1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi Güney Azərbaycan

1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi

6-cı yazı

Belə nəticəyə gəlmək olar ki, Qacarlar etno-mədəni baxımdan Azərbaycan xalqını təmsil etməsələr də xalqın etno-mədəni inkişafı qarşısında heç bir rəsmi maneə də yaratmamışdılar. Sadəcə, İranda yaşayan xalqların dillərinin statusu tarixən formalaşmış qaydalarla tənzimləndiyindən, Azərbaycan türklərinə də bu dildə yazıb – oxuma vərdişi yad idi. Xalq bu ənənələrə sadiq idi. Deməli, Pəhləvilərin hakimiyyətə gəlişi ilə yeni keyfiyyət kəsb edən milli münasibətlər azərbaycanlıların milli özünüdərk prosesini dərinləşməsinə və eyni zamanda Azərbaycan dilinin funksiyalarının genişlənməsi, həm də bu dilin milli yazılı-ədəbi dilə çevrilməsi uğrunda mübarizəyə səbəb olmuşdu. Güney azərbaycanlıların azadlıq hərəkatının milli zəmində meydana gəlib inkişaf etməsində SSRİ-nin, xüsusən də Şimali Azərbaycanın rolu böyük idi. 1941-ci ildə İrana xarici qoşunların daxil olması və mərkəzi hökumətin bölgələrdə nəzarətinin zəifləməsi Sovetlər Birliyinə bu ərazidə öz siyasi təsirini artırmaq üçün şərait yaratdı və bu siyasi layihənin həyata keçirilməsi üçün İran Azərbaycanında milli-mədəni və siyasi dirçəlişə yardım adı altında Cənubi Azərbaycana M.C.Bağırovun təşəbbüsü ilə xüsusi qrup göndərildi. Tezliklə "Vətən Yolunda", "Qızıl Əsgər" qəzetləri nəşr olunmağa başlandı."Vətən Yolunda" qəzetinin bütün Cənubi Azərbaycan şəhərlərində abunəçiləri və həmçinin, İranın azərbaycanlılar yaşayan başqa yaşayış məntəqələrində oxucuları var idi. "Vətən yolunda" İran qəzetlərinin çoxundan bir neçə dəfə artıq tirajla, yəni 15 min nüsxə çap olunurdu.
Qəzetin nəzdində təşkil olunmuş "Şairlər məclisi" Güney Azərbaycanın 50-dən çox şairini öz ətrafına birləşdirərək, onların yaradıcılığına yaxından kömək edirdi. Güney Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetlərin maraqlarına cavab vermirdi. Hətta A.Smirnov "Vətən yolunda" qəzetinin bağlanması haqqında SSRİ Xarici İşlər Komissarlığına müraciət etsə də M.C.Bağırov qəzetin bağlanmasına etirazını bildirmişdi. Güney Azərbaycana göndərilmiş işçi qrupu altı ay fəaliyyət göstərdikdən sonra Sovet diplomatik nümayəndələri ilə aralarındakı ziddiyyətlərin olması səbəbindən Bakıya qayıtdı. Alman-Sovet cəbhəsində vəziyyətin tədricən rusların xeyrinə dəyişməsi ilə əlaqədar Moskva Güney Azərbaycan məsələsinə 1944-cü ildə yenidən qayıtdı və Sovet Azərbaycanından İrana yeni işçi qrupu göndərdi. Güney Azərbaycanda da milli-demokrat çevrələrin fəaliyyəti üçün əlverişli mühit yarandı. Bağlanmış nəşrlərin fəaliyyəti yenidən bərpa edildi.
"Şahin", "Vətən Yolu" (Təbriz), "Qızıl Əsgər" (Urmiya), "Azərbaycan", "Sitareye Azərbaycan", "Xavəre no", "Yumruq" və s.bu kimi dövri nəşrlər fəaliyyətə başladı. Bu illərdə fəaliyyət göstərən dövri nəşrlər başda "Azərbaycan" qəzeti olmaqla xalqın milli mənafeyinin təmin edilməsi istiqamətində ideoloji mübarizə aparırdılar. "Şahin" qəzeti azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, Tehrana getməyə məcbur olub, paytaxtda ali məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz qalan azərbaycanlıları bu qayğıdan xilas etmək üçün Azərbaycanda ali məktəb açılmasını vacib sayırdı.
Təbrizdəki "Sovet mədəniyyət evi"nin, "Sovet-İran Mədəni Rabitə Cəmiyyəti Təbriz şöbəsi"nin Azərbaycanda ana dilində demokratik mətbuatın və ədəbiyyatın yaranmasında və inkişafında böyük rolu olmuşdu. Ümumilikdə, 1941-ci ilin oktyabrından 1945-ci ilin sentyabrına qədər Azərbaycanda 4 il müddətində 21 adda qəzet nəşr edilmişdi. Bu dövri nəşrlərdə çap olunan mövzular sovet sosialist ideologiyasının təbliği, yerli əhalinin maarifləndirilməsi istiqamətində idi. Həmin nəşrlərdə xalq kütlələrinin maariflən dirilməsi üçün Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simalarını, dil və ədəbiyyat tarixini, ikiyə bölünmüş xalqın faciəsini, hiss və duyğularını əks etdirən məqalələr, həmçinin dünya ədəbiyyatı nümunələrini özündə əks etdirən yazılar dərc edilirdi. Bu dövrdəki azərbaycandilli mətbuat milli şüurun dərinləşməsi üçün vacib olan ictimai-siyasi, milli-mədəni məzmunlu materiallar dərc etməklə, demək olar ki, bu prosesi sürətləndirdi. Bu kütləvi mətbu vasitələr geniş demokratik qüvvələrin ana dilinin bərabərliyi uğrunda mübarizə əzmini əks etdirərək, intellektual çevrələri bu mübarizədə birləşdirməyə çalışırdı.
Bir faktı qeyd etmək çox vacibdir ki, müxtəlif dövrlərdə Şimali Azərbaycana mühacirət etmiş, sonralar İrana qayıdaraq (zorla deportasiya olunmuşlar) milli mübarizənin ön cərgəsində gedən Güney azərbaycanlıların ictimai siyasi görüşlərinin, milli hisslərinin formalaşmasında Sovet Azərbaycanında baş verən hadisələrin (1920-1936-cı illərdə "Türk dili", "türk milləti", "Azərbaycan mədəniyyəti" anlayışlarının təsbiti, təhsil sisteminin milliləşməsi və inkişafı, milli dildə təmizlik, milli ədəbiyyatın və mədəniyyətin inkişafındakı yeniliklərin şahidi olmuşlar) rolu da bizcə, danılmazdır.
Qeyd edək ki, həmin dövrdə hərəkatda müstəqillik yox, İran daxilində muxtariyyat tələbləri irəli sürülürdü. "Azərbaycan" qəzetində (1941-42-ci illərdə) muxtariyyat ideyasının təbliğinə xüsusi yer verlirdi. 1944-cü ildə kommunistlərin təşkil etdiyi nümayişdə də açıqca Azərbaycan millətinin muxtariyyət haqqı və özünəxas dilindən bəhs edilmişdi [122,s.82]. Əslində bu hərəkat elə dil məsələsindən doğmuşdu. Ana dili məsələsi Azərbaycanın mühüm problemlərindən biri olub fars-Azərbaycan, mərkəz-Azərbaycan münasibətlərinə həmin şəraitdə güclü təsir göstərdiyinə görə, ana dilinin hüquqlarının təmin olunması məsələsi ön plana çıxmışdı. Demokratların əqidəsinə görə həmin məsələnin həlli nəinki milli məsələnin həllini, həm də İran dövlətinin bütövlüyünü təmin edər.
Ancaq Sovet qoşunlarının İrana daxil olması və Azərbaycan SSR-dən göndərilmiş xüsusi qrupun fəaliyyəti müstəqillik məsələsinin gündəmə gəlməsində mühüm rol oynadı. Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırovun Stalinə məktublarının birinə diqqəti çəkək: "Ancaq Azərbaycanın əhalisi, xüsusilə də kəndliləri arasında ruhanilərin güclü təsirini nəzərə alaraq, bizim tərəfimizdən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Bu yaxınlarda Bakı şəhərində keçirilmiş Zaqafqaziya ruhaniləri və mömin müsəlmanlarının qurultayında qəbul olunmuş bütün müsəlmanlara antifaşist müraciəti tərəfimizdən İrana göndərilmiş və əhali arasında Azərbaycan və fars dillərində 5000 nüsxədə yayılıb. İran ruhaniləri və əhalisi bu müraciəti böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bundan başqa, Şeyxülislam Əlizadənin başçılığı ilə Zaqafqaziya müsəlmanlarının yeni seçilmiş dini idarəsi bizim təsirimizin daha da gücləndirilməsi məqsədi ilə Cənubi Azərbaycanın din xadimləri ilə şəxsi əlaqələr qurur. Qafqaz Şeyxülislamı Axund ağa Əlizadənin 1945-ci il may ayında İrana gerçəkləşdirdiyi ziyarət zamanı bir çox məscidlərdə türkcə dini çıxışları cənubi azərbaycanlıların milli düşüncəsinin inkişafına müəyyən qədər təsir etmişdi. Göründüyü kimi, Sovet Azərbaycanının bütün sahələri əhatə edən təbliğatı İran azərbaycanlılarının milli oyanışında ciddi rol oynayır, müstəqillik ideyalarını aktuallaşdırırdı. Tədqiqatçı Sonel Bosnalı da göstərir ki, məhz bu təsirlərin nəticəsində bəhs edilən dövürdə müstəqillik tələbləri dilə gətirilməyə başlandı. Lakin Azərbaycanın ayrılması uğrunda aparılan təbliğatda demək olar ki, türkçülük ideyaları ortaya atılmadı. Zənnimizcə, bunun səbəbi Şimaldan gələn təsir də ola bilərdi. Bəllidir ki, 1930-cu illərin ortalarından etibarən SSRİ-də türkçülük ideyalarının təbliği qadağan edilmiş, bu ideyaların daşıyıcıları repressiylara məruz qalmışdılar.
Beləliklə, Rza şah diktaturasının həyata keçirdiyi assimilyasiya siyasətinə qarşı verilən təbii əks-reaksiyanın və xarici amillərin (Böyük Britaniya, SSRİ qoşunlarının daxil olması, Sovet İttifaqının öz nüfuz dairəsini genişləndirmək məqsədilə Güney Azərbaycanın müstəqilliyi ideyasını gerçəkləşdirmək üçün İranın şimalındakı fəaliyyəti) təsiri altında Azərbaycan türkcəsinin statusunun və nüfuzunun yüksəldilməsi, milli şüurun oyanışı nəticəsində Cənubi Azərbaycanda yeni hərəkat formalaşdı.

Yeganə Hacıyeva