Güney Azərbaycan: poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri - 2-ci yazı Güney Azərbaycan

Güney Azərbaycan: poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri - 2-ci yazı

M.Ş.Sadıqpurun “Daşlı yol” poemasında bədii təsvir və bədii ifadə vasitələrinin zənginliyi diqqətdən qaçmır. Poemada metaforalar, epitetlər, məcazi sözlər, sinonim və cinas sözlər, təkrirlər, təzadlar, antonimlər və bədii təsvirlər üstünlük təşkil edir. Poemanın elə ikinci bəndindəcə bənzərsiz metaforalar oxucu zövqünü yüksək bədii notlarla kökləyir:

İlan kimi qıvrılıb bu incə yol,
Öz kamına çəkir hər bir gedəni.
Bu səfərim qorxuludur, bilirəm,
Dönə bilməm, haraylayır yol məni.

Yolun ilan kimi qıvrılması (bu, təşbehə də uyğun gəlir) və insanı haraylaması metaforadır. Həm də başdan-ayağa 4+4+3 qafiyə sistemi üzrə qruplaşdmlaraq aşıq şeiri üslubunda qoşma qəlibində yaradılmış poemanın:

Gün doğmamış o yerlərin üzünə,
Orda daim nərə çəkər tufanlar.

Poemalarda orijinal təbiət obrazı yaratma ənənəsini uğurla davam etdirən M.S.Şami bu nümunədə də bənzərsiz metafora yaradır: tufanın nə olduğu məlumdur, amma nərə çəkmək insana xas əlamətdir.
Göründüyü kimi, çağdaş Güney Azərbaycan şairləri bədii təsvir vasitələrindən məharətlə istifadə edərək son dərəcə əlvan, rəngarəng üsullarla obrazlı ifadələr, ecazkar bədii təsvirlər, bənzərsiz poetik lövhələr yaradırlar. Bəzən fikrin bədii-emosional təsir gücünü artır-maq üçün real həyat hadisələrini əks etdirən misralarla yanaşı, elə təşbeh, epitet, yaxud metafora işlədirlər ki, yaranmış yeni obrazlı fikir orijinallığı ilə oxucunu həqiqətən heyrətləndirir. A.Şalıgin “Teopua cnoBecHocm u xpecTOMaTHa“ kitabında “Nitqin görümlülüyünü və emosionallığını artıran ən əhəmiyyətli vasitələrdən” birinin epitet olduğu qənaətindədir. V.M.Jirmunski isə epitetin dar və geniş mənasını bir-birindən fərqləndirir. O, epiteti dar mənada bədii təyin sayır və bu sıraya ənənəvi epitetləri də aid edir. Prof. Rafiq Yusifoğlu isə yazır ki, “Azərbaycan ədəbiyyatşünaslığında ənənəvi epitetlər müqəyyəd epitetlər adlandırılır. Epitet yunan sözüdür, məcazın növlərindən biridir (tərcümədə “əlavə” mənasını verir) və “bir sözü qüvvətləndirmək və zənginləşdirmək, xassə vermək” üçün əsas sözə qoşulan əlavə sözdür. Hadisələrin, şəxsin, əşyanın hər hansı bir keyfiyyətini aydınlaşdıran, təyin edən sözdür. Epitet vasitəsilə şair, yaxud yazıçı təsvir etdiyi hadisənin elə cəhətini xüsusi nəzərə çatdırır ki, bunu bilmək oxucu üçün olduqca böyük əhəmiyyət kəsb edir. Epitetin sifət, isim şəklində və s. işlənən sadə və mürəkkəb növləri var. Daha dəqiq desək, epitet bədii təyindir və cümlədə də məhz ikinci dərəcəli cümlə üzvü-təyin rolunda çıxış edir. Ustad Şəhriyarın “Səhəndim” poeması yüksək lirikanın, bədiiliyin zirvəsidir. Bədii təsvir və ifadə vasitələrinin, obrazlı, qanadlı fikirlərin köməyilə ecazkar bədii örpəyə bürüdüyü poemada yaratdığı son dərəcə orijinal epitetlərə nəzər salaq:

Şah dağım, çal papağım,
El dayağım, şanlı Səhəndim,
Başı dumanlı Səhəndim.

Şəhriyar “Səhəndim” poemasında bu fərqi qabanqlaşdmr, başı dumanlı, uca Səhənd dağını vüqarlı Şah dağına, kişinin qeyrəti hesab edilən papağa, elin dayağına bənzətməklə, təşbeh, həm də oxşarlığın tipik nümunəsini-epitet yaratmış, təhkiyəni daha da canlandırmışdır. Maraqlıdır, sanki eyni epitet sıralanmasını, amma müəyyən məna fərqi ilə M.Ş.Yalqızın ustad şairin bu bənzərsiz əsərinə nəzirə yazdığı “Səməndiyyə” poemasında da izləyirik:

Şah bəyim!
Bal pətəyim, gül-çiçəyim, nazlı səməndim,
Saçı boynumda kəməndim!

Şağdaş dövrün ünlü şairi Hadi Qaraçayın “Sonsuzluq” poemasında yaratdığı bədii təsvir və ifadə vasitələri yeniliyi, ilkinliyi ilə diqqət çəkir. Poemada tarixin səhifələrinə qısaca poetik səyahət edən şair İranla Rusiya arasında bağlanan və adı “sülh”, mahiyyətində isə vəhşət, bir xalqın Quzey və Güney Azərbaycan olaraq iki yerə bölünməsilə əsrlər boyunca ayrılığa məhkum olunması, həsrətdən odlanıb yanması, ölüm dayanan “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalandığı o məşum dövrün sonrakı fəsadlarına öz bənzətmələri, orijinal təşbeh, epitet və metaforaları ilə işıq salır:

Ölüm çardaq qurdu, şəhərdən böyük,
Kəsilən başlar, deşilən döşlər, yolunan saçlar
Və özgürlük hər evdən öldürülmüş bir oğul oldu...
...Beləcə hər kəs öz içində quyladı quylanmaz cəsədi...
Səhəndin döşündə yara
Və Savalan yalqız qaldı köhnə qarıyla...
Nə dördbucaq, nə üçbucaq, görkəmsiz...
Ilğım köynəyində iti sivrilib keçmiş İlan ləpiridir bu yurd.

“Sazaqlı külək, qanlı çaylar, sürüşkən torpaq, quylanmaz cəsəd, yanmış qum və hər addımda sızıldayan çalı quşları, acı təbəssüm” epitetlərinin yansıtdığı müsibəti oxucu aydın dərk edir... “Ölümün şəhərdən böyük çardaq qurması” metaforası kütləvi qırğınların törədildiyinə işarə, “kəsilən başlar, deşilən döşlər, yolunan saçlar” epitetləri isə qətlə yetirilmiş soydaşlarının nə böyüklükdə faciənin qurbanları olduğunun sübutudur... H.Qaraçay özəl bir metaforaya imza atır və əsarət altına düşən xalqının əldən getmiş bağımsızlığını, itkin düşən özgürlüyünü “hər evdə öldürülmüş bir oğul”a bənzətməklə bu anlamın nə qədər əziz, doğma, insan üçün övlad, oğul qədər önəmli olduğunu diqqətə çatdırır. Ardınca daha yeni bədii təsvir vasitələrilə daha bənzərsiz biçimdə, modern tərzdə 1946-cı ildə azadlığın şərbətini içən Güney xalqının bir ildə yaşadığı zövqü və “nə qədər uzun, necə də qısa olan” o ili anladır:

Bir ildə min ömür yaşadıq...
Ərkin unutmayacağı,
Göy məscidin görmədiyi
Dərin bir ömür.
Ana südündən doğma,
Qız dodağından şirin,
Qadın döşündən dadlı.

Hadinin yozumunda 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabrınadək keçən dövrdə - Milli Hökumətin qurulduğu və hakimiyyətdə olduğu bu bir ildə xalq dərindən anladı ki, “yasəmən qoxuyan yanaqlarından öpmək, sehrli torpağına dodaq basmaq qədər şirin imiş yaşam. Yozumsuz yuxuya dönərmiş Azadlıq. Daşı parçalayan yaşıl bir mamır, hətta şeytanın dilindən söylənmiş nağıl, qan qoxuyan gül də ola bilərmiş azadlıq.” Oxucu bircə anlıq düşü-nür ki, bənzərsiz təşbeh və metaforaların oluşdurduğu bu orijinallığı yalnız Hadi Qaraçayın qələmi yarada bilər!.. Bu aləmdə görürsən ki, “insanın gülüş haqqını bu gündən sabaha uzanan ümid lağımına”, azadlığını isə “sevinc payına, Ana dilində oxunan mahnının həyəcanına, fəhlənin ləzzətlə işdən ayrılmasına bənzətmək olarmış.
Yazann bədii təfəkkürünün gücü onun sözişlətmə oyununda, qeyri-adi poetik gedişlər etməsində, sözlə cızdığı əsrarəngiz tablolarla, bənzərsiz təsvirlərlə oxucunu heyrətə gətirməsindədir...

Acı yağışlardan göyərmiş şirin bitkilər kimi,
Dayanıb dik, qürurlu qalalarımız.
Yalnız bir daşı yetər
Dünyanın ömür nağılını oxutmaq üçün.
...Ax, kim?
Kim oyadacaq sizi bu ölümcül yuxudan?
Hansı qara bulud,
Hansı yer titrəməsi,
Hansı qan qoxusu?

- kimi fikir zəncirini misralarda sapa düzməyi bacarmasındadır... Hadi Qaraçay “Sonsuzluq” poemasında həyatının ayrılmaz bir hissəsinə, nəfəsinə çevrilmiş “şeir”i də ən mükəmməl təbiət mənzərələrinin fonunda obrazlaşdırır. Onun üçün “İlğım köynəyində iti sivrilib keçmiş ilan ləpiri” olan başıbəlalı yurdunun “əyilib tikanların¬dan öpmək, yanmış qumlarına dodaq basmaq və qısaca olaraq Azad¬lıq heykəlinə tapınmaqdır şeir... Oxucu anlayır ki, şair bu metaforalar vasitəsilə bədii məramnaməsinin əsas istiqamətinin məhz azadlıq- özgürlük olduğunu daha təsirli şəkildə isbata yetirmək istəyib.
Poetik irsində daha çox həzin lirika duyulan Həbib Sahirə bu özəlliyi qazandıran əsərlərini bədii təsvir və bədii ifadə vasitələri ilə böyük zövqlə, əsl şair məharəti ilə bəzəməsidir. Şairin lirikasında, həmçinin poemalarında müşahidə olunan üslubi xüsusiyyətlərdən biri rəğbət bəslədiyi qəhrəmanlarını xüsusi məhəbbətlə təsvir edib, xarakter xüsusiyyətlərini səciyyələndirərkən bədii təsvir və ifadə vasitələri sistemindən sənətkarlıqla istifadə etməsidir. Ümumiyyətlə, epitetlər müxtəlif üsullarla, müxtəlif səviyyələrdə yaradılır. Bu müxtəliflik nəticəsində insan xarakterinin daxili səciyyəsi, zahiri cizgiləri, hal-vəziyyəti öz əksini tapır”.
H.Sahir də “Nərgiz” poemasında mənfi və müsbət qəhrəmanların xarakterinə uyğun, əməllərinə aydınlıq gətirən epitetlər işlədir, onların portretini yaradır. Poemanın baş qəhrəmanı Nərgiz “uzun saçlı, gözəl sona, sarı çiçək, pəri, ceyran, zavallı qız”, hər il ayrı- ayrı ellərdən bir qız qaçıraraq özünə kəniz edən qoca xan isə “El xanı, yaşlı, başlı ağa, aslan, vicdansız, gözəl qızlar ovçusu, yolkəsən, karvansoyan, asi, qan içən, dişi düşmüş heyvan, donqar, çürük başlı qoca” kimi təqdim olunur:

Üç ildir ki, obalarda dəyərsiz,
Həm arvadam, qoca xana, həm kəniz!
Bu vicdansız, gözəl qızlar ovçusu,
Bu yolkəsən, karvan soyan, bu asi,
Indiyədək bir çox gəlin qaçırmış.
Bir çox quşun qol-qanadın o qırmış.

Göründüyü kimi, H.Sahir bədii-estetik vəzifələrin həllində qəhrəmanın zahiri görkəmindən bir açar kimi istifadə edir. Bu, daha çox obraz haqqında ümumi təsəvvür yaratmaq məqsədi güdür. Şair portret təsvirlərində epitetlərin köməyi ilə obrazın xarici görkəmini onun fərdi keyfiyyətlərinin təmsilçisinə çevirir. Sahir şeirin texnikasını, qayda-qanunlarını, tələblərini, modern və klassik şeir ənənələrini, təsəvvüf və rəmzlər sistemini dərindən mənimsəyib. O, az sözlə daha çox məna ifadə etməyi, ana dilinin zənginliyindən, şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələnməyi bacaran qüdrətli söz ustadıdır. Mükəmməl poetik obrazları, bitkin bədii təsvirləri, orijinal peyzaj və mənzərə sistemi onun böyük məhəbbətini, insana yüksək humanist duyğular, bəşəri hisslər, vətən¬pərvərlik ruhu aşılayan gözəllik və sevgi dünyasından xəbər verir. Sahirin şeirlərindəki son dərəcə uğurlu bədii ümumiləşdirmələr, orijinal təşbeh, epitet və metaforalar təzad, təkrir və oksimaronlar fikrin bədii-emosional təsir gücünü artırır, onun yüksək müşahidə qüdrətini, hər birimizin baxdığı, lakin görə bilmədiyi həyat hadisələrinə əsil şair baxışı, şair yanaşması, təhlilidir.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru