“Azərbaycan” qəzetinin səhifələrində  - 45-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 45-ci yazı

***
El adətlərimizə aid kiçik bir epizodu Fəthi Xoşginabinin kəndlilərin həyatından bəhs edən "Zeynəb" adlı hekayəsindən diqqətinizə təqdim edirik
...
Çox mübarəkdir. Allah xeyir versin, Allah peşimanlıq verməsin, - səsi göyə qalxdı. Amma şirni içməyin qərarı qaldı sabah gecəyə. Sabah gecə Kəlbə Məhəmməd Həsən dedi ki, “day dünənləri bir söz deyə bilmədim, ancaq özünüz bilirsiz ki, mənim bir dövrə kəndlərdə xalqın içində bir ehtiramım, gəl-gedim vardır”.
O yan, bu yan, atan yaxşı, anan yaxşı, kəlbə Məhəmməd Həsən batman yarım qənd, bir girvənkə çay, iki batman kişmiş, iki batman iydə, 10 tümən başlıq istədi...
Fərəculla xala oğlu hirslənib “day deməyindən xalxı çapacaqsan day? – dedi. Sonra əlavə etdi:
- Bax, qardaş, o ki, qənddir verməyəcəyik. Kişmiş, iydə də batman yarım bəsdir. Qaldı başlıq məsələsi, bir də ki, kəbin. Hələ başlığı deyərik heç! Kəbin də baxarlar anasının kəbininə. Hər necə olsa, bizim boynumuz qılcandı.
Bir Xəlil danışandan sonra axırda barışdılar.
***
Kəndlilərin nəzərində arvad almaq qoyun öküz almaq kimidir. Hətta, demək olar ki, onlar bir qoyun alanda arvad almaqdan daha artıq diqqət edərlər. Kənddə evlənmək üç-dörd cürədir. Ya oğlan ilə qızın anası dilləşər və oğlan qızı qaçırdar. Ya da ki, şirni içərlər. Ya da şirni içməmişdən xeylək (xeyli mənasında – red.) qabaq qızı oğlana nişanlarlar və bir gün görərsüz ki, qız gəlib oğlana. Bu axırıncı məsələ çox ağırdır.
Əslən nişanlı qalmaq oğlan evinə başdan dibə zərərdir. İlin axır çərşənbəsində gərək qıza bir pay aparsınlar. Bayramda mən nə bilim, qara yola bayramlıq versinlər. Ayrı-ayrı söz-söhbətlər əmələ gəlsin.
Qovurmalıq kəsəndə gərək ona bir pay yollasınlar. Ya bu gün xırman sulamada xəşil bişirəndə gərək ona da ən azından bir kasa pay göndərsinlər. Bostan pozanda qızın payın ayırsınlar. Qız da oğlana corab toxuyur. Dolağ altı tikir. Düzdür ki, Zeynəbin elə cehiz-mehizi yoxdur, amma o da ən azından toyu olana kimi 10-12 canamaz, 5-6 cüt corab, 3-4 araqçın, canım sizə ərz eləsin, bu cür xırım-xırda şeylərdən hazırlayacaqdır.
Yəqin siz kənddə evlənmək məsələsinin bu cür sadə olduğuna kəndli olmasanız, təəccüb edərsiz. Amma kənddə yerivüz boş, evlənmək bu cürdür və buna görə də kənddə ərə getməmiş qız çox az olar. Siz kənddə 200-də bir nəfər qız tapa bilməzsiz ki, onun məsələn, 18 yaşı olsun və ərə getməsin.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154, 20.03.1946
***
Mədəniyyət tariximizə aid xəbərlər
Azərbaycan Dövlət Teatrının açılışı
Azərbaycan Dövlət Teatrının aktyor heyəti 1325-ci il (1946/1947) teatr mövsümünün açılışı üçün 3 aydan bəridir ki, ciddi hazırlıq işləri aparmaqda idi. Bu 3 ay müddətində teatr heyəti məşhur Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) “Anamın kitabı” adlı dramasını, Cəfər Cabbarlının “Sevil”, Şirvanzadənin “Namus” və böyük bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasını tamaşaya qoyulmağa hazırlanmışdır. Milli dövlətimizin diqqəti sayəsində hər cür rolların ifası üçün xüsusi olaraq yeni paltarlar və ali dekorlar hazırlanmışdır. Teatr mövsümünün açılışını təntənəli şəkildə təşkil etmək üçün bir açılış komissiyası müəyyən edilmişdir. Teatr cümə axşamı günü mart ayının 28-də (1946) – red.) bağlı tamaşa, 29-da isə açıq tamaşa verməklə açılacaqdır. İlk tamaşa Cəlil Məhəmmədquluzadənin “Anamın kitabı” draması ilə başlanacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154, 20.03.1946
***
Tarixi elanlardan
Yeni il bayramı münasibəti ilə cümə axşamı günü (21.03.1946 – red.) günortadan sonra saat 3-dən 6-ya qədər Milli Hökumətin binasında Baş nazir və dövlət heyəti tərəfindən ümumi görüş təyin edilmişdir. Bütün təbəqələrin nümayəndələri üçün daxil olmaq azaddır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154, 20.03.1946
***
Dövlət başçısının xalqına münasibtdə dərin səmimiyyətini göstərən tarixi bir üzrxahlıq:
Milli vəzifələrimin təxirsiz bir surətdə icra edilməsi lüzumunu və eləcə də sağlamlığımın yaxşı olmamasını nəzərə alaraq bayram günlərində rəsmi və ümumi görüşlərlə kifayətlənib dost və tanışlarımla xüsusi görüşlərdən imtina etdiyim üçün üzr istəyirəm.
Pişəvəri.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154, 20.03.1946
***
Ərdəbildə Milli Qoşun sıralarına çağırış
Ərdəbildə Milli Qoşun (Xalq Qoşunu – red.) sıralarına çağırış münasibəti ilə əhali tərəfindən böyük nümayişlər verilən bir zamanda bütün əhali yüksək sevinclərlə əsgərliyə çağırışı alqışlamışlar. Avropada səfərdə olmuş cənab Qiyami əsgərliyə çağırışla bağlı böyük bir izdihamda iştirak edərkən xalq qoşunları sırasına daxil olmaq üçün həmin izdihamda iştirak edənlərin içərisindən Imanəli Məşədi Əli Oğlu adlı 70 yaşında qoca bir kişi onun da adını Milli Qoşun sıralarına yamağı cənab Qiyamidən və fədai başçılarından xahiş etmişdir. Bu qoca fədai ona etiraz edənlərə demişdir ki, qoşun sıralarına yalnız cavanların daxil olmaları bizim üçün böyük bir təhqir sayılır. Biz heç vəchlə uzaqdan durub baxmağa qane ola bilmərik.
O, cənab Qiyaminin verdikləri cavablara tamamilə etiraz etmişdir. O demişdir ki, əgər qanun da bizim daxil olmağımıza yol verməsə, biz mütləq surətdə daxil olacağıq. Bu qoca çox israr etdikdən sonra Xalq Qoşunlar sıralarında iştirak etməyə müvəffəq olmuşdur. Onun yoldaşı Mirəli Hökmü də ciddi surətdə Milli Qoşunlar sırasında iştirak etməsini tələb edib. Fədailər tərəfindən ona, arvadı və oğlanları ilə birlikdə silah götürüb doğma vətənlərini və milli azadlıqlarını müdafiə etməyə icazə verilmişdir. Bunların Xalq Qoşunlar sırasında iştirak etmələri Azərbaycan xalqının atəşin hisslərindən böyük bir nümunədir.
Azərbaycan xalqı - qoca, cavan, arvad, kişi - hamısı yalnız bir vəzifənin müqabilində özlərini məsul və borclu bilirlər. O da milli azadlığımızı və hökumətimizi müdafiə etmək vəzifəsidir. Tarix heç vaxt Azərbaycan xalqının bu şanlı fədakarlıq hisslərini unutmayacaqdır. Qəhrəman və igid qocalarımız gələcəkdəki cavan nəslimizə böyük nümunədirlər. Milli azadlığımızın gözətçisi olan qəhrəman fədailərimizə eşq olsun.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 153, 19 mart 1946-cı il
***
Tarixi elanlardan
Bütün Azərbaycan cavanlarına bildirilir ki, hərbi zabitlik məktəbi 16.03.1946-cı il tarixindən rəsmi halda fəaliyyətə başlayıb və o üzdən də tələbə qəbul edə bilməyəcəkdir. Xahiş olunur, müraciət olunmasın. Hərbi zabitlik məktəbinin komandiri polkovnik Pənahiyan
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 153, 19.03.194
***
Azərbaycan Milli Hökumətinin aqrar sahədə həyata keçirdiyi siyasətə, kəndə və kəndliyə göstərdiyi təmənnasız qayğıya aid tarixi elanlardan
Möhtərəm bağ sahiblərinə!
Bununla Təbriz, Marağa və onların ətrafında olan bağ sahiblərinə xəbər verilir ki, Kənd Təsərrüfatı Nazirliyi özünün 1325-ci il (1946/1947-ci il üçün – red.) iş proqramında meyvə ağaclarının xəstəlikləri ilə mübarizə etməyi nəzərə aldığı üçün bağ-mülk sahiblərindən xahiş olunur ki, 1946-cı ilin aprel ayının 4-ə kimi öz meyvələrini xəstəlikdən qorumaq üçün aşağıdakı məlumatı Kənd Təsərrüfatı Nazirliyinə və Marağada isə kənd təsərrüfatı idarəsinə versinlər:
1- Bağların sahəsini
2- Ağacların növü və miqdarını
3- Mümkün olduğu qədər xəstəliklərin adı və növü
Nəticədə, əgər bir bağ sahibi istənilən raportu verməsə və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bağında xəstəlik aşkar edilərsə, bağ sahibindən xəstəliklərlə mübarizə xərci ikiqat alınacaqdır.
Azərbaycan Kənd Təsərrüfatı naziri doktor Məhtaş.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbruz, say 153, 19.03.1946
***
Firidun İbrahimi: "Yeni il – yeni həyat"
Azərbaycan xalqının keçmiş tarixinin parlaq dövrlərindən yadigar olan “Bahar bayramı” bu gün gəlib çatmışdır. Biz Azərbaycan xalqı bu gün öz şanlı əcdadımızın bu iftixarlı yadigarı müqabilində ehtiramla təzim edirik və namuslu qəhrəmanlarımızın vətən azadlığı uğrunda apardıqları parlaq mübarizələr barədə xatirələri böyük sevinc və hörmətlə yad edirik.
Uzun qərinələrədən bəri bu birinci dəfədir ki, Azərbaycan xalqı bu şərəfli bahar bayramını tam azadlıq və milli qələbələr şəraitində qeyd edir. Xalımız qəhrəman fədailərin qanları bahasına alınmış bu azadlığın həqiqi dəyərini bilir və yaxşı bilir ki, daha əziz vətənimizin gözəl asimanında istibdadın qara buludlarından əbədi olaraq bir iz görünməyəcəkdir.
Bu gün “Sönməz odlar ölkəsi”nin hər yerində azadlıq simvolları görünməkdədir. Azadlıq günəşi ölkəmizi işıqlandırıb və öz canlandırıcı təsiri ilə millətimizi yeni və məsud bir həyata doğru aparır. Bizim üçün azadlıq hər bir qiymətli hədiyyədən daha da artıq qiymətlidir. Ona görə bütün Azərbaycan xalqı bu yeni ili böyük ümidlər və gülər üz ilə qarşılayır.
Hamı bahar nəğməsin tərənnüm edir. Hamı azadlıq himni oxuyur. Xalqımız: qadın, kişi, qoca və cavan öz müqəddəs ideal və hədəfinə doğru irəli gedir. Milli birliyimiz möhkəmlənir.
Vətəndaşlarımızın gözəl vətənimizə məhəbbəti və onun səadəti uğrunda fədakarlıq hissi daha da coşğunlaşır. Hamı möhmək bir səslə və həyatverici bir ahəng ilə deyirlər: Qəhrəman və azad Azərbaycan xalqına eşq olsun!
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 155, 21.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.