülmüşdü. Dörd günlük mühasirədən sonra sentyabrın 20-də rus qoşunu Sərdərabad qalasına daxil oldu. Qalanı işğal edən rus qoşunu 13 top, 14 min çetvert buğdası olan anbar, çoxlu pambıq parça, barıt və sursat qənimət ələ keçirdi. Qalanı qorumaq üçün Paskeviç polkovnik Xamutovun başçılığı ilə bir piyada batalyonu, erməni və kazaklardan ibarət bir dəstə qoyaraq Eçmiədzinə qayıdır. Sərdarabad qalasının beş günlük mühasirəsi zamanı 8 rus əsgəri ölmüş, 3 zabit və 15 əsgər isə yaralanmışdı.
Sərdərabad kimi güclü qalanın alınması şahı dəhşətə gətirmişdi. O, İrəvan və Naxçıvan xanlıqlarının güzəştə getmək şərti ilə sülh danışıqlarına başlamağı tələb etdi. Lakin şahzadə atasının bu haqda göndərdiyi fərmanı icra etməyərək, onu bir müddət özündə saxladı. Abbas Mirzə İrəvan qalasının rus qoşununa güclü müqavimət göstərməsinə ümid edərək, rus komandanlığından daha sərfəli şərtlərlə danışıq aparmaq istəyirdi. Lakin İrəvan qalasının süqutu onun bütün ümidlərini puç etdi. Başqa bir məlumata görə, şah Sərdarabadın işğalından sonra özünə yaxın olan xanlardan birini ingilis məmurları ilə birlikdə Paskeviçin yanına göndərmişdi. Lakin onlar gələnə qədər artıq İrəvan qalası da süqut etmişdi. General Paskeviç onlarla sərt danışmış və qeyd etmişdi ki, İrəvandan birbaşa Təbrizə yürüş edəcək.
Sərdarabad qalasında qarnizon yerləşdirən general adyutant Paskeviç əsas qüvvələrlə geri qayıdaraq, sentyabrın 22-də Eçmiədzinə gəlib çatdı. Sentyabrın 23-də isə bütün qoşun İrəvana doğru hərəkət etdi. Rus qoşunu qaladan 2 verst aralı Zəngi çayının sahilində mövqe tutaraq, qalanın mühasirəsinə başlayır. Rus komandanlığı İrəvan qalasının işğalını tez bir zamanda başa çatdırmaq niyyətində idi. Çar da Paskeviçdən Təbrizə yürüşdən qabaq İrəvanın işğalını tələb etmişdi. Digər tərəfdən, həmin vaxt Rusiyanın beynəlxalq vəziyyəti mürəkkəbləşmiş, Osmanlı dövləti ilə münasibətləri müharibə həddinə çatmışdı. Müharibə olacağı təqdirdə İrəvan qalası rus qoşunu üçün hərbi və ərzaq bazası rolunu oynamalı idi. V.Potto yazır ki, "Bu zaman İrəvanı mühasirədə saxlayaraq Təbrizə hərəkət etməklə əməliyyat meydanının böyük məsafədə uzanması və Təbrizdə əsas qüvvələrin müvəffəqiyyətsizliyə uğrayacağı təqdirdə mühasirə dəstəsinin vəziyyəti çətinə düşə, yaxud qorxulu ola bilərdi. Düşmən Təbrizlə İrəvan arasında dolaşmaqla əlaqəni kəsə bilərdi, bu da rus qoşununu əməliyyat xətti ilə deyil, Qarabağ tərəfdən - Mehri, Aslandüz, yaxud Xüdafərin körpüsündən geri çəkilməyə məcbur edərdi. Onda Naxçıvan asanlıqla düşmənin əlinə keçə bilərdi və bütün əməliyyatın nəticəsi itirilərdi". Məhz bu səbəblərdən rus komandanlığı qalanın tez bir zamanda işğalı üçün gərgin işə başladı. Qala ətrafında mühasirə xətti yaradıldı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, mühasirə qoşunlarının başçısı general-leytenant Krasovski təyin olunmuşdu. Hücumdan qabaq qalanın ətrafını gözdən keçirən general-adyutant Paskeviç sentyabrın 24-də şura çağırdı. Şurada qalaya hücum planı müzakirə olundu. Qeyd etmək lazımdır ki, hələ rus qoşunu iyunun 22-də mühasirəni götürdükdən sonra qalada xeyli dəyişiklik baş vermişdi. İrəvanlılar qalanı möhkəmləndirmək və rus qoşununu asanlıqla qalaya yaxınlaşmaq imkanından məhrum etmək üçün bir neçə tədbirə əl atmışdı. Hər şeydən əvvəl, qalanın şərq hissəsinin əks tərəfində yerləşən xəndək yaxınlıqda yerləşən bataqlıqdan götürülən palçıqla daha da hündürləşmiş, Qırxbulaq çayına qədər qalaya bitişik şəhərətrafı dağıdılmışdı. Qalaya paralel daş divar və hətta evlər sökülmüş, bağlarda olan bütün ağaclar qırılmışdı. Qalanın şimal hissəsində yerləşən gözəl karvansara və bir çox evlər də sökülmüş, yalnız şəhər ətrafında yerləşən məscid qalmışdı. Bundan əlavə qala qarnizonu 2.000 nəfərdən 4.000 nəfərə çatdırılmış, Həsən xan başda olmaqla Sərdarabad qala qarnizonunun sağ qalan üzvləri onlara qoşulmuşdu. Sərdarabad qalasından qaçan Həsən xan İrəvan qalasına gələrək rəhbərliyi öz üzərinə götürmüşdü.

Elçin Qaliboğlu