Güney Azərbaycanda 1989-1997-ci illərdə ziyalıların fəaliyyəti Güney Azərbaycan

Güney Azərbaycanda 1989-1997-ci illərdə ziyalıların fəaliyyəti

2-ci yazı

Qeyd edək ki, bu dövrdəki tələbə hərəkatının xarakterik xüsusiyyətlərindən biri milli tələblərin İran hakim dairələrinə ünvanladıqları müraciətlərdə ifadə olunması idi. Tələbələr, əsasən, milli haqlar, o cümlədən ana dilindən istifadə hüquqlarının reallaşdırılması ilə bağlı tələblərini İran ali hakimiyyət orqanlarına, müxtəlif rəsmi şəxslərə ünvanladıqları müraciətlərdə ifadə edirdilər. Cənubi Azərbaycan üzrə tədqiqatçı Vidadi Mustafayev tələbə hərəkatının bu dövrünü "petisiyalar mərhələsi" kimi xarakterizə edir.
Azərbaycanlı tələbələrin İran prezidentinə ünvanladıqları digər məktubda deyilirdi: "İİR Ana Yasasının 15-ci maddəsinin icrası zamanı gəlib, iki dilli məktəblər təsis olunmalıdır. Çünki bizim hamımız müsəlman və iranlı olmağımızla müştərəkik, nəinki dildə. Gərək bilək ki, əgər İran xalqlarının dilləri məsələsini nəzərə almasaq və onların mədəni və digər istəklərini görməsək, gələcəkdə onun acı nəticələrini yaşayacağıq. Mədəniyyət və təhsil proqramlarını hazırlayan şəxslər gərək təcili qeyri-rəsmi dillərə, məxsusən Azərbaycan dilinə lazımi əhəmiyyət verməlidir".
Meşkinli tələbələr hakimiyyətə ünvanladıqları açıq məktubda əsas qanunla təsbit olunmuş ictimai-siyasi və mədəni haqların onlara verilməsini tələb edirdilər. Bu müraciətin ardınca ərdəbilli tələbələr bəyanat yaymışdılar. Meşkinli tələbələrin açıq məktubunu müdafiə edən bəyanatda "Azərbaycan" sözünün Ərdəbil vilayətinin adından silinməsinə kəskin etiraz ifadə olunurdu. Hər iki sənəddə Ərdəbil radio-televiziyasının tutduğu mövqe pislənir və qeyd edilirdi ki, bu kütləvi informasiya vasitəsi Azərbaycan dilini və Azərbaycan mədəniyyətini eybəcərləşdirir: "Yerli əhali üçün hazırlanan 15 dəqiqəlik veriliş də fars dilində aparılır. Radio-televiziyanın ictimai, mədəni və tərbiyəvi proqramlarından istifadə etmək istəyən savadsız Azərbaycan kəndlisinin haqqıdır ki, başa düşdüyü dildə proqrama tamaşa etsin". Təxminən eyni məzmunlu məktublar Urmiya və Tehran universitetlərinin azərbaycanlı tələbələri tərəfindən də yazılmışdı. Bu petisiyalar mərhələsi 1996-cı ilə qədər davam etdi.
Bəhs olunan dövrdə Cənubi Azərbaycanda Azərbaycan türkcəsinin radio və televiziyada əsas dil kimi işlədilməsi, ana dilində məktəblərin açılması günün tələbi kimi irəli sürülürdü. Bu sənədlər ziyalıların bəhs edilən illərdəki mübarizəsinin mahiyyətini aydın şəkildə ortaya qoymaqla yanaşı, onların tələblərinin ədalətli, həmçinin İran qanunlarına uyğun olduğunu, ən mühümü isə tələbələrin Azərbaycan xalqının ictimai-siyasi maraqlarının ifadəçisi rolunda çıxış etdiyini göstərir. Beləliklə, bu illərdə siyasi yönümlü qüvvələrdə müşahidə olunan birlik təşəbbüsləri ziyalıların, xüsusən də tələbələrin fəaliyyətində də özünü büruzə verdi. Ziyalı milli qüvvələr Azərbaycan türkcəsinin funksiyasının genişləndirilməsi ilə yanaşı, dilin özünün assimilyasiyaya məruz qalması problemini digər məsələlərin fonunda daha aktual mövzu kimi irəli çəkir, qabardırdılar.
1993-cü ildə azərbaycanlı tələbələr Təbrizdə yeni bir qurum - Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) adlı təşkilat da yaratdılar. Lətif Həsəni adlı tələbənin rəhbərliyi ilə yaradılmış təşkilat türk milli kimliyinin tanınması, modernləşmə, sekulyarizm və dini əqidə azadlığının təmin edilməsi yönündə fəaliyyət göstərəcəyini bəyan etmişdi. Yeni GAMOH ölkədə baş vermiş ictimai-siyasi, mədəni hadisələrə münasibət bildirir, bir sıra tədbirlərin (Babək qalasına yürüşlər, Səttarxanın, Milli Hökumətin hər il keçirilən anım günləri) təşkilatçısı və ya yaxından dəstəkçisi kimi çıxış edərək xüsusi fəallığı ilə seçilirdi. Təşkilat tam gizli şəkildə fəaliyyət göstərirdi, yalnız 2002-ci ildə xaricdə bürosu təsis edilmişdi. 1997-ci ildə Tehranda da Cənubi Azərbaycan tələbə hərəkatının fəaliyyətini mərkəzləşdirmək, təkmilləşdirərək inkişaf etdirmək məqsədilə Azərbaycanlı Biliyurdlular Toplumu (AzBilTop) adlı qurum yaradılmışdı. AzBilTop aydın surətdə dərk olunmuş məqsədləri (azərbaycanlı tələbələr və gənclər arasında fikir birliyi yaratmaq, Azərbaycan türkcəsinin inkişafı, yayılması və tanıdılması uğrunda mübarizə, türkcə nəşrlərin genişləndirilməsi, siyasi-ictimai, mədəni, elmi seminarların təşkil edilməsi və ya onlara dəstək göstərilməsi) olan bir qurum kimi yaranmışdı. AzBilTop Azərbaycanlı Biliyurdlular Toplumu Araşdırma Mərkəzi adlı elmi qurum yaratmışdı. Qurum "Federaliz" adlı mətbu orqan təsis etmişdi ki, bu nəşrin yayılmasına dövlət tərəfindən qadağa qoyuldu.
Hər iki təşkilat - həm Yeni GAMOH, həm də AzBiLTop azərbaycanlıların milli-ictimai, milli-mədəni maraqları naminə fəaliyyət göstərən, yalnız demokratik dəyərləri əsas götürən təsisat idi. Tələbə təşkilatlarının mədəni fəaliyyəti, əsasən, bu tədbirlərin keçirilməsindən ibarət idi: hər il türkcə kurslar açaraq oxuma-yazma dərsləri verilir; Qarabağ və dünya müsəlmanlarının soyqırımı ilə bağlı konfranslar keçirilir, fotosərgilər nümayiş olunur; şeir və musiqi gecələri təşkil edilir; məşhur Azərbaycan tarixi şəxsiyyətləri və qəhrəmanlarını anma mərasimləri və simpoziumlar təşkil olunur; "Ana dili günü" proqramı hazırlanır; müasir Azərbaycan ədəbiyyatı, Azərbaycan folkloruna həsr edilmiş toplantılar keçirirdilər.
1990-cı illəri səciyyələndirən cəhət siyasi motivin aparıcı və qabarıq olmasında idi ki, bu dövrdə milli hüquqlar uğrunda mübarizə açıq siyasi müstəviyə keçdi. Ana dili uğrunda açıq siyasi-ideoloji tələblər 1995-ci ildə İslam Şura Məclisinə seçkilər zamanı milli ziyalı, deputatlığa namizəd doktor Mahmudəli Çöhrəqanlı tərəfindən qoyuldu. Namizəd öz milli proqramında Təbrizin və bütün Azərbaycanın milli düşüncəli ziyalılarının dövlət işlərinə cəlb edilməsi, bu regionun iqtisadiyyatının çiçəkləndirilməsi, xalqa zülm edənlərlə mübarizənin gücləndirilməsi, ana dilinin geniş işlədilməsi və digər bu kimi məsələlər qaldırırdı. Azərbaycan Mədəniyyət və Kültür Ocağı, cənubi azərbaycanlı tələbə təşkilatları və siyasi təsisatlar da başda olmaqla, milli qüvvələr Çöhrəqanlının seçki kampaniyasına yaxından dəstək verərək birlik nümayiş etdirdilər. Mahmudəli Çöhrəqanlı səsvermədə rekord səs toplasa da, hakim rejimin həmin dairədə seçkilərin nəticələrini etibarsız sayan antidemokratik və antiazərbaycan qərarı geniş etirazlara, qarşıdurmaya səbəb oldu. Yüzlərlə tələbə həbs olundu. Cənubi Azərbaycan Milli Hərəkatı İslam Şura Məclisinə öz təmsilçisini seçə bilməsə də, baş verən hadisələr Azərbaycanda çeşidli sosial qrupları birləşdirən, əsas aparıcı qüvvəsi ziyalılar olan milli hərəkatın yarandığını göstərirdi. Bu mübarizədə tələbə hərəkatı ziyalılar ilə birləşərək milli hərəkatın aparıcı qüvvəsinə çevrildilər.
Bu mərhələdən etibarən sırf Azərbaycan tarixi, kimliyi, dili ilə bağlı elmi araşdırmalar məhdud çərçivədən çıxaraq daha geniş ziyalı təbəqəsini əhatə etməklə obyektiv milli konsepsiyanın yara-dılmasına başlanıldı. M.T.Zehtabinin "İran türklərinin əski tarixi" və "İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı" əsərləri Azərbaycan tarixinin qədim dövrünün tədqiqində yeni bir elmi mərhələ idi. Müəllif Pars tayfalarının gəlişinədək bu bölgədə 3500 illik möhtəşəm mədəniyyətlərin və dövlətlərin olduğunu göstərərək yazır: "Bu mədəniyyəti yaradanlar İraqda sumerlər, İranın qərbi, mərkəzi, bütün Azərbaycan və Xəzərin cənubunda arattalar, ilamlar, kassilər, hurrilər, quttilər, lullibilər, gilzanlar, amerdlər, kaspilər, mannalar, urartular olmuşlar".
Müəllif bu tayfaların danışdığı dilləri "bugünkü Türk dilinin babası" adlandırır. "İran Türklərinin əski tarixi"nin ikinci cildinin əsas mövzularından biri Partların etnik mənsubiyyəti məsələsidir. Dr. Zehtabi Partların Ariya irqinə mənsub olduğunu və Pəhləvi dilində danışdığını iddia edən Həsən Pirniyaya qarşı çıxaraq yazır: "Əşkani hakimiyyətinin özəyini təşkil edən Dahi boyu Sakaların bir qolu idi və onların türklüyü şübhə doğurmur". Əsərdə Sasani dövründə bu coğrafiyaya yeni köçən türk tayfaları haqqında, eyni zamanda Sasani hökmdarlarının Azərbaycana köçürdükləri farsdillilər haqqında da geniş məlumat verilir.
Cənubi azərbaycanlı ziyalı Şahmərsi Pərviz Zare də türk dilinin yeni tarixdə regiondakı yeri barədə maraqlı fikirlər irəli sürür, beynəlxalq güclərin maraqları naminə 18-ci əsrdən başlayaraq bu dilin siyasi məsələ kimi qabarmasını önə çəkir. O, qeyd edir ki, ruslar hələ 18-ci əsrdə Şərq dillərini xüsusən də türk dilini dərindən öyrənmək üçün Sibirə, Orta Asiyaya, Qafqaza mütəxəssislər göndəriblər. Rusların bu tədqiqatlarda məqsədi türklərin dilinin mad tayfalarına bağlı olub-olmamasını yoxlamaq idi. Müəllif ehtimal edir ki, ruslar fars dilinin Qafqazda çox geniş yayılmasından narahat idilər. Çünki fars dili Qafqazı İrana bağlaya bilərdi. Ruslar din və dil amilini əsas təhlükə hesab edərək xristian dinini də daha çox təbliğ edirdilər. Şahmərsi Pərviz Zare fars dilinin isə ingilislər üçün önəminə diqqət çəkərək hesab edir ki, türk-fars arasında problemlər Herat müharibəsində türk ordusunun gücünün ingilisləri narahat etməsi ilə başlayıb. Müəllif ingilislərin İranı zəiflətmək üçün türk-fars qarşıdurması yaratmaq istiqamətində fəaliyyətini qeyd edir. Farsları dəstəkləmək və fars dilini geniş təbliğ etmək, türkləri isə alçaltmaq və zəif salmaqda məqsəd tabe olmayan türkləri hakimiyyətdən uzaqlaşdırmaq və farsları hakimiyyətə gətirmək idi. Beləliklə, müəllif rusların türk dilini, ingilislərin isə fars dilini araşdırmaq və təbliğ etmək yönündə fəaliyyətlərini işıqlandıraraq onların əsas məqsədlərinə aydınlıq gətirməyə çalışır.

Yeganə Hacıyeva