“Mənim eşqim, ilhamım, hər nəyim var, onundur...“ Güney Azərbaycan

“Mənim eşqim, ilhamım, hər nəyim var, onundur...“

"Xalq Cəbhəsi" qəzeti mərhum ak. Bəkir Nəbiyevin M.Şəhriyar haqqında yazısını təqdim edir.

5-ci yazı

Biz muəyyən edə bilmədik ki, ustad Şəhriyar muğamat dəstgahlarının əla şairanə təsnifatını verən "Sazlı şairimiz Xazinin ruhuna təqdim" əsərini nə vaxt yazıb... Lakin onun həmin şeirlə Azərbaycan xalqının Qarabağ yarasına mənəvi bir məlhəm qoyduğu göz qabağındadır:

Sızıldar sinəmin sazı, "Dəraməd" eylərəm "Şuri",
"Çobanım" sən də "Səlmək"lə sızıldat taru-tənburi.
"Qarabağım" çıxıb əldən, "Segahm" qoy yetim olsun;
İgidlər yurdusa bir gün ucalsın təblü-şeypuri!

Ustadın bu fikirlərini davam etdirmək caiz olsaydı, deyərdim ki, əgər Qarabağ soydaşlarımız, bütün xalqımız öz qəhrəmanlıq ənənəsinə sadiqdirlərsə, onlar artıq "Yetim segah" oxumaqla dərdə dərman edə bilməzlər; indi təblü-şeypur "Cəngi" üstündə vurulmalı, Qarabağda "Qarabağ şikəstəsi" də öz əsil sahiblərinə qaytarılmalıdır!
Umumiyyətlə, Şəhriyarın yaradıcılığında əsər tapmaq cətindir ki, onda ümumbəşəri qayələr, insanlığa xas olan uca keyfiyyətlər, bütün ölkələr və bütün zamanlar üçün müqəddəs olan mənəvi mətləblər yüksək sənətkarlıqla ifadə edilməsin.
16 bənddən ibarət "Eyvay madərim!" şeirində Şəhriyarla Kövkəb xanım arasındakı zərif və kövrək ana-övlad münasibətləri yadda qalan çox incə təfərruatları ilə öz bədii inkişafını tapıb. Lakin eyni zamanda ustad dünya ədəbiyyatının bədii qaynaqlarından biri olan ana mövzusuna elə bir fikri-bədii vüsət verib, bu münasibətləri elə səciyyəvi məqamları ilə və elə məntiqi bir ardıcıllıqla nəzmə cəkib ki, onun əsəri, dünyanın hansı qitəsində yaşamasından asılı olmayaraq, hər bir ləyaqətli insan üçün ardınca qoşulmalı örnək səviyyəsinə qalxıb:

Bilirsən mənə bir vaxt nələr, nələr demiş o?
Həqiqətlər söyləmiş, əfsanələr demiş o.
Onun nağıllarıyla qanadlanmış xəyalım,
Bayatılar, laylalar, təranələr demiş o.
Beşiyimin başında gah gülmüş, gah ağlamış,
Qundağımın bağını nəğmələrlə bağlamış.
Mənim eşqim, ilhamım, hər nəyim var, onundur,
Bu qəmlər, bu ələmlər, bu misralar onundur.
Mən yazmıram, bəlkə də yazır indi bu şeiri,
Onun qızıl şua tək könül titrəyişləri.
Mən onun sayəsində boya-başa çatmışam,
Anam məni doğubdıır, mən aləm yaratmışam.

Bu fikir aliliyi, bu şairanəlik və bədii vusət Şəhriyarın "Heydərbabaya salam" və başqa poemalarına, bir sıra qəsidə və qitələrinə, "Aşiqin gileyi", "Həzin nalələr", "Yanıqlı saz", "İnsan ol!", "Tarım mənim" kimi yüzlərcə qəzəlinə də yaşarılıq bəxş edən ən səciyyəvi əlamət və keyfiyyətlərdir. Beləcə mühüm bəşəri problemləri diqqət mərkəzinə çəkib öz qənaətlərini ifadə edən Şəhriyar bəzən klassik irsdən, bir şairin bir misrasından, hətta müəyyən təbii təbəddulata uğratmış olsa da, tək bircə qafiyəsindən belə öz İlhamına qanad taxır, təbini cuşa gətirir. Məsələn, "İman muştərisi" şeirini alaq. Bu əsərdə təkanverici poetik məqam Seyid Əzimin "Aparır" rədifli qəzəlinin bu beytidir:

Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu,
Zulfunu bas yarama, qoyma məni qan aparır.

İncə ruhlu qəzəlxan Seyid Əzim məhəbbətin tərənnümünə həsr olunmuş bu qəzəlinin Şəhriyarı xüsusilə mütəəssir etmiş beytində bir-birindən doğan hadisələrin təbii ardıcıllığı yolu ilə qəribə bir psixoloji vəziyyət, poetik məqam yaradıb, bununla da əsərinə məntiqi və estetik bütövlük aşılayıb. Hələ sağlığında, yəni kecən əsrin ortalarında Qafqazda və Yaxın Şərqdə tanınmış bu görkəmli şairin ənənəvi məhəbbət mövzusuna həsr edilən qəzəlindəki bircə ünsürdən faydalanan Şəhriyar isə doğma vətəninin ictimai bəlalarını göstərməyə, ürəyində qövr eləyən böyük dərdləri dilinə gətirməyə imkan verən tamamilə yeni, yüksək mənalı bir qəzəl yazıb:

Aman Allah, yenə şeytan gəlib iman apara,
Qoruyun, qoymayın imanızı şeytan apara!
Qanlı dırnaqlarılan ingilis əl qatdı bizə,
Baxısan, rus da Arazdan kecir, İran apara.
Anama soyləyin: oğlun yıxılıb səngərdə,
Tellərin bas yarama, qoyma, məni qan apara.

Şəhriyar şeirinin təsir qüvvəsi ilk növbədə izlədiyi qayənin böyüklüyündə, fikir və duyğuların yaşarılığındadır. Rişələri, hüceyrələri ilə əsil xalq şairi olan Şəhriyarın irsi İranzəmin hüdudlarından kənarda da hüsn-rəğbətlə qarşılanan, başa düşülən, təkcə ustadın vətəni, xalqı üçün deyil, bir çox digər ölkələrin xalqları üçün də həm dünən, həm də bu gün vacib əhəmiyyətini qoruyub saxlayan regional və qlobal bəşəri problem və motivlərlə cox zəngindir. Bu problem və motivlərin yalnız bir qismindən, bu yazının verdiyi imkanlar çərcivəsində bəhs edə bildim. Lakin bu fikirdəyəm ki, onun adını çəkmədiyimiz bir sıra digər əsərləri də bu baxımdan araşdırılıb tədqiq edilməyə, haqqında xüsusi kitab və məqalələr yazılmağa möhtacdır. Qənaətimiz bundan ibarətdir ki, ustad Məhəmmədhuseyn Şəhriyar irsinin bu cəhətlərini işıqlandıran sanballı kitabı onun istedadlı pərəstişkarları çox gözləməli olmayacaqlar.
Şəhriyarın həm farsca, həm də ana dilində, həm klassik uslubda, həm də yeni formada yazdığı əsərlərində çox sanballı milli və bəşəri problemlər qaldırılıb. Onların bir çox xalqların öz müqəddəratını əlinə alıb dövlət müstəqilliyini qorumaq uğrunda çarpışdığı indiki vəziyyətdə milli özünüdərk baxımından böyük əhəmiyyəti var.
60-cı illərdə, xususən "Heydərbabaya salam" poeması Bakıda tam halda nəsr edildikdən sonra Şimali Azərbaycanda Şəhriyarın yaradıcılığına maraq xeyli artıb, şairin əsərləri yurdumuzun istisnasız olaraq bütün bölgələrində geniş yayılıb. Bu taylı şairlərin Şəhriyarın əsərlərində vaxtaşırı anılması, onun da mübarək adının və məşhur poemasının bu taylı şairlərimizin əsərlərində dönə-dönə tərənnum edilməsi, güney və quzey Azərbaycanın şairləri arasında yazışmalar, "Heydərbabaya salam"ın bu tayda mavi ekranda görünməsi, radio dalğalarında səslənməsi, bu əsərin motivləri əsasında tamaşalar göstərilməsi, Şəhriyar irsinin Bakıda, onun böyük sələfi Nizami Gəncəvinin adını daşıyan Azərbaycan ədəbiyyatı tarixi muzeyində xüsusi bir guşədə layiqincə canlandırılması xalqımızın öz tarixinə, ənənələrinə qovuşması, öz dövlət müstəqilliyini əldə etməsi prosesində çox böyük mənəvi kömək edib.
Şairin vəfatından illər keçdikcə onun ədəbi irsinə oxucu marağı daha da artır.
Hər iki tayda adamlar xoş gundə də, iş müşkülə düşəndə də ilk növbədə, özünün sayseçmə şairlərindən biri kimi Şəhriyarın sənət kəhkəşanına muraciət edir, onun fikir və duyğular xəzinəsindən qəni-qəni faydalanırlar. Bu zəngin və universal xəzinədə insan həyatının bütün məqamlarını, xalq psixologiyasının ovqat qammasını əks etdirən əsərlərlə qarşılaşırlar. Şəhriyar onillər bundan əvvəl doğulmuş bu misralarını elə bil ki, xalqımızın erməni təcavüzünə məruz qaldığı məhz bu fəlakətli gunləri haqqında deyib:

Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.

Lakin xoşbəxtlikdən Şəhriyarın həsbi-hal səciyyəsi daşıyan belə optimist misraları da var:

Dedim:
- Məhəbbətdən özgə nə varsa,
Çəkdim, qələm çəkdim, hamısına mən.
- İnsana, vətənə, borcun var, dedi,
Heç vaxt qələm çəkmə bu borcuna sən.
Dedim:
- Nə gözəldir səma, ay, günəş,
Ey cahan, günəşə öz qapını aç!
Dedi: - Ey gözəllik padşahı şair,
Dunyaya ədalət bayrağını sanc!

"Yaman günün ömrü az olar" demişlər. Haqq öz yerini tutacaq, xalqımızın istiqlal amalı tam qalib gələcək, gözəl Qarabağın bütün guşələri də buraya daxil olmaqla, doğma torpaqlarımız dinc nəfəs alacaq. Azərbaycanın uçrəngli, aylı-ulduzlu dövlət bayrağı ilə yanaşı, xalq mənəviyyatının parlaq rəmzi kimi qüdrətli şairimiz Şəhriyarın sənət və gözəllik bayrağı da qədim Azərbaycan torpağı üzərində əbədi dalğalanacaq.