“Azərbaycan”  qəzetinin səhifələrində  - 62-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 62-ci yazı

Yeni bir müvəffəqiyyət

Çərşənbə günü mayın 9-da (1946) şəhər komitəsinin klubu bir həyəcan içərisində idi. Qadınlar və qızlar kluba doğru axın edib gəlməkdə idilər. Hamının simasında bir sevinc və şadlıq əlaməti təcəssüm olunurdu. Bu gün Azərbaycan xanımlarının 3-cü konfransı açılırdı.
Salon dolmuşdu. Hamının gözü bir nöqtəyə dikilmişdi. Bu zaman qadınlar klubunun sədri xanım Daniş tribunaya çıxıb alqışlarla qarşılandı. Konfransı açmaq üçün xanımlardan müvəqqəti sədr seçmələrini istədi. Hamı bir səslə xanım İlhamini sədrliyə qəbul etdilər.
Konfransı açdıqdan sonra xanım Qadiriyə söz verildi. “Qadının vətəndaşlıq hüquqları” haqqında böyük çıxış etdilər. Dəfələrlə onun nitqi gurultulu alqışlarla kəsilirdi. Sonra cənab doktor Həştrudiyan 9 may qələbə gününün əhəmiyyətindən danışaraq Azərbaycan qadınlarının gələcəkdə böyük müvəffəqiyyətlər əldə etmələrini arzu etdi. Bundan sonra 7-ci homənin (firqənin rayon komitəsinin – red.) sədr müavini Səmədzadə “Azərbaycan dili” haqqında böyük məruzə etdilər. O, nitqində tarixi dəlillərlə Azərbaycan dilinin zəngin olmasını sübut edirdi.
Yenə də böyük alqışlar ucaldı. Azərbaycan qadınları və qızlarının iftixarı olan şairə Mədinə xanım (Gülgün – red.) dəfələrlə alqışlar arasında yazdığı “Yeni həyat” şeirini oxudu. Şadlıq hər tərəfi bürümüşdü. Bu zaman xanım Zəri İnsafı sürəkli alqışladılar. O, qadınların ictimai əxlaqı haqqında çıxış etdi. Yenə də ura səsləri ətrafı bürüdü. 8 yaşlı Əkbər Məhəmmədzadə şeir oxudu. Onun sonda “Rəhbərimiz demişdir, biz yolumuzdan dönmərik. Öldü var, döndü yoxdur!” sözlərini deməsi bir daha ura səslərinə səbəb oldu.
Nəhayət, şəhər komitəsinin təbliğat şöbəsinin müdiri Rəhim Cadniku sözə başladı: “Mən şəhər komitəsi tərəfindən sizin 3-cü Azərbaycan qadınlar konfransını səmimi qəlbdən təbrik edirəm (arası kəsilməyən alqışlar). Azərbaycan qadınları, qəhrəman analar, bacılar! Siz böyük iftixar etməyə haqlısınız. Çünki Səttarxan, Bağır xan və Xiyabanilər sizin oğullarınızdırlar. Bu günkü azadlığımızın, xüsusən də qadınların həqiqi hüquqlarının əldə edilməsinə səbəb olan xalqımızın sevimli atası cənab Pişəvəri də sizin oğlunuzdur. Siz buna görə də iftixar etməlisiniz.”
Beş dəqiqədən sonra qocaman artist və yazıçı Əsədinin “Molla bacı məktəbi” komediyası göstərildi. Bu tamaşa siyasi və ictimai baxımdan böyük əhəmiyyətə malikdir. Tamaşaçıların nəzər-diqqətini 8-9 yaşında qızların və uşaqların öz rollarını təbii halda oynamaqları cəlb edirdi. Tamaşa alqışlarla davam edirdi. Bunu da qeyd etmək lazımdır ki, artıq balaca uşaqlar və qızlar Milli Hökumətimizin yaratdığı yeni həyatda öz istəklərinə nail olurlar.
Budur, qocaman artistlər, şairlər, yazıçılar keçmiş irtica dövlətinin təzyiqi nəticəsində həqiqi sənətlərindən əl çəkib məyus olmuşlarsa da, indi artıq milli dövlətimizin sayəsində öz arzularına nail olurlar. Cənab Əsədini təbliğat şöbəsinin müdiri təbrik etdiyi zaman o, böyük ruh yüksəkliyi ilə deyirdi: “Mən artıq siz deyən kimi qocaman deyiləm, mən bu xoşbəxt həyatda özümü cavan hesab edirəm. Əvvəllərdə özümə ölüm istəyirdim halda, indi isə çox yaşamaq arzusundayam. Milli dövlətimizə və xalqımıza minnətdaram.”
Onun sözləri orada olan qadınlara və kişilərə böyük təsir etdi. Həqiqətən bu həyatda hamı çox yaşamaq arzusundadır. Tamaşa qurtarmışdı. Lakin qadınlar oranı tərk etmək istəmirdilər. Balaca qızlar, gəlinlər, qoca qadınlar bir-birinə söz verirdilər ki, milli dövlətin onlara verdiyi həqiqi azadlığı son nəfəslərinə qədər saxlayacaqlar.
Konfrans “Yaşasın azad Azərbaycan qadınları!”, “Yaşasın Azərbaycan oğlunun böyük atası Pişəvəri!” şüarları ilə alqışlanıb qurtardı.

Yazanı: Faiq
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 197, 13.05.1946

***
Ümumi hazırlıq ümumi azadlığın zəmanətidir!

Şübhəsiz, İran azadlıqsevərləri Azərbaycanın indiki böyük vəzifəsini müəyyən etməklə bərabər öz azadlıqlarını Azərbaycan Milli Hökumətinin davamında bilirlər. Azərbaycan xalqı dəfələrlə İran millətinin azadlığından ötrü qiyam etdikdə öz müqəddəs vəzifəsini layiqincə yerinə yetirmişdir.
İran xalqları tamamilə keçmiş qara səhnələrin şahidi olmuşlar.
Minlərlə qurbanlıqların qanı bahasına başa gəlmiş Məşrutiyyət (1905-1911-ci illərin Konstitusiya hərəkatı nəzərdə tutulur – red.) diktator Rza xanın hökuməti ilə 20 ildən artıq bir müddət tətil olundu. Məşrutiyyət qanunlarının adı ilə şəxsi istifadələr edib sifarişli qanunları Milli Şura Məclisindən (Parlamentdən – red.) keçirməklə bütün təbəqələrin hüquqlarını ayaq altına saldılar. Nəticədə İran milləti 20 ildən artıq ictimai və mədəni inkişafdan, təkamüldən geridə qalıb mütərəqqi millətlərlə həmahəng olmağa imkan tapa bilmədi.
Bu təsadüfi bir iş deyildi. Bu məhrumiyyətin əsaslı səbəbləri var idi. O vaxt azadlıqsevərlər vahid bir cəbhə təşkil etməyə imkan tapa bilmədikləri üçün xarici irticaçı siyasətlər nəticəsində məşrutiyyət qəsb olundu. Bu məşrutəni qorumaq üçün xalqda kifayət qədər milli şüur və güc yox idi.
İndi isə İran həssas bir mövqedədir. İran azadlıqsevərləri qəti olaraq hiss etmişlər ki, yalnız demokratik qüvvələr İran xalqının azadlığını təmin edə bilər. Düzdür ki, irica heç bir əməldən utanmadan geri çəkilməyəcəkdir. Amma irtica qüvvələri indi özlərini təhlükədə hiss edərkən əl-ayağa düşüb son qüvvələrini də işlətməkdən əsirgəməyəcəklər. İrticanın bu məğlubiyyəti yalnız azadlıqsevərlərin fəaliyyəti nəticəsindədir.
Biz heç vaxt unuda bilmərik ki, Saed, Bəyat və Sədr hökumətlərinin zamanında Tehran azadlıqsevərləri nə kimi çətin şərtlər altında İran xalqlarının azadlığı uğrunda mübarizə etdilər. Onların mübarizələrini tarix layiqincə qiymətləndirəcəkdir. İstər Azərbaycanda, istərsə də ayrı nöqtələrdə azadlıqsevərlər imkanları qədər İran xalqlarının azadlığını əldə etmək yolunda çalışmaqdan səylərini əsirgəmədilər.
Beləliklə, azadlıqsevərlər indiyə kimi vahid bir cəbhədə irticanın əleyhinə mübarizə aparırdılar.
İndi bütün azadlıqsevərlər müəyyən etmişlər ki, Azərbaycan xalqı öz qiyamı ilə nə kimi mühüm vəzifələri ifa etmişlər.
İndiki olub-qalan azadlıq yalnız Azərbaycan xalqının qiyamı sayəsindədir. Bu azadlığqa bir zərbə vurularsa, bütün İranın azadlığı təhlükəyə düşəcəkdir. Buna görə də indi bütün demokratik qüvvələr vahid bir cəbhədə toplaşıb öz qüvvələrini birləşdirməlidirlər.
Azərbaycan milləti azadlığı yenidən irtica qüvvələrinə verməkdən ötrü əldə etməmişdir. Biz İran xalqlarının azadlığı uğrunda hər cür fədakarlıq etməyə hazırıq. Şübhəsiz, heç bir qüvvə də bu azadlıq prosesinin qarşısını ala bilməz. Azərbaycan xalqı yenə də təkrar edir ki, öz azadlıqlarını qorumaq üçün son nəfəslərinə kimi çalışacaqlar. Qəti olaraq İranın demokratik qüvvələri ilə bu cəbhəni möhkəmləndirib və beləliklə öz azadlıqlarını da təhlükədən xilas edəcəklər. Biz özümüzü İranın məzlum xalqlarına borclu bilməklə öz tarixi şərəfimizi hamıya sübut edəcəyik. Qoy irticaçı siyasətlərin nəticəsində illər boyu əsarət altında qalmış İran milləti nicat tapsın, azad olsun və bundan sonra insan kimi yaşasın.

Həmzə Xoşginabi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 197, 13.05.1946
***

Redaksiyamıza məktub

Aşağıdakı məktubu redaksiyamıza 11 yaşlı Həsən Çeşmazər yazıb və onun dərc olunmasını xahiş etmişdir. Bu kiçik məktub xalqımızın düşüncə və milli şüurundan böyük bir nümunə ola bilər. İndi hətta kiçik uşaqlar da azadlığın nə olduğunu düşünüb və azadlığı sevirlər.

Məktubun mətni: Mənə azadlıq verdi!

Bizim evimizdəki radioya elektrik gəlmirdi. Buna görə mən Təbriz radiosu danışan zaman xiyabana getdim. Yüzlərlə adamlar Təbriz radiosuna qulaq asmaq üçün oraya toplanıb gözləyirdilər.
Təbriz radiosu danışdı. Azərbaycan himnini çaldılar. Hamı bu səsə diqqətlə qulaq asırdı. Mən də özümdən kiçik yoldaşım ilə birlikdə qulaq verirdim. Yoldaşım birdən mənə dedi:
- Elə bil ki, Təbriz mənə dünyanı verdi!
Mən də öz düşündüyüm kimi ona dedim:
- Yox! Təbriz mənə azadlıq verdi.
Doğrudan da, mən ana dilim ilə oxumağa başladığım gündən və öz ana dilim ilə radionun danışdıqlarını eşidəndən düşünürəm ki, Təbriz mənə azadlıq vermişdir.

Çeşmazər.
"Azərbaycan" qəzeti, ADF orqanı, Təbriz, say 198, 14.05.1946

***
Əli oğlunun fəhlələrin həyatından bəhs edən “Suvarılmış poladlar” adlı romanından bir parça

“Fəhlələrdən bir nəfəri hər dəfə hövzə toplantısında “53 nəfər” kitabına etiraz edirdi. O deyirdi ki, “Mən də zindanda qalmışam, 12 il zindanda qalıb mübarizə etmişəm. Nə üçün mənim adımı yazmayıblar?” Deyirdi və qızışırdı. Amma sir-sifətindən belə məlum olurdu ki, bu həbsə düşmüşdüsə də, siyasi fəaliyyətə görə yox, ayrı adi bir işə görə zindana düşmüşdü və hər halda onun adının yazılmaması “53 nəfər” kitabının müəllifi Bozorg Ələviyə aid idi”.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 198, 14.05.1946

***

M.Etimad: "Yaxşı yol"

(Qızıl ordunun gedişi münasibətilə)

Könlümün şanlı diyarın tərk edib canan gedir
Tudə aşiqi qoymuş didəsin giryan gedir
Bir belə canan üçün tək mən deyildim paybənd
Büsbütün ellər düşüb ardınca sərgərdan gedir
Gül-çiçəklə səs gəlir hər bir tərəfdən “yaxşı yol!”
Bir tərəfdən də yanğılı qəlblərdən qan gedir
Bir tərəfdən də taği-nüsrət baş çəkibdir göylərə
Səs salıbdır kim, Qızıl ordu, gəlin, əlan gedir
Bir tərəf milli mədaris, bir tərəfdən izdiham
Bir tərəfdən kürd qardaşlar müntəzəm san gedir
Mikrofondan Məclisi-Milli rəisi nitq edir
Bir tərəfdən ordular alqışlanır, xəndan gedir
Bir tərəfdən tanklar, toplar, zirehpuşlar keçir
Bir tərəfdən hey müsəlsəldir göyə fərman gedir
Zinət almışdı azadlıq yer, çəməndən süngülər
Dalğalanmış ərşə sanki qorxulu tufan gedir
Şanlı ordu elədi minlərcə xidmət bizlərə
Gər gedir bu ölkədən, amma özü şadan gedir
Qurdu azadlıq əsasın zülm evin viran edib
Binəvalar dərdinə çün eliyib dərman gedir
Su çıxartdı altı yerdə, verdi estasyon bizə
İndi bu estasyonun ərşə səsi hər an gedir
Bir belə məhbubəni hərgiz unutmaz Etimad
Çün məhəbbət rişəsin əldə qoyub ünvan, gedir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 198, 14.05.1946
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.