Şəhər-qala İrəvan Layihə

Şəhər-qala İrəvan

6-cı yazı

Məhkəmələrdə insanların hüquqları tez-tez pozulurdu. İrəvan sərdarı, onun yaxın adamları və nüfuzlu şəxslər lazım gəldikdə şəriət məhkəmələrinin işinə müdaxilə edirdilər. Onlar məhkəmənin çıxardığı qərara məhəl qoymayaraq açıq şəkildə özlərinə yaxın və günahı olan şəxsin tərəfində olduqlarını bildirirdi. Belə olduqda şikayət edən tərəf qeyri-şərtsiz günahkar elan olunurdu. Digər tərəfdən məhkəmələrdə rüşvətxorluq geniş yayılmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da ədalət məhkəmələri pulla ələ alınırdı. XVIII əsrin 70-ci illərində Azərbaycanda olmuş S.Qimelin yazırdı ki, "Hakimlər pulu çox sevdikləri üçün heç zaman ədalətli hərəkət etmirdilər".
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, şəriət məhkəmələrindən əlavə, sərdarın özü də lazım gəldikdə məhkəmələr qururdu. Bu məhkəmeyi-ali adlanırdı. Xanın səlahiyyəti altında olan ali məhkəmə fövqəladə hadisələr zamanı çağrılırdı və əsasən dövlət əhəmiyyətli cinayət işinə baxılırdı. Bu iş çox sadə icra olunurdu və heç bir yazışma aparılmırdı. Sərdar çıxış və şikayətlərə qulaq asaraq vəziyyətlə tanış olduqdan sonra, həmin dəqiqə qərar çıxarırdı. Əgər cəza verilirdisə işin icrası fərraşlara tapşırılırdı. Sərdarın əmri ilə cinayətkar müxtəlif işgəncələrə məruz qalırdı. Məsələn, fərraşlar günahkarın ayağını fəlaqqaya bağlamaqla davanını şallaqlayır, bəziləri sərdarın əmri ilə sarayın pəncərəsindən Zəngi çayına atılır, digərlərinin isə əli, ayağı, qulağı, dili kəsilir və gözləri çıxarılırdı.
Əsnaf məhkəmələrinə gəldikdə isə burada yalnız sex təşkilatlarına daxil olan sənətkarların məsələsinə baxılırdı. Əsnaf məhkəmələrinin başında ustabaşı dururdu. Burada sənətkarlar arasında baş qaldırılan mübahisələr, əsnaf qayda-qanununun pozulması, yerli əhalinin ustalardan şikayətlərinə baxılırdı.
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da istər hərbi, istər mülki və istərsə də dini xidmətdə müəyyən olunmuş fərq yox idi. Bütün bu idarə orqanları xandan asılı idi. Sərdar hakimiyyəti əldə möhkəm saxlamaq üçün tez-tez qayda-qanunu dəyişirdi. Xan məmurlarının xəyanətinə barmaqarası baxırdı. O, təyin etdiyi məmurlarını çox yaxşı tanıyırdı. Əgər hər hansı bir məmur ona çatacaq vergini mənimsəməkdə həddini aşsaydı, onda xan onun bütün əmlakını alır və mülkünü xəzinəyə verirdi. Azərbaycan xanlıqlarından olan İrəvan xanlığında dövlət dili Azərbaycan türkcəsi idi. Lakin rəsmi yazışmalarda fars dilindən istifadə olunurdu.
Xan hakimiyyətinin müdafiəsini ordu təmin edirdi. İrəvan silahlı qüvvələri daimi və qeyri-nizami qoşunu təşkil edən xanın şəxsi qvardiyasından, nizami qoşun hesab olunan sərbazlardan, maaflardan, elbəyilər və bəylərin dəstələrindən ibarət idi. Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da daimi qoşunun əsas hissəsini nökərlər təşkil edirdi. Onlar ən mükəmməl dəstə və xanın şəxsi mühafizəçiləri idilər. Bu dəstəyə tüfəngçilər deyilirdi. Nökərlər hər hansı vergi və mükəlləfiyyətdən azad idilər, onların məvacibi, hərbi sursatı xan divanxanaları tərəfindən ödənilirdi və yaxşı qulluğa görə tez-tez hədiyyələrlə mükafatlandırılırdılar.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, xanlığın nizami qoşunu sərbaz alayı adlanırdı. Bu alaylar piyada və süvarilərdən ibarət idi. Hüseynqulu xanın dövründə İrəvan qoşunu iki nizami sərbaz batalyonundan və yerli əhalidən təşkil olunmuş süvari qoşunundan ibarət idi. Qoşunun bir neçə altı funtluq topu, falkoneti (dəvə üstünə qoyulmuş kiçik top-E.Q.) və qalada yerləşdirilmiş topları vardı. Sərbazlar yalnız yerli əhalinin vergi verməyən təbəqəsindən təşkil olunurdu. Onlar da sırf hərbi qulluqda olduqlarından hər cür vergi və mükəlləfiyyətdən azad idilər. Sərbaz alayının başında hərbi rəis olan sərhəng dururdu. O, xanın yaxın qohumlarından təyin olunurdu. Sərhəngə onun köməkçiləri hesab olunan yavər, sultan, naib və yüzbaşılar tabe idi. 1817-ci ildə İrəvanda sərbaz alayının başçısı Məhəmməd bəy olmuşdu.
Sərbaz alayını saxlamaq xanlara baha başa gəlirdi. Ona görə də, dinclik dövründə xan şəxsi mühafizəçilərindən başqa digər qüvvələri evə buraxırdı. Onlar əkinçiliklə və digər kənd təsərrüfatı işləri ilə məşğul olurdular, bu müddət ərzində isə heç bir məvacib almırdılar. Lakin bu qüvvələr lazım gəldikdə hərbi təlimlər keçirmək üçün yenidən səfərbər olunurdu. Təlimlər zamanı isə sərbazlar xandan məvacib alırdı.
İrəvan xanları nizami qoşununun siyahısını tərtib etdirirdi. Bu işlə xüsusi təyin olunmuş bir mirzə məşğul olurdu. Həmin mirzə divanın üzvlərindən biri idi. İrəvan xanlığında maaflardan təşkil olunmuş qoşunlar da fəaliyyət göstərirdi. Maaflar hər hansı vergi və mükəlləfiyyətdən azad idilər və şəxsən hərbi işlə məşğul olurdular. Maaflıq irsən keçirdi. Onlar qoşunun əsas hissəsini təşkil etməklə bərabər, polis rolunu da yerinə yetirirdilər. Hüseynqulu xanın dövründə azarbaycanlı qarapapaq tayfası maaf rolunu oynamışdı. Yuxarıda göstərildiyi kimi, sərdar tərəfindən İrəvan xanlığının müxtəlif sərhəd ərazilərində yerləşdirilən və sərhəddi qoruyan bu tayfa heç bir vergi vermirdi. Lakin Azərbaycanın bəzi xanlıqlarından fərqli olaraq İrəvan xanlığında nə qədər maaf ailəsinin yaşaması haqqında mənbələrdə məlumata rast gəlmədik. Bunun səbəbi "İrəvan xanlığı Rusiya dövləti tərəfindən işğal olunarkən aparılan kameral təsvir zamanı maafların vergiverənlər təbəqəsinə qatılmaları idi".
Qeyri-nizami qoşun isə müharibələr ərəfəsində xanın əmri ilə mahal naibləri, elbəyilər və iri bəylərin səfərbərliyə aldıqları yerli əhalidən toplanırdı. İrəvan xanlığında qeyri-nizami qoşunun əsas özəyi elatlardan ibarət idi. 1829-1832-ci illər kameral təsvirə görə, ayrı-ayrı elatlar Hüseynqulu xanın dövründə lazım olduqda 3.600 nəfərlik süvari dəstə toplaya bilirdı. Əsasən süvari dəstələrdən ibarət olan bu qüvvələr müharibələr dövründə öz cəsarəti ilə düşmənə böyük zərbələr vururdu. İrəvan xanlarının müxtəlif dövrlərdə döyüş meydanına çıxardığı qoşunun sayını nəzərdən keçirək. XVIII əsrin 80-ci illərin məlumatına görə, İrəvan xanı döyüş meydanına 5 minə qədər hərbi qüvvə çıxara bilirdi. Lakin İrəvan xanları müharibələr dövründə lazım oluqda yerli əhalinin və köçəri elatların hesabına qoşunun sayını daha da artırırdılar.
Qeyd etmək lazımdır ki, İrəvan qalasında saxlanılan qarnizonun tərkibi 2, 3, bəzən də 5 min nəfərə çatırdı. Bundan əlavə, Ağa Məhəmməd şah Qacarın qoşunlarının İrəvana hücumu zamanı Məhəmməd xan mövcud silahlı qüvvələrindən əlavə, yerli əhalidən 7 min nəfərlik qoşun toplamışdı. Başqa bir məlumata görə, qraf Qudoviçin başçılığı ilə rus qoşunu İrəvan qalasına hücum edərkən Hüseynqulu xan qardaşı Həsən xanın komandanlığı altında 2 minə qədər yerli İrəvan qoşun hissələrini qalada saxlayaraq, özü 5 minə qədər qoşunla Gərni çayı keçərək keçilməz Vedi dərəsinə çəkilmişdi. İrəvanlılar fövqəladə hallarda lazım gəldikdə döyüş meydanına 14.000-dən çox qoşun toplaya bilirdi. Beləliklə, elatlardan toplanmış əhali ilə birlikdə müharibə dövründə İrəvan xanları döyüş meydanına 14.000-ə qədər qoşun çıxara bilirdi.
Xan hərbi qüvvələrin baş komandanı idi. Lakin qoşuna başçılıq xanın özü tərəfindən təyin edilmiş ailə üzvlərindən ən bacarıqlısına həvalə edilirdi. Məsələn, İrəvanın tanınmış xanlarından biri olan Hüseynəli xan məktubların birində oğlunun (Qulaməli-E.Q.) İrəvan qoşunlarının sərkərdəsi təyin edilməsi haqqında yazırdı. Hüseynqulu xanın dövründə isə qardaşı Həsən xan İrəvan qoşununa komandanlıq etmişdi.
İrəvan xanlığının hərbi müdafiəsində qalalar böyük rol oynamışdı. Xanlığın uzunömürlü olmasının bir səbəbi də onun möhkəm qalalara malik olması idi. Bu qalalardan ən möhtəşəmi İrəvan qalası idi. Əsrlər böyu İrəvana gələn səyyahlar, diplomatlar, dövlət adamları və s. İrəvan qalası haqqında ətraflı məlumatlar veriblər. Maraqlıdır ki, qala haqqında verilmiş bu ayrı-ayrı məlumatlar bir-birini tamamlayır. Qeyd etmək lazımdır ki, İrəvan qalası hərbi məqsədlər üçün tikilmişdi. Düşmənin uzunmüddətli hücumundan qorunmaq üçün qalada hər şey nəzərə alınmış, əvvəlcə Çuxursəd hakimlərinin və sonra isə İrəvan xanlarının iqamətgahı burada yerləşmişdi. İrəvan qalası uzun illər irəvanlıların qəhrəmanlıq simvoluna çevrilmişdi. O, müxtəlif illərdə xanlığa müdaxilənin qarşısını almasında böyük rol oynamış və alınmaz qalaya çevrilmişdi. 1813-cü ildə İranda fəaliyyət göstərən ingilis səfirliyinin katibi Moryer İrəvanda olarkən Hüseynqulu xan fəxrlə qala haqqında demişdi: "Əgər Avropanın üç və yaxud dörd ölkəsi birləşərək bu qalanı tutmaq istəsələr, onlar onsuz da heç nəyə nail olmazlar və əli boş qayıdarlar". Deyilmiş bu söz İrəvan qalasına verilmiş ən gözəl qiymət idi.
İrəvan qalası 1583-cü ildə osmanlılar tərəfindən tikilmişdi. Osmanlı mənbələri bu qalanın tikilmə tarixini ətraflı şərh etmişlər. Qala Səfəvi hakimi Məhəmməd Toxmaq xan Ustaclının sarayı ətrafında ucaldılmışdı. Qalanın tikilmə tarixinə toxunan İbrahim Əfəndi Peçevi yazırdı: "1583-cü ildə osmanlı ordusu dayanacaqdan dayanacağa keçərək Rəvan dairəsinə gəlib çatır... Ədalətli sərdar (Fərhad paşa-E.Q.) Rəvan şəhərinə daxil olaraq qala tikməyə başlayır. O, mərkəzdə yerləşən Tokmaq xanın sarayının ətrafında böyük və möhkəm qala ucaldır. Qalanın tikintisinə 45 gün vaxt sərf edilir. Məşhur osmanlı səyyahı Ö.Çələbi bu hadisəni daha ətraflı təsvir edərək qeyd edirdi: "Vəzir Fərhad paşa İrəvana hücum edərək onu tutur. Zəngi çayının sahilində 150.000 islam qoşunu cənubdan şimala uzanan böyük quyu qazaraq 45 günün ərzində qalanın tikintisini başa çatdırır, sonra isə 40 günün ərzində onu sursat və hərbi ləvazimatla doldururlar". Daha sonra qala haqqında fikrini davam etdirən səyyah onun tutduğu şəraiti belə təsvir edirdi: "...Qala bir cərgə olan divara malik idi. Qala Zəngi çayının sahilində cənubdan şimala uzanırdı. O yerdə ki, Fərhad paşa qala tikdirmişdi, onun divarının hündürlüyü 40, Toxmaq xanın tikdiyi divarın hündürlüyü isə 50 və eni 20 məkkə dirsəyinə bərabər idi. Zəngi çayı tərəfdən xəndək yox idi, burada çoxlu dəlikləri olan mazğallar yerləşirdi. Qalanın cənub, şərq və şimal hissəsində divar ətrafı xandək vardı. Lakin bu yerlər bataqlıqdan ibarət idi və çox da dərin deyildi. Bəzi yerlərdə xəndəyin eni 150 dirsəyə bərabər idi.

Elçin Qaliboğlu