“1905-1906-cı illərdə erməni-müsəlman davası” Layihə

“1905-1906-cı illərdə erməni-müsəlman  davası”

M.M.Nəvvab: "Ermənilərin qoca qadın və kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir"

III yazı

Mir Möhsün Nəvvab ermənilərin Azərbaycanda vəhşiliklərindən bəhs edən əsərində - "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında yazır: "Bakı şəhərində erməni milliyətinə mənsub olan Lalayev soyadlı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, "Sizə ar olsun. müsəlmanın adı gələndə titrəyirsiniz. Müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da, özlərini yandıra bilməzlər".
Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman (Azərbaycan-türk-red.) igidlərinin nərəsi və "ya Əli" sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. Onun yaratmış olduğu 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq, küçədən gəlib-gedən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerdən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərbaycanlıların həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət, onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını əmr edir, digər hissəsinə isə külüng-balta və lomla evin darvazasını açmaq əmrini verdi. Üçüncü dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb, lom və külünglə darvazanı dağıtmağa başladılar. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimi "ya Əli" sədası altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir qətlə yetirdi və evdə gizlənənləri də çıxarıb, cəzalarına çatdırdılar. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:
- Allah saxlasın, kefin necədir? O müsəlmanları ki, sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şiri-nərə dönüb qulluğuna gəliblər.
Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi:
- Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür və zəhmətimizin əvəzində nə qədər pul lazımdır götürün. Sandıqda kupon kağızları var, götürün aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün.
Ağakərim dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu, millət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuq və bu məqsədlə də buraya gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.
Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda milçəkdir. Yarım milyon pul qoyub, onların hamısını məhv edərəm.
Əlavə: Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib, özünün xilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, bu, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm?"
Ermənilərin qızışdırıcılığı ona gətirib çıxarır ki, tərəflər arasında döyüş başlayır, soydaşlarımız özlərini azğınlardan müdafiə etməli olurlar: "Lalayev qətlə yetirildikdən sonra hamı evdən bayıra çıxdı. Evin hər yanından üstünə neft çiləyib od vurdular. Ev böyük partlayışlarla yanmağa başladı. Bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə dolu imiş. Evdən qalxan gurultunun və partlayışın səsindən yaxında olan adamlar qulaqlarını tutaraq hərə bir tərəfə qaçırdı. Ev sursatlarla birlikdə yanıb külə döndü. Deyilənə görə, bir ay sərasər evdən tüstü kəsilmədi".
Bu da türkün mərdliyi: "Belə deyirlər ki, Lalayevin xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb, mehribanlıq göstərib və gətirib Hacı Zeynalabdinin qızlar məktəbində yaxşı əmin adamlara tapşırıblar".
Bu da erməni vəhşiliyi: "Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşuluğunda olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib, darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb, evinə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi. Onlar erməniləri öldürüb, mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər... Həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu".
Mir Möhsün Nəvvab daha sonra yazır: "Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonu darmadağın etmişdi. Partlayışdan ağır yaralar alan qubernator və atlar oradaca ölmüşdü. Quldur ermənilərin biri tutulmuş, digərləri isə qaçıb gizlənmişdi. Sonra aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə alınmşdı. Deyilənə görə, həmin beş nəfər cani erməni dar ağacından asılaraq cəzalarına çatmışlar. Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək, əllərinə gizli düşən müsəlmanları öldürürdülər..."
1905-ci ilkdə İrəvan şəhərində baş verən hadisələr haqqında Nəvvab yazır: "Hansı vilayətdə ki, İrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq orada bir iğtişaş baş verirdi. Bu İrəvan erməniləri çox xüdpəsənd, kinli və cinayətkardılar. İrəvan şəhərinin müsəlmanlar yaşayan 80 evdən ibarət məhəlləsinin ermənilərlə iğtişaşı baş verib. Bu iğtişaşın başlanmasına səbəb olan ermənilər həmin məhəllədə müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr endirdilər... Üç gündən sonra güllələri tükəndiyinə görə gecə vaxtı müsəlmanlar həmin məhəllədən qaçmalı oldular. Əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal-dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar.
...Ermənilərin qoca qadın və kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir. İrəvanda ermənilərin müsəlmanlara qarşı törətdiyi qəddarlıqları öz əzazilliyini şəhərin ətraf kəndlərində yaşayan müsəlman kürd tayfaları eşidən kimi silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə çəkə-çəkə üz qoydular İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını talan edib, evlərinə od vurub yandırırdılar. Ermənilərin qaçanları gəlib bir böyük kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin divanxanası və bir az qoşunu var idi. Həmin qoşun erməni-müsəlman arasında gedən qırğını dayandırmaq üçün kürdlərə maneə oldular. Qafqaz canişininin göstərişi ilə cənab Şeyxülislam həzrətləri katolikos Hayrik ilə gəlib məsciddə və kilsədə dualar və xütbələr oxuyub xalqa nəsihətlər verdilər. Bununla da iki xalq arasında gedən qırğınları dayandırdılar.
Bu əhvalatdan sonra erməni qımdatları başqa şəhər və kəndlərə dağılaraq yerli erməni əhalisini müsəlmanlara qarşı davaya qaldırmaq üçün onlar arasında təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa çalışırdılar. Qımdatlar isə belə erməniləri fürsət düşən kimi tutub öldürürdülər. Həmin bu tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında, eləcə də, Xorasanda vəba xəstəliyi yayılmışdı. İki ay davam edən bu xəstəlik nəticəsində hər gün təqribən yüz adam ölürdü".
Nəvvab 1905-ci ildə Naxçıvanda ermənilərin soydaşlarımızın başına gətirdikləri bəlalar haqqında da danışır: "Elə ki İrəvanın fitnə-fəsad törədən erməniləri Naxçıvana gəldilər, orada vəziyyət gərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri vuruş sursatlarını – topları, bombaları, beşaçılan tüfəngləri və s. növbəti qırğın üçün hazırlamağa başladılar. Hərbi sursatları keçidlərdə və gizli mövqelərdə yerləşdirdikdən sonra dükan-bazarları bağlayıb, bütün icma ilə qalxıb mövqelərdə hazırladıqları silahdan qəflətən müsəlmanlar üzərinə gurhagur atəş açmağa başladılar..."

Uğur