“Qarabağın işğaldan azad edilməsi üçün əlimizdən gələni etməliyik” Layihə

“Qarabağın işğaldan azad edilməsi üçün əlimizdən gələni etməliyik”

Fuad Hüseynzadə: "Bu istiqamətdə informasiya savaşı ciddi əhəmiyyət kəsb edir"

Azərbaycan Ermənistanla bütün cəbhələrdə mübarizə aparır. Ən əhəmiyyətli sahələrədn biri də informasiya savaşıdır. Dağlıq Qarabağla bağlı erməni lobbisinini uzun illər yaydığı dezinformasiyanın nəticələrinin aradan qaldıırlması vacibdir və bu istiqamətdə ciddi işlər görülür. Təbii ki, erməni lobbisi ilə bağlı infiormasiya savaşında Azərbaycan diasporunun fəaliyyəti mühüm amildir. Bu istiqamətdə hanı işlər görülür? Müsahibimiz Diapsorun fəaliyyətinə Dəsətk İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.
-Azərbaycan həqiqətlərinin təbliğinin xarici mediada aparılması da diasporun qarşısında duran mühüm vəzifələrdən biridir. Xüsusən diaspor nümayəndələrinin əsas hədəfi yaşadıqları ölkənin mediasında erməni terrorizmini ifşa etmək olmalıdır. Düzdür, hazırda elə vətənpərvər diaspor üzvümüz var ki, bu cür işlərə görə, hətta öz həyat yoldaşının zinət əşyalarını satıb, sonra həmin pula, əsasən, öz yaşadığı ölkənin mediasında Azərbaycanla bağlı yazılar dərc etdirib. Amma belə soydaşımızın sayı elə diasporumuzun yaşadığı ölkələrin sayı qədər belə, deyil. Bu gün diasporumuzun fəaliyyətinin ana xəttini bu istiqamət təşkil etməlidir. 2001-ci ildə Dünya Azərbaycanlılarının qurultayını keçirməkdə məqsəd soydaşlarımızı vətənə toplayıb onlara bu kimi vəzifələri xatırlatmaq idi. Növbəti qurultaylarda da dövlət başçısı səviyyəsində bu strategiyanın həyata keçirilməsi soydaşlarımıza tapşırılıb. Ayrıca, 2008-ci ildə qəbul edilən Dünya Azərbaycanlılarının Xartiyasında azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı faktları, saxta "erməni soyqırımı" iddialarının ifşası və digər məsələlərlə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr göstərilib. Xartiyadakı məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret mexanizmləri də sənəddə öz əksini tapıb. Bu mexanizmlərdən biri də xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, Azərbaycan haqqında materialların dərc olunmasına səy göstərilməsidir. Amma ümumi götürəndə diasporumuzun hər hansı aktiv səyini görmürük. Yalnız əlamətdar günlərdə tədbir keçirib və onu Azərbaycandakı media orqanlarında xəbərləmək işin çox az bir qismidir. Bu gün bizim üçün erməni terorizmi ilə mübarizənin bir yolu da informasiya müharibəsidir. Bu müharibə daimi olmalıdır. Və diasporumuz bunu çox gözəl anlayır, sadəcə. Bizim mübarizə apardığımız ermənilər isə artıq işin birinci mərhələsini görüblər. Yəni bütün dünyanı özlərinə inandırıb "yazıq erməni" imicini formalaşdırıblar. İndi artıq ikinci mərhələyə başlayıblar. Məsələn, artıq ABŞ-dakı erməni lobbisi öz fəaliyyətinin yeni əsas istiqamətlərini müəyyənləşdirib. Hazırda erməni lobbisinin qarşısında duran əsas məsələlərdən biri Dağlıq Qarabağdakı separatçıların beynəlxalq səviyyədə tanınmasıdır. Bu prosesə dünyanın aparıcı KİV-lərini və akademik dairələri də cəlb ediblər. İndi belə baxanda biz heç öz düşmənimizlə mübarizədə müqayisəyə gəlmirik. Bizim diaspor hələ ermənilərlə mübarizədə birinci mərhələnin cavabını verməyib. Görünür, milli diaspor öz imkanlarından lazımi qədər istifadə etmir. Bunun da başlıca səbəbi diasporun "mənəm mənəmlik" problemidir. Öz aralarında birincilik, bir-birinin ayağından tutmaq davası, diasporu tamam öz məqsədindən uzaq salıb.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirməlidirlər və vətənlə əlaqələrini möhkəmləndirməlidirlər. Diasporumuzun əsas hədəfi Azərbaycan həqiqətlərinin xaricdə yayılmasıdır. Bu hədəflərə çatmaq üçün strategiya və taktika ictimai-siyasi vəziyyətə uyğun olaraq qurulmalıdır. Diasporumuz özünü güclü, müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərməlidir. Hər diaspor üzvü addımını atarkən öz dövlətinə arxalanmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

-Lobbiçilikdə müasir informasiya texnologiyalarının rolu nədən ibarətdir?

-Hazırda dünyanın əksər ölkəsində 500-dən artıq Azərbaycan icması fəaliyyət göstərir. Artıq diasporumuz təşkilatlanma prosesini arxada qoyub və praktik mərhələdə məqsəd Azərbaycan həqiqətlərini təbliğ etməkdir. Yəni artıq Azərbaycan lobbisi formalaşıb və onların fəaliyyətində müasir informasiya texnologiyalarının da tətbiqinin əvəzsiz rolu var. Diaspor təşkilatlarımız dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində KİV təsis etmək, milli icma üzvləri və yerli əhali arasında təbliğat və maarifçilik işi aparmaq hüququna malikdirlər. Azərbaycanlı icmalar fəaliyyət göstərdikləri ölkələrin KİV-ləri ilə əlaqələrini yaxşılaşdırmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməlidir. Ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan lobbisinin təşkilinə yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin QHT təmsilçiləri ilə sıx əlaqələr qurulmalı, onlarla məqsədyönlü iş aparılmalıdır. Azərbaycanın virtual məkanda coğrafi adları, mövcud reallıqları, mənəvi dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə geniş təmsil olunması istiqamətində tədbirlər görülməlidir. Bununla yanaşı, xarici ölkə yazıçılarının və alimlərinin Azərbaycan haqqında əsərlərinin yayılması və təbliğinə ehtiyac var. Ən əsası isə müxtəlif metod və texnologiyaların tətbiqi yolu ilə Azərbaycanın məruz qaldığı haqsızlıqlar, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, "erməni soyqırımı " iddialarının ifşası məqsədilə tədbirlər görülməlidir.
Diaspor təşkilatları və onların nümayəndələri Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi ilə bağlı mövzulara həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsində, KİV-də Azərbaycan haqqında materialların dərc olunmasında, xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkilində aktiv olmalıdırlar. Eyni zamanda xaricdəki soydaşlarımız Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası və müasir həyatından bəhs edən kitab və plakatların və digər əyani təbliğat vasitələrinin nəşrində daha fəal iştirak etməlidirlər.

- Azərbaycan diasporunun erməni lobbisinə qarşı effektiv mübarizə yolu barədə düşüncələriniz necədir?

- Bu gün Azərbaycan diasporu özü hücum mövqeyindədir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla erməni lobbisinin antiAzərbaycan fəaliyyətini heçə endirir. Lakin Azərbaycan diasporu bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Çünki ermənilər hələ də xarici KİV-də əleyhimizə yazılarla çıxış edir və ya pul ilə ələ alınmış əcnəbi jurnalistlərdən istifadə edirlər. Bundan başqa, müxtəlif ölkələrin internet saytlarında Dağlıq Qarabağ müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir.
Qeyd edək ki, erməni lobbi təşkilatlarının bizə qarşı mütəmadi qaydada mübarizə aparmasına qarşı çıxmaq üçün artıq dövlət səviyyəsində tədbirlər görülməkdədir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, haqqımızda xarici mətbuatda gedən yazıların böyük əksəriyyəti erməni müəllifləri tərəfindən, bəzi hallarda başqa adlarla yazılır, yaxud da erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilir: "Bunun qarşısına biz öz gücümüzü qoymalı, Azərbaycanın uğurlu inkişafını təmin etməli, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə çalışmalıyıq".
Bu məsələdə Azərbaycan diasporunun da üzərinə böyük məsuliyyət düşür. Onların bu cür faktlarla real olaraq birbaşa qarşılaşması şəksizdir.
Azərbaycan diasporu erməni lobbisinə qarşı effektiv mübarizə aparmaq üçün ildən-ilə daha da güclənməli, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar cəmiyyətə daha yaxşı inteqrasiya olmalı, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirakı artmalı, onların bu ölkələrin ictimai-siyasi proseslərinə təsir imkanları genişlənməlidir.
İndiki mərhələdə diasporumuzun qarşısında əsas məqsədlərdən biri də yaşadıqları ölkədə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq etməkdir. Zərurət yarandıqda onlarla bir mövqedən çıxış edə bilmək və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların dəstəyini qazanmaqdır. Bu baxımdan xarici ölkələrdə yaşayan soydaşlarımızın türk diaspor təşkilatları ilə əlaqələrini və birgə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Tarixi proseslərin gedişi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün qüvvəsinin iki dövlətin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsini, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsini, onun intellektual potensialından istifadəni zəruri edir.
Xüsusilə Qarabağ məsələsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibdir. Bilirsiniz ki, bizim əsas problemimimz Qarabağın işğal altında qalmasıdır. Qarabağın işğaldan azad edilməsi üçün əlimizdən gələni etməliyik. Bu məsələdə dövlətə dəstəyimizi əsirgəməmliyik. Ona görə də bu istiqamətdə informasiya savaşı ciddi əhəmiyyət kəsb edir.

Əli