İki güneyli məhbus aclıq aksiyası keçirir Güney Azərbaycan

İki güneyli məhbus aclıq aksiyası keçirir

İran həbsxanasında iki azərbaycanlı siyasi məhbus uzun müddətdir aclıq aksiyası keçirir. APA-nın HRANA-a istinadən verdiyi məlumata görə, onlardan biri 25 gündür Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasını davam etdirən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri, doktor Lətif (Araz) Həsənidir. O, siyasi məhbusların hüquqlarının pozulmasına və onların ailələrinə təzyiq göstərilməsinə etiraz olaraq mayın 18-dən etibarən bu addımı atıb. Bəzi məlumatlara görə, A.Həsəni iyunun 11-də qan təzyiqi və çəkisinin azalması səbəbindən zindanın klinikasına qaldırılıb.
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.
Digər azərbaycanlı siyasi məhbus isə 11 gündür Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında aclıq aksiyasını davam etdirən Rza Şəhabidir. O, iyunun 1-dən Tehranın Evin həbsxanasından hazırda qaldığı zindana sürgünə göndərilməsinə etiraz olaraq bu addımı atıb. Hazırda R.Şəhabinin kəskin aşağı qan tyəzyiqindən və boynundakı ağrılardan əziyyət çəkdiyi bildirilir.