İşğal altında olan torpaqlarımız təbii ehtiyatlarla zəngindir Layihə

İşğal altında olan torpaqlarımız təbii ehtiyatlarla zəngindir

Erməni işğalçıları həmin ehtiyatları da talayırlar

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.
Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir. Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur.
Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.
İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdı. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi. Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdu. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanırdı. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdi.
Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdi. Sahəsi 21,4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən Xarı bülbül Qarabağın rəmzi hesab olunur.
İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir. İşğal olunmuş regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizilərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə müxtəlif xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilirdı. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür.
Hazırda Ermənistan əsassız olaraq iddia etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti həmişə Azərbaycanın tərkibində oub. Vilayətin mərkəzi Xankəndi birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sistemində sıx bağlanmışdı. Bu mərkəzdən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir. Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Bakı şəhəri ilə sıx əlaqələri mövcüd idi. Onların ailə üzvlərinin çoxu bu şəhərdə həm də yüksək sosial-iqtisadi səviyyədə yaşayır və işləyirdilər. Vaxtilə Sovet dövlətinin rəhbərliyində təmsil olunan qatı millətçi A.Mikoyan 20 may 1920-ci ildə yazmışdır: "Erməni dövlətinin agentləri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisini öz yaşayış mənbəyindən - Bakıdan məhrum etmək və heç nə ilə əlaqəsi olmayan İrəvana zorla bağlamaq deməkdir"
Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında erməni liderlərinin öz dili ilə yuxarıda dediyi həqiqətlər bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ilə bağlıdır. Belə ki, əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqə inkişaf etmişdir. Çay dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı.
Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi. Keçmiş Dağlıq Qarabağla Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur:
1) İstehsalın kooperasiya əlaqələri - yəni, xalis istehsal əlaqələri, o cümlədən, xammal - yanacaq mənbələrinə görə; 2) Əmtəə-mal dövriyyəsi; 3) Maddi-texniki təchizat; 4) Nəqliyyat-yük əlaqələri ; 5) Elmi-texniki əlaqələr; 6) Dövlət idarəetmə əlaqələri; 7) Mədəni-maarif əlaqələri və s.
Beləliklə, göstərilən bu əlaqələrin hər birinin dərindən təhlili aparılarsa, o zaman Dağlıq Qarabağın Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi səkkiz faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi.
Zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat- kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hal-hazırda dağıdılmışdır. Bu dağıntılardan həm də Qarabağ zonasından kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikası daha çox əziyyət çəkir. Nəqliyyat-kommunikasiya baxımından Dağlıq Qarabağın ərazisi Ermənistanın paytaxtı Yerevandan və digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə yük daşınmaları baxımından o qədər də əlverişli deyil. Beləliklə, hazırda Ermənistanın işğalı altında olan rayonların hamısı Azərbaycanla sıx bağlı olmuşdur. Nəqliyyat-kommunikasiya sistemləri, iqtisadi meyl etməsi bu bağlılığın əsasını təşkil etmişdir. Ona görə də, ermənilərin Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur.
İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdirlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar. Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır.
Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçrməsi və istədiyi kimi orada dəyişikliklər aparması müasir beynəlxalq hüquq baxımından yolverilməz hesab olunur. Beynəlxalq hüquq baxımından bu ərazilərdə olan bütün resurslar Azərbaycanın mülküyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız müvəqqəti olaraq işğal altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır.

Cavid