Bakının azad olunması dövrün mətbuatında Layihə

Bakının azad olunması dövrün mətbuatında

AXC-nin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın idi

1918-ci ilin mart hadisələrinədək Azərbaycanda türk dilində 15-dək qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-ni ötüb-keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə, demək olar, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqrafları bildirir ki, "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdu.
Tədqiqatçı Akif Aşırlı hesab edir ki, dövrü mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən meydanla bağlı idi. Burada əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin əksəriyyətinin jurnalist olmaları, onların azad sözə önəm vermələridir.
Xalq Cümhuriyyəti yaratmaq, hakimiyyət və torpağı xalqa qaytarmaq istəyi ilə mübarizə aparanların qarşısında çox ciddi, çətin vəzifələr dururdu. Bolşevik mətbuat orqanlarında hürriyyət və cümhuriyyət arzularının əleyhinə məqalələr çap olunur, bu istəyin real olmadığı fikri təbliğ edilirdi. Qafqaz canişini missiyasını Bakıda həyata keçirməyə çalışan Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan hələ mart ayında "Bakinski raboçi" qəzetində yazırdı: "Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə bir xarabazar alacaqlar".
Daşnak və bolşeviklərin ruporu kimi çıxış edən "Bakinski raboçi", "Bakı və onun ətrafı Şurasının əxbarı", "İzvestiya raboçix deputatov sovetov", sol eserlərin mətbu orqanı "Naşe znamya", "Naş trud" qəzetləri milli qüvvələrə qarşı çıxışlar edirdilər. S.Şaumyanın milli qüvvələrə qarşı hədələrinin arxasında Bakı Sovetinin 6 min nəfərlik "Qırmızı Qvardiya"sı və Erməni Milli Şurasının və "Daşnakstyun" partiyasının 4 min nəfərlik silahlanmış dəstəsi dayanırdı. Hadisələrin siyasi-hərbi inkişafı gözlənilən faciəni qaçılmaz etmişdi. Azərbaycanı müstəqillik arzusundan daşındırmaq, onun sərvətlərini əldən buraxmamaq məqsədi ilə kütləvi qırğın aksiyalarını həyata keçirmək niyyəti ilə hazırlıqlar aparılırdı. Azərbaycanın aydınları, ziyalıları, siyasi xadimləri, publisistləri təhlükənin yaxınlaşdığını görür, milli mətbuat orqanlarında bu barədə xəbərdarlıq edirdilər. 1918-ci ilin mart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaq çağırışları müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularına çevrilmişdi.
Gürcüstanın ardınca öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal bəyannaməsini imzaladı. Cümhuriyyətin qarşısında həlli müşkülə çevrilən problemlər vardı ki, onlardan ən önəmlisi dövlətin paytaxtı Bakı şəhərinin bolşevik-daşnak hərbi birləşmələrinin nəzarətində olması idi. Bir tərəfdən S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin "Qırmızı Qvardiya"sı yaranmış şəraitdən istifadə edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir kimi şəhər və qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdənsə Zəngəzuru işğal edib Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı. Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: "Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə çarə vardı - Türkiyə. Ümidlər oraya dikilmişdi".
Batumda Türkiyə təmsilçiləri ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü Xosrov bəy Sultanov Tiflis qəzetlərinə verdiyi müsahibədə isə deyirdi: "Müsəlman olan yerlərdə bolşeviklərlə mübarizə etmək üçün türklərdən kömək istədik. Türklər cavab verdilər ki, bizim gəlməyimiz Zaqafqaziya hökumətinin xahiş və tələbindən asılıdır. Zaqafqaziya hökuməti isə Türkiyənin müsəlmanları mühafizə etməsini müqəddəs vəzifə hesab edir. Türklərin gəlişi anarxiyanı yatırıb ermənilərlə münasibətin yaxınlaşmasına xidmət edəcəkdir".
Osmanlı dövləti və Azərbaycan Cümhuriyyəti arasında bağlanmış dostluq və əməkdaşlıq müqaviləsinin şərtlərinə görə, Azərbaycan türklərini bolşevik istilasından və ermənilərin törətdikləri qətliamlardan xilas etmək üçün türk ordusunun ilk heyəti 1918-ci il mayın 25-dən Azərbaycana gəlməyə başladı. Podpolkovnik Rüştü öz hərbi memuarında müfəssəl məlumatlar verərək ordunun Gəncəyə iki qrup halında gəldiyini yazır. Birinci qrupda 147 zabit, 2812 əsgər, digərində isə 110 zabit və 2763 əsgər olan ordunun dislokasiyası, komplektləşdirilməsi işini Nuru Paşa sürətlə həyata keçirirdi. Bakıda milli mətbuat nümunələri çap olunmadığı üçün türk qoşunlarının gəlişi xəbərini bolşevik mətbuatı, Tiflisin müxtəlif ideyaları təbliğ edən qəzetləri çap edir, siyasi məqsədlərindən doğan, istək və maraqlarına uyğun məlumatlar yayırdılar. "Bakinski raboçi" qəzeti Türkiyənin Azərbaycan milli hökumətinə hərbi yardımını istilaçılıqla bağlayır, qüvvələrin ölkəyə gəlişini "Bakı proletariatının əzilməsinə yönələn" hərbi akt hesab edir, ordunun gəlişi xəbərlərini qısa, nəzərəçarpmayan səhifələrdə yerləşdirirdi. Belə xəbərlərin birində deyilirdi: "Türklər Qarakilsə-Ağstafa-Bakı şosesi üzrə hərəkət edirlər. İmzalanmış sülh sazişinə əsasən, türklər qoşunlarının Bakı və Culfa dəmir yolu ilə köçürülməsi işinə başlayacaqdır".
Akif Aşırlı yazır ki, Bakı Xalq Komissarları Soveti isə Moskvadan kömək, hərbi yardımlar gözləyir, nəzarətində olduğu qəzetlərdə bu barədə məlumatlar dərc etdirirdi.
Xalq Nuru Paşanı göydən enmiş mələk kimi qarşıladı.
M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" əsərində xatırladığı bu tarix - 1918-ci ilin may ayının 25-i Vətən tarixinin ən unudulmaz, şanlı səhifəsidir. Elə bu tarixi faktı fərqli rakursda bolşevik mətbuatı da öz səhifələrinə köçürüb: "Ənvər Paşanın nümayəndəsi Nuru bəy 30 nəfər zabit və 25 nəfər təlimatçı ilə Yevlaxdadır. O, Zaqafqaziyaya İrandan Təbrizə, oradan isə Qarabağa keçərək gəlib. Yevlaxda Nuru bəyi erməni-müsəlman nümayəndələri duz-çörəklə qarşılayıb. Mühəndis Behbudov təbrik nitqi söyləyib. Nuru bəy cavab nitqində qayda-qanun yaradacağına söz verib".
Bakıda yeganə azərbaycandilli mətbu orqan olan "Hümmət" öz növbəsində hadisələri "Bakı xəbərləri", "Teleqraf xəbərləri", "Tiflisdən xəbərlər" rubrikası altında dərc etdirir, faktlara sinfi mübarizə kontekstindən yanaşırdı. Ordu komandanlığında təmsil olunan Nazim bəyin Nuru Paşadan öncə Gəncəyə gəlişi, döyüşlərə qatılması barədə "Hümmət"də "Bakinski raboçi"yə istinadən geniş məqalə dərc olunmuşdu: "Nazim Paşa qabaqca Gəncəyə gələrək camaat tərəfindən təntənəli surətdə istiqbal edilmişdi. Vağzaldan şəhərə kimi xalçalar döşənərək hər yerdə izdiham var idi. Musiqi dəxi çalınırdı". Nazim bəyin ordu ilə xalq arasında ünsiyyət və əlaqə yaratdığını, bunun isə böyük əhəmiyyət daşıdığını etiraf edən bolşevik qəzetləri onun xalqa müraciətindən epizodlar da dərc etmişdi: "İndi on beş gündür biz bütün zəhmətimizə mütəhəmmil olaraq sizləri görmək üçün İstanbuldan çıxmışıq. Mən artıq ikinci dəfədir doğulmuşam. Qafqaz İslam Ordusu şərəfinə Yelizavetpol bələdiyyəsində verilən ziyafətdə Nuru Paşa ilə birlikdə nitq icad edən Nazim bəy şəhəri gəzməyə çıxmış, gəncəlilər onu milli mahnılarla qarşılamışdılar".
Akif Aşırlı "Cümhuriyyət Dövri Mətbuatında qafqaz İslam Ordusu" kitabında qeyd edir ki, "Bu tip bolşevik mətbuatının apardığı təbliğatlara qarşı öz mətbuatını yaratmaq istəyən Azərbaycan Xalq Cümhuriyyəti Qafqaz İslam Ordusunun gəlişi ilə Tiflisdən Gəncəyə köçdü və bu istəyini reallaşdırmaq niyyəti ilə "Azərbaycan hökumətinin əxbarı" nəşrə başladı. Həftədə iki dəfə nəşri nəzərdə tutulan bu mətbu orqanının missiyası Azərbaycan milli hökumətinin qərarlarını çap etməklə yanaşı, ordu quruculuğu prosesinə qatılmaq, könüllülərin orduya cəlb olunması işində yaxından iştirak etmək idi. Təbliğata ciddi ehtiyac duyulduğunu görən ordunun siyasi müşaviri, böyük qəzetçilik təcrübəsinə malik olan Əhməd bəy Ağaoğlu "Türk sözü" adlı qəzet çıxarmağa çalışdı. Təəssüf ki, bu qəzetin ömrü çox uzun olmadı, cəmi iki sayı işıq üzü gördü".
Nuru Paşanın qarşısında duran ən mühüm məsələlərdən biri kifayət qədər silah-sursata malik olan Gəncə ermənilərini tərk-silah etmək idi. Qafqaz İslam Ordusunun Gəncədəki fəaliyyətini geniş şəkildə izah edən "İttihad" qəzeti yazırdı: "Onu qeyd etmək yerinə düşər ki, Nuru Paşa Gəncədə olduğu birinci gündən nəinki Qafqaz müsəlmanları üçün, o cümlədən qeyri - müsəlmanlar üçün böyük işlər gördü". Türk ordusunun ermənilərə qarşı deyil, Qafqaz müsəlmanları üçün böyük təhlükələr törətmiş, onları qətlə yetirmiş bolşeviklərə, xüsusilə də "Daşnaksütyun" partiyasının silahlarına qarşı mübarizə apardığını əsaslandıraraq "İttihad" yazır: "Nuru Paşa Yelizavetpolda yerli müsləmanlara səbr verir və təmkinlə davranaraq deyirdi: "Sakit olun, hər şey yaxşı olacaq, ermənilər ona görə sizi incidir ki, bu gün onlar sizdən güclüdür, indi güc sizin tərəfinizdədir. Ermənilər tezliklə bu gücü görüb, sizinlə dostlaşacaqlar".
Akif Aşırlı həmin dövrün mətbuatına istinad edərək yazır ki, Qafqaz İslam Ordusu bu döyüşlərdə 28 min güllə və 87 mərmi işlətmişdi. Bakının azad olunması xəbərini sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. "Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdi: "Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Feriq Nuru".

Ülviyyə Tahirqızı