21 Azərə gedən yol - 10-cu yazı Güney Azərbaycan

21 Azərə gedən yol - 10-cu yazı

Azərbaycan demokrat firqəsinin yaradılması

Müraciətdə dünyanın beynəlxalq durumu şərh edildikdən sonra, əyalət və vilayət əncümənlərinə fəaliyyət üçün icazə verilməsi irəli sürülür. Müraciətdə əncümənlərin təzə bir fikir olmadığı və onun «Məhəlli ixtiyarat və federasion üsulunun səthi və sadə» forması olduğu qeyd edilir və dövlətdən əncümənlərin fəaliyyətə başlamasına icazə verilməsi tələb olunur. «Biz istəyirik ki, İranın istiqlaliyyətini və tamamiyyətini hifz etməklə bərabər, öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq». Firqənin yaradılması ilə milli azadlıq mübarizəsi tarixində yeni bir dövrün başladığı elan olunur. Müraciətdə bildirilirdi ki, alman faşizminin məğlubiyyəti ilə bağlı bir millətin başqa bir millət üzərində ağalığına son qoymaq vaxtının çatdığı bir zamanda, Azərbaycan xalqının azadlıq mübarizəsinə rəhbərlik etmək üçün möhkəm və intizamlı bir təşkilata ehtiyac olduğundan Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. Müraciətdə Azərbaycan Demokrat Firqəsi sinfi mübarizəni qəbul etmədən, bütün vətənpərvər milli qüvvələri firqə ətrafında Azərbaycanın azadlığı və hüquqları uğrunda birləşməyə çağırır.
Bu çağırışla əlaqədar ADF aşağıdakı tələbləri (12 şüarı) irəli sürmüşdü. Həmin tələblərin qısa məzmunu belədir:
- İranın istiqlaliyyət və bütövlüyü saxlanılmaqla Güney Azərbaycana daxili azadlıq və muxtariyyətin verilməsini;
- Əyalət və vilayət əncümənlərinə demokratik seçkilərin başlanmasını;
- Azərbaycan məktəblərində üç sinfə qədər dərslərin ancaq Azərbaycan dilində aparılması, sonrakı siniflərdə tədris ana dili ilə bərabər fars dilində aparılması və milli darülfünun açılışına səy edilsin;
- Sənayeni inkişaf etdirmək, əl və maşın sənayesini genişləndirmək, yeni sənaye müəssisələri yaratmaq, işsizliyin aradan götürülməsinə çalışmaq;
- Daxili və xarici ticarətin inkişafı və bu sahəyə mərkəzi dövlət tərəfindən törədilən süni maneələrin aradan qaldırılması;
- Azərbaycan şəhərlərinin abadlaşdırılması və bunun üçün şəhər əncümənlərinin müstəqil fəaliyyətinə meydan vermək, Təbrizin abadlaşdırılmasına və su təchizatının yaxşılaşdırılmasına çalışmaq;
- Kəndlərin ehtiyaclarını təmin etmək üçün əsaslı addımlar götürülsün, ərbab-kəndli münasibətləri nizama salınsın, yersiz vergilər ləğv edilsin, xalisələrin və Azərbaycandan qaçan mülkədarların torpaqları əvəzsiz olaraq kəndlilər arasında bölüşdürülsün, kəndlilər torpaq və əkin vasitələri ilə təmin edilsin;
- Azərbaycan üçün fəlakət olan işsizliyin qabağını almaq üçün təsirli tədbirlər paketi hazırlamaq və icra etmək, fabrik, zavod, ticarət, əkinçilik, yolların çəkilişi o dərəcədə sürətləndirilməlidir ki, işsizlərin işlə təmin olunmasına kömək göstərsin;
- Məclisə seçkilər azad və demokratik qaydada keçirilsin, Azərbaycan əhalisinin sayına görə deputatların heç olmasa, üçdə biri Azərbaycandan olmalıdır, halbuki Azərbaycana cəmi 20 yerdən artıq verilmir;
- Azərbaycandan toplanan vergilərin yarıdan çoxu Azərbaycanın ehtiyaclarına sərf olunsun və qeyri-müstəqil vergilər əhəmiyyətli dərəcədə azadılsın;
- Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlərlə yaxşı münasibətin yaradılmasını istəyir, bu işə mane olan şəxslər dövlət işlərindən kənarlaşdırılsın və onların ictimai və siyasi fəaliyyətlərinə meydan verilməsin.
Müraciətin axırında onu imzalayanlar əmin olduqlarını bildirirlər ki, istər daxildəki və istərsə də xaricdəki vətənsevər azərbaycanlılar bu müqəddəs məqsədə çatmaqda onlarla həmrəy olacaqlar. Biz əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Güney Azərbaycanın islah və tərəqqisi təbii olaraq İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin cəngəlindən nicat tapacaqdır.
Müraciətdən aydın görünür ki, ADF yarandığı gündən İranın ərazi bütövlüyü daxilində əncümənlərin fəaliyyətinə imkan vermək çərçivəsində Güney Azərbaycana muxtariyyət istəmişdi. Bunun üçün məşrutə dövründə qəbul edilmiş Qanun Əsasinin Əyalət və Vilayət Əncümənlərinin səlahiyyətlərinə aid 87, 89, 91, 98-ci maddələrindəki hüquqların genişləndirilməsi, Əyalət və Vilayət Əncümənlərinə müstəqilliyin verilməsi istənilirdi. Müraciətdə muxtariyyətin federativ dövlət səviyyəsinə qaldırılması arzulanır, bir sıra çoxmillətli demokratik ölkələrdə millətlərin federativ dövlət sistemində yaşadıqları qeyd olunur. «...Milli ixtiyarat və federasion üsulunu gözləməklə millətlərin tam fərdləri məmləkətin müqəddəratını həll etmək və dövlət işlərinə müdaxilə etməyə müvəffəq olmuş». Millətlərin öz daxili işlərini özlərinin həll etməyi mərkəzi dövlətə zərbə olacağını iddia edənlərə cavab olaraq müraciətdə deyilir ki, «...Məşrutəxahlıq cərəyanını vücuda gətirənlər və İran qanun əsasını yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib, çalışmışlar ki, bu vasitə ilə ümumiran xalqını məmləkətin müqəddəratını təyin etməkdə şərik etsinlər. ... Əyalət və vilayət əncümənlərindən sükut ilə keçilməsi İran millətlərinin ictimai hüquqdan mərhum edilməsi deməkdir». Daha sonra müraciətdə göstərilir ki, İrandakı rejim bu məmləkətdə yaşayan millətlərin hüququna hörmət etməyib, onlara muxtariyyət verməsə, onlar «zülm və fişardan, yoxsulluqdan və biçarəlikdən yaxa qurtara bilməyəcəklər».
Beləliklə, ADF-nin yaradılması ilə bağlı müraciət müxtəlif sosial-siyasi, iqtisadi və mədəni tələblərlə yanaşı, ölkədə Əyalət və Vilayət Əncümənlərinin azad və müstəqil fəaliyyətinə icazə verilməsi tələbi, qeyri-fars xalqlara muxtariyyət verilməsi və ya federativ dövlət yaradılması təklifi ilə tamamlanır.
Güneydəki hadisələrin (1941-1945) canlı şahidi olmuş görkəmli alim və ədəbiyyatşünas C.Xəndan özünün «Uğurlu yol» kitabında yazır ki, 12 şəhrivər hadisəsi «...nəinki İran mürtəcelərini, hətta onların xarici havadarlarını da böyük təşvişə salır. Yaşadığımız əsrdə baş verən inqilabların hamısına Şərq ölkələri içərisində birinci dəfə cavab verən Azərbaycan olub. O, bu dəfə daha mütəşəkkil bir şəkildə öz istiqlaliyyəti uğrunda mübarizəyə girişmişdi». Daha sonra müəllif yazır: «Təbriz, Xoy, Rzaiyyə və başqa şəhərlərdə divarlara vurulan bu müraciətnaməni oxumaq və dinləmək üçün toplanan adamların sayını müəyyənləşdirmək çox çətin idi. Demokratik mətbuat dərhal bu müraciətnamə haqqında məlumat verir, qəzetlərin çoxu onun əsas yerlərini dərc edirdilər».
ADF-nin yaradılması ilə bağlı milli tələblərlə mərkəzi hökümətə ünvanlanan müraciətnamə ümumən İranda, o cümlədən Azərbaycanda irtica qüvvələrini qəzəbləndirməklə yanaşı, həm də çaşdırmışdı. Azərbaycandakı hadisələrə rəğbət göstərən və «12 Şəhrivər» müraciətnaməsi haqqında Tehranda və digər iri şəhərlərdə məlumat verən qəzetlər dövlət tərəfindən bağlanıldı, naşirlər təqib olunmağa başlandı. Hətta iş o yerə çatdı ki, Tehranda yerləşən «Birləşmiş mətbuat şurası» 1945-ci il sentyabrın 15-də İran rejiminin özbaşnalıq və zorakılığı haqqında Londona müttəfiq dövlətlərin Xarici İşlər Nazirləri Şurasına şikayət teleqramı ilə müraciət etmək məcburiyyətində qaldı.
Tehran rejiminin və irtica qüvvələrinin Azərbaycandakı hadisələrin qabağını almaq üçün bütün vasitələrə (terror, həbs, təqib, aldatma və s.) əl atmasına baxmayaraq, milli, demokratik və azadlıq şüarları ətrafında geniş kütlənin birləşməsi və mübarizəyə qoşulmasının qarşısı alına bilmədi.
1945-ci il sentyabrın 3-də (1324-cü il şəhrivərin 12-də) ADF-nin əsasını qoyan 77 nəfər görkəmli azərbaycanlı şəxsin imzası ilə Azərbaycan Demokrat Firqəsinin yaradılması haqqında müraciətnamə ilə yeni bir siyasi təşkilatın - Azərbaycan Demokrat Firqəsinin yaradıldığı elan olundu. ADF-nin yaradılmasında Məşrutə inqilabının və Şeyx Məhəmməd Xiyabani hərəkatının fəalları, eləcə də məşhur «53-lər»in nümayəndələri yaxından və fəal iştirak etmişlər. Bunlardan Hacı Əzim xan, Nizam əldövlə Rəfii, Müstəşardövlə, S.C.Pişəvəri, Nurulla Yekani, Nemət Ağavəli Səmsam, Şeyx Borhani, Əli Fitrət, Əli Qəhrəmani, Tağı Şahin, Təsuclu Camal, Mirkazım Ələm, Cəfər Ədəbi, Mirəbdülhüseyn Faiqi və s. bu şəxsiyyətlər Məşrutə hərəkatında və Xiyabani qiyamında yaxından iştirak etmiş və bir çoxu isə Rza şah diktaturası əleyhinə ağır və məşəqqətli mübarizə yolu keçmiş məşhur insanlar idilər. Firqənin yaradılması və onun müraciətnaməsində irəli sürülən müdəalar ilk gündən azadlıq təşnəsi olan bir millətin bütün sinif və zümrələri tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Bunu firqənin rəhbərliyi adına Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif peşə sahiblərindən: fəhlə, kəndli, tacir, mülkədar, ziyalı, ruhani və s. gələn çoxsaylı teleqram və məktublardan bir daha aydın görmək olur. Firqənin yaradılmasından 2 gün sonra (14 şəhrivər) nəşrə başlayan «Azərbaycan» qəzeti 50 ildən çox bu firqənin mərkəzi orqanı kimi çap olunmuş və kütlələri firqə ətrafında toplamaqda, məram və məqsədi doğma dildə onlara çatdırmaqda əvəzsiz rol oynamışdı. «12 Şəhrivər» müraciətnaməsindən bir həftə sonra Təbrizin «Şire-Xurşid» teatrosunun salonununda S.C.Pişəvəri ADF-nin təsisi və onun şüarları ilə bağlı geniş məzmunlu və əhatəli bəyanat vermişdi. 90 dəqiqəlik bu bəyanat, əslində, yeni müraciətnaməni siyasi xadimlərlə yanaşı elm və mədəniyyət xadimi, incəsənt nümayəndələri, ədliyyə vəkilləri, müəllimlər, fəhlələr, kəndlilər, sənətkarlar, istehsal müəssisə sahibləri, iş adamları və s. imzalamışlar.
S.C.Pişəvəri deyirdi: «Təkrar edirəm: biz İranın istiqlalına kamilən əlaqəməndik. Onun bir qarış torpağını ayrı bir ölkəyə vermək fikri əbədən meydanda yoxdur. Bizim istəyimiz Qanuni-əsasinin bizə verdiyi daxili haqq və muxtariyyətdən ibarətdir. Dil məsələsi də bunun cüzvüdür». «Azadlığı verməzlər, alarlar» şüarına şərik çıxan S.C.Pişəvəri «...haqqı almaq şayəd asan bir işdir, onu saxlamaq şərtdir», - deməklə xalqı alınacaq azadlığı əldə saxlamağı bacarmağa çağırırdı.
«12 Şəhrivər» bəyannaməsi ilə yarandığını elan edən ADF-nin sıralarına ilk gündən axın başlandı. Bunun başlıca səbəbi illərdən bəri milli zülm və əsarət altında yaşayan, hüquqları əllərindən alınmış insanların firqənin müraciətindəki müddəalarda öz istək və arzularının həyata keçirilməsi işığını görməsi idi.
1945-ci il sentyabrın 7-də İXP-nin Azərbaycan Əyalət təşkilatı geniş konfrans çağırdı. Konfransın gündəliyində bir məsələ dururdu: Yeni yaranmış ADF-yə və «12 Şəhrivər» müraciətnaməsindəki müddəalara münasibət. Konfrans iştirakçılarının çox böyük əksəriyyəti ADF-nin Azərbaycan xalqının ehtiyaclarına və milli istək və tələblərinə düzgün yanaşdığını qeyd etdikdən sonra İXP Azərbaycan təşkilatı rəhbərlik və təşkilati cəhətdən İXP ilə əlaqəni kəsib, Azərbaycan Demokrat Firqəsinə birləşdiyi (ilhaq olunduğunu) haqda qərar qəbul edirlər. Bu qərardan 5 gün sonra, 1945-ci il sentyabrın 12-də İXP-nin Azərbaycandakı bütün təşkilatları ADF-nin sıralarına daxil oldular.

Əkrəm Rəhimli - Bije