S.C.PİŞƏVƏRİNİN AZƏRBAYCANA DÖNÜŞÜ ƏRƏFƏSİNDƏ... Güney Azərbaycan

S.C.PİŞƏVƏRİNİN AZƏRBAYCANA DÖNÜŞÜ ƏRƏFƏSİNDƏ...

2-ci yazı

30-cu illərin axırlarında dövlət xətti ilə ölkənin üç şəhərində (Tehran, İsfahan, Təbriz) tikilmiş elevatorlardan biri Azərbaycanda tikilsə də, onun taxıl saxlama tutumu Tehran və İsfahandakından çox aşağı idi, halbuki Azərbaycan İranın başlıca taxılçılıq regionlarından idi. Ən çox işçi qüvvəsi olan müəssisədə işçilərin sayı 80-90 nəfərdən çox deyildi və bu müəssisələrin əksəriyyətində əl əməyi üstünlük təşkil edirdi. Halbuki Azərbaycanda sənayenin bütün sahələrini (metallurgiya, dağ-mədən, pambıqçılıq, tütünçülük, ipəkçilik, tərəvəzçilik və s.) yaratmaq üçün yetərincə həm təbii, həm fiziki imkanlar var idi. Dövlətin iqtisadi siyasətində də Azərbaycana münasibətdə "ögeylik" özünü aydın şəkildə biruzə verirdi. Məsələn, 1940-1941-ci illərdə milli məhsulda Azərbaycanın sənaye üzrə payı 1,1%-ə bərabər olmuşdu. Azərbaycan istehsal vasitələri və istehsal üsulu cəhətdən İranın geri qalmış başlıca aqrar-kəndli regionlarından biri idi. Həmin dövrə aid İranın xarici ticarətində ixracat siyahısında Azərbaycandan daxil olan yeganə məhsul İrana qızıl valyuta gətirən xalçalar və qismən meyvə qurusu (əsasən Almaniyaya satılan lölə-qaxlar) idi.
İranın dünya bazarına ixrac etdiyi xalçaların təqribən yarısı Güney Azərbaycanın payına düşmüşdü (Yenə orada). Bu dövrdə (40-cı illərin ərəfəsi və əvvəlləri) Azərbaycanda xalçaçılıqla məşğul olan müəssisələrin sayı 950-dən çox, oradakı dəzgahlar 5328, işçilərin sayı 12 min nəfərə yaxın olmuşdu. Xalçaçılıqda əl əməyi, xüsusən qadın və uşaq əməyi üstünlük təşkil etmişdi. Texniki səviyyə və müasir sənaye avadanlığının yoxluğu ucuz əl əməyinə rəvac verirdi. Təbrizdə, Sarabda, Ərbəbildə, Mərənddə, Xoyda, Zənganda xalça toxuma işlərində maşın və texnikanın qismən tətbiqi 40-cı illərin əvvəllərində xalça istehsalının artımına təkan verdi. Xalçadan gələn gəlir istehsalçılardan əvvəl dövləti və xalça möhtəkirləri varlandırırdı. Ümumiyyətlə, 40-cı illərin əvvəllərində Güney Azərbaycanda daimi və mövsimi işi olanların sayı 50-60 min arasında göstərilir ki, bu da o zamankı Azərbaycan əhalisinin təqribən 0,02%-ni təşkil edirdi (Yenə orada).
Tədqiq olunan dövrdə Güney Azərbaycan iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etmişdi. Bu regionda yaşayan əhalinin 75-80% kənd yerlərinin payına düşürdü. Aparılan hesablamalardan aydın olur ki, kənd təsərrüfatı və maldarlıq məhsulları Azərbaycandakı məcmu milli məhsulun 91,8 %-ni təşkil etmiş, əhalinin 10 nəfərdən 9-nun dolanışığı kənd təsərrüfatı ilə bağlı olmuşdu. Kənddə ərbab-rəiyyət münasibətlərinin hökm sürməsi, əkinə yararlı torpaqların, su mənbələrinin və istehsal vasitələrinin kənd əhalisinin cəmi 5%-ni təşkil edən iri mülkədarların, vəzifə və mənsəb sahiblərinin əlində olması Güney Azərbaycan kəndlisini ağır vəziyyətdə yaşamağa məcbur etmişdi. Hasil olan məhsulun istehsal vasitələrinə görə bölünməsi (torpaq, su, toxum, gübrə, qoşqu heyvanı və s.), üstəlik hazır məhsuldan tutulan çoxsaylı vergilər, rüsumlar və ayrılmalar istehsalçı kəndlini ölmə-dirilmə yaşayışına gətirib çıxarmışdı. Güney Azərbaycan kəndindəki sosial-ictimai vəziyyət öz kəskinliyi ilə kəndliləri rejim əleyhinə, aqrar-kəndli münasibətlərindəki haqsızlığa qarşı mübarizəyə kökləmişdi. Güney kəndlisi ayağa qalxmaq üçün fürsət axtarırdı.
Rza şahın müharibə ərəfəsində ölkənin inzibati - ərazi bölgüsündə əmələ gətirdiyi "parçala, ağalıq et" siyasəti Azərbaycanın etnik, iqtisadi və mədəni bütövlüyünü pozmaqdan əlavə, Azərbaycan Şəhərlərində iqtisadi-ticarət əlaqələrində də əngəllər yaratmış oldu. 1937-1938-ci illərdə ölkənin yeni inzibati - ərazi vahidlərinə (ostanlara) bölünməsi, əslində Güney Azərbaycanın parçalanması və onun bütöv xəritəsinin doğranılması idi. Bu bölgünün nəticəsində Azərbaycan 3-cü və 4-cü ostana (əyalətə) ayrılmış oldu. "Qəzvin, Həmadan, Qum, Məlayir, Tufarqan və Sənəndəc vilayətləri ətrafındakı onlarla Azərbaycan mahalı və 2500-dən çox kəndi İranın I mərkəzi və V əyalətlərinə verilmişdi".
Həmin tarixdən rəsmi sənədlərdə, mətbuat və informasiya vasitələrində, eləcə də orta və ali məktəb dərsliklərində Azərbaycan adı "3-cü" və "4-cü" ostan adı ilə əvəz olundu. Bu tədbir, əslində Pəhləvi hakimiyyətinin Azərbaycanı "Böyük İran" daxilində həzm etmək siyasətinin təcavüzlərindən biri idi. "... Rza xanın Azərbaycanı Ostane-3 və Ostane-4 adı ilə 2 əyalətə bölməsi də hövl və həvəs üzərində irəli gəlməmişdi. Bunların altında şeytani bir nəğmə gizlənmiş idi, o da Azərbaycanın dilini, birliyini və milliyətini ortadan aparmaqdan ibarət idi".
Rza şahın hakimiyyətdən getdiyi vaxtdan sonrakı illərdə də Azərbaycana qarşı mərkəzin münasibəti dəyişməmişdi. Təzyiqlər bölgəyə ögey münasibət, iqtisadi gerilik və baxımsızlıq əvvəlki illərdə olduğu kimi davam etməkdə idi. S.C.Pişəvəri siyasi fəaliyyətini davam etdirmək üçün 1945-ci ilin yayında Təbrizə gəlmək ərəfəsində Azərbaycan partlamağa hazır olan barıt çəlləyini xatırladırdı. Pəhləvilərin amansızlığına əlavə olunmuş milli zülm böyük tarixə və zəngin keçmişə malik olan bir xalqın - Azərbaycan türklərinin bir millət kimi "əridilməsi" cəhdi bu ərazidə yaşayanların mövcud rejim əleyhinə və onun yerlərdəki dövlət strukturlarına qarşı nifrət və barışmaz əhvali-ruhiyyə yaratmışdı. Buna görə də mütəffiq qoşunların İran ərazisinə keçməsi ilə bağlı siyasi ab-havada qismən yumşaqlığın əmələ gəlməsindən istifadə edən Azərbaycandakı milli qüvvələr dirçəlməyə və açıq mübarizə meydanına atılmağa imkan tapdılar. Bu özünü hər şeydən əvvəl bu bölgədə xalqın öz azadlığı uğrunda gündən-günə yüksələn və yeni vüsət alan mübarizəsində göstərirdi.
ADF-in yaranması ərəfəsində Azərbaycanda təkcə iqtisadi vəziyyət deyil, siyasi durum da bir çox cəhətdən ağır və mürəkkəb idi. 1945-ci ilin əkin mövsümündə çəyirtkələrin görünməmiş şəkildə əkin sahələrinə hücumu və nəticədə hasil olacaq taxılın və digər dənli bitkilərin zavala məruz qalması taxıl cəhətdən onsuz da korluq çəkən Azərbaycan əhalisini daha ağır imtahana çəkdi. Azərbaycana üz vermiş gözlənilməz təbii fəlakət Tehranı nəinki narahat etmirdi, əksinə, Azərbaycanda aclıq və qıtlığı şiddətləndirmək üçün mərkəz bütün vasitələrdən istifadə edirdi. Bu haqda dövlətin adına ünvanlanmış çoxlu sayda şikayət və ərizələr Mərkəzi hökümət tərəfindən Təbrizə gəlmiş general Cahanbaninin başçılıq etdiyi nümayəndə heyətinə təqdim olunmuşdu. Xammalın və texniki avadanlığın gətirilməsinə göstərilən süni maneələr Təbriz, Urmiya, Miyandab, Xoy, Ərdəbil və b. şəhərlərdəki sənaye müəssisələrinin və manufakturaların bağlanmasına səbəb olur və ya tam gücü ilə işləyə bilməsinə imkan vermirdi. "Pəşminə", "Büstan", "Gayan" kimi toxuculuq fabrikləri, "İran gön-dəri zavodu" istehsalı dayandırmaq məcburiyyətində qaldı. Həmin dövrdə Azərbaycamn valisi olmuş Dadvər 1945-ci ilin mayında Tehranda keçirilən mətbuq konfransında etiraf etməyə məcbur olmuşdu ki, "İqtisadi böhran və işsizliyin baş verməsi ilə əlaqədar olaraq Azərbaycan fabrik-zavodlarına hökümət qəti fikir vermədi. Əməli layihələr hazırlanıb Tehrana göndərilsə də, təəssüflər olsun ki, heç bir cavab verilmədi".
1945-ci ilin baharında Məhəmmədrza şahın dəstəyi ilə baş nazir vəzifəsinə gəlmiş Möhsün Sədr (Sədrəl-əşrəf) öz kabinə üzvləri ilə birlikdə şahın sarayında təşkil olunmuş görüşdə iştirak etmiş, Azərbaycandakı vəziyyət xüsusi müzakirə olunmuşdu. Bu görüşdə Azərbaycandakı siyasi duruma qarşı tədbirlər paketi hazırlanmışdı. Bu tədbirlərdən birincisi bu oldu ki, Azərbaycan xalqına qarşı qəddarlığı və şovinist əhval-ruhiyyəsi ilə fərqlənən Möhtəşəmi Təbrizə vali təyin edildi. Möhtəşəminin Təbrizə gəlişi ilə əlaqədar Təbrizdə və Azərbaycanın digər yerlərində siyasi vəziyyət daha da kəskinləşdi. Dövlət məmurlarının, jandarma və polis qüvvələrinin azadlıq istəyən milli qüvvələrə qarşı zorakılıq və özbaşnalığı həddini aşdı. Qacarlar hakimiyyəti dövründə İranın sayseçmə vilayətləri sayılan Təbriz, Urmiya, Ərdəbil və s. Pəhləvi xanədanlığı dövründə məmləkətin hər cəhətdən geri qalmış ucqarlarına çevrilmişdi. İranın mərkəz şəhərlərində dəmir və şosse yolları, tunellər, limanlar - bunlar hamısı Azərbaycandan iş dalınca cənuba üz tutanların ağır zəhmət və əməyi ilə salınmış, təkmilləşmiş və istifadəyə hazır vəziyyətə gətirilmişdi. Mərhum Mirzə Kuçikxan demişdi: "Tehran abad olmaq üçün bütün İran bərbad edilmişdi". Pəhləvi hakimiyyəti dövründə Güney Azərbaycandakı vəziyyəti diqqətlə izləyən və onu ürək ağrısı ilə təsvir edən S.C.Pişəvəri "Bizi öz halımıza qoysunlar" adlı məqaləsində deyirdi: "Azərbaycan Tehrandan bir şey istəyir: onu öz halına qoysalar kifayətdir. Ona imkan versələr, öz əli ilə öz işlərini idarə etsin, bəsdir. Tehran bizi fələc və mətəl etmişdi. Göz acmağa yol vermir. Xırda iş görmək istəsək nəfəsimizi kəsir, əl-qolumuzu bağlayır. Hər gün bir oğrunu ostandar, fərmandar ünvanı altında böyük bir çamadan verib üstümüzə göndərir. Təzə və iti bir ülgüc ilə min dəfələrlə qırxılmış başımızı qırxmaqdan utanmırlar".
ADF-in yaradılması (3 sentyabr 1945) ərəfəsində əhalinin Azərbaycandakı sosial-iqtisadi vəziyyətinin ağırlığı, işsizlik, bahalıq, dövlət məmurlarının, xüsusən jandarm qüvvələrinin zorakılığı, özbaŞnalığı və yersiz təqibləri haqda şaha, baş nazirə, Məclisə saysız-hesabsız ərizə, şikayət və müraciətləri cavabsız qalırdı. Xalq baş nazir Bayata müraciət etmişdi. Baş nazir Bayat isə bunun müqabilində demişdi: "Mən radio vasitəsi ilə xalqa müraciət etmişəm. Artıq xalq ərizə və teleqraf vasitəsi ilə özünə zəhmət verməsin". Sonrakı baş nazir Sədr isə bildirmişdi: "Bir teleqraf olmasın, min teleqraf olsun, mən bu kimi boş sözlərə cavab belə verməyəcəyəm".
1940-cı illərin əvvəllərində Azərbaycanda qəddar valilərdən biri kimi tanınan Vüsüqissəltənə Tehranda qəzet müxbirlərinə verdiyi müsahibədə etiraf etməyə məcbur olmuşdu ki, "...Azərbaycanda iqtisadi böhranın baş verməsi və dərinləşməsi ilə dövlət az maraqlanır. Əməli layihələr hazırlanıb Tehrana göndərildiyinə baxmayaraq təəssüflər olsun ki, bunlara əhəmiyyət verilmir.
Beləliklə, 1940-cı illərin ortalarında Güney Azərbaycandakı iqtisadi və sosial durum, göründüyü kimi, həddən artıq ağır və dözülməz idi. Belə bir şəraitdə yuxarıda haqqında bəhs etdiyimiz təşkilat və cəmiyyətlərdə vətənin azadlıq və qurtuluşu uğrunda mübarizə aparanların qabaqcıl dəstəsi, xüsusən açıq fikirli ziyalılar rejimə qarşı vahid və milli məramlı bir təşkilatın yaradılmasına ehtiyac duydular. Bu məqsədlə şah rejiminə qarşı ağır mübarizə yolu keçmiş bir neçə nəfər azərbaycanlı həmin illərdə Tehranda yaşayan S.C.Pişəvəri ilə məsləhətləməyə getdilər. S.C.Pişəvəri özü bu haqda yazır: "...Xalqın əli ilə işə başlamaq, xalqın yumruğunun gücü ilə azadlığı təmin etmək - bu şüarla mən Təhriz azadxahlarının təklifi üzrə Tehrandan Azərbaycana hərəkət etdim". "Firqəmiz xalqın iradə vəgücünə dayanaraq öz haqqını alacaq və onun vasitəsi ilə xalqın azadlığını və ölkənin tərəqqisini təmin edəcək".

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun "Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri